|
Mehriban Əliyevanın "Bakı 2015"in bağlanış mərasimindəki çıxışı -

Bakı Olimpiya Stadionunda Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tribunaya dəvət olunub.
 O, əvvəlcə fəxri qonaqları və tamaşaçıları salamlayıb.

İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən duyduğu fərəh hisslərini diqqətə çatdıran Təşkilat Komitəsinin sədri deyib:

"Qürur hissi duyuruq ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbiri keçirdi".

Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edib.

Mehriban Əliyeva nitqini bu sözlərlə tamamlayıb:

“Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.

Atletlər, sağ olun!

Dostlar, sağ olun!

Azərbaycan, sağ ol!”

Cia.az