|
İcra başçısı veteran futbolçunu həbs etdirmək istəyir

İmişlinin icra başçısı Vilyam Hacıyev “Neftçi”nin sabiq futbolçusu Maşallah Əhmədova 2 milyon manat borcunu ödəməmək üçün onu həbs etdirmək istəyir. “Yeni Müsavat”a daxil olan məlumata görə, V.Hacıyev bundan ötrü müvafiq tapşırıqlar verib. İcra başçısı sabiq futbolçunu dələduzluqda ittiham etdirməklə neytrallaşdırmağa çalışır.

“Qafqazinfo”nun məlumatına görə, M.Əhmədov idmandan ayrıldıqdan sonra özünə kiçik bir MMC qurub. Daha sonra isə tanışları və illərdən bəri qazandığı dostları sayəsində onu böyütməyə başlayıb. Və nəhayət, rayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə qoşulub. Keçirilən tenderlərdən bir neçəsinin qalibi olub. M.Əhmədovla Vilyam Hacıyevin yolları ilk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda kəsişib. Həmin vaxt sözügedən rayonun icra başçısı olan Hacıyev məşhur futbolçunu bəzi tikinti işlərinə cəlb edib. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin bir qismini verərək, yerdə qalanını da ödəyəcəyini vəd edib.
Amma bu anlaşmadan qısa müddət sonra Hacıyev Samux rayonuna icra başçısı göndərilib.

Və Maşallah Əhmədov bu rayonda da tikinti işləri üzrə tenderlərə qatılıb. Orda da bir xeyli işlər görüb və bunun üçün ayrılmış pulların bir qismini ala bilib. Yerdə qalan vəsaiti isə öz cibindən xərcləməli olub. Xəbərdə iddia edilir ki, Samuxda icra başçısı ilə tanınmış futbolçu arasında narazılıq yaransa da, birinci prosesi uzatmaqla onu sakitləşdirməyə nail olub. İmişli rayonunda görülən işlərə də cəlb edilən Maşallah Əhmədov isə tamamilə müflis vəziyyətinə düşüb. Hətta onun aldığı borcları qaytara bilmədiyi də verilən məlumatlar sırasında var. Məlumata görə, İmişli rayonu da daxil olmaqla, digər rayonlarda görülən işlərə görə Vilayam Hacıyevin M.Əhmədova olan ümumi borcu təqribən 2 milyon manat civarındadır. Dəfələrlə tərəflər arasında bununla bağlı söhbət olsa da, icra başçısı pulları qaytaracağı vədi ilə onu inandırmağa nail olub. Amma sonuncu dəfə bu dialoq qarşıdurma ilə nəticələnib və məşhur futbolçu pulunu almayacağı barədə xəbərdar edilib. Bundan sonra Əhmədov bu ilin əvvəllərində İmişli rayon İcra Hakimiyyətinin binası önündə özünü yandırmağa belə cəhd edib. Məlumatlarda iddia olunur ki, həmin vaxt icra hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardımçı olmayıb. Əksinə, Vilyam Hacıyevin yaranmış vəziyyəti yuxarılardan gizlətdiyi deyilir.