Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.
Ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır. İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına layiq görülməsi bunun əyani təsdiqidir.
Görüşdə çıxış edən Endrü Parson İlham Əliyevə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirərək ali mükafatı Azərbaycan prezidentinə təqdim edib:
"Cənab Prezident, Azərbaycanda paralimpiya hərəkatına dəstək göstərdiyiniz üçün Beynəlxalq Paralimpiya Komitəsi adından Sizə “Şərəf” medalını təqdim etmək istəyirəm. Bizim Prezident şəxsən özü bu medalı Sizə təqdim etmək istəyirdi. Lakin əfsuslar olsun ki, səhhəti ilə bağlı kiçik problemlər yaşadığından bunu edə bilmədi. “Şərəf” medalı paralimpiya hərəkatına dəstək göstərdiklərini qiymətləndirmək üçün yalnız dövlət başçılarına verilir və bu hərəkata göstərdiyiniz dəstəyə görə Sizə təqdim olunur".
