Gəncə şəhər sakini Sevinc Süleymanova tərəfindən müraciət məktubu daxil olub.
S.Süleymanova kəskin limfoblastik leykozdan əziyyət çəkən 5 yaşlı qızı Zəhra Süleymanova üçün yardım istəyir. Körpənin yaşamını davam etdirməsi üçün təcili əməliyyat olunması lazımdır: "Zəhra hələ 1 yaş 10 aylıq olarkən xəstələndi. O zaman onu Qanköçürmə İnstitutuna apardıq. Çox təəssüflər olsun ki, uşağa səhv diaqnoz qoydular. Ona görə körpəni də götürüb Minsk şəhərinə getdik. Öz hesabımıza imkanımız çatdığı qədər uşağı müalicə etdirdik. 1 ilə yaxın orada yaşadıq. Ondan sonra isə Azərbaycana qayıtmalı olduq".
S.Süleymanova ölkəyə qayıtdıqdan sonra Milli Onkologiya mərkəzinin uşaq onkologiyası şöbəsində qeydiyyata düşdüklərini deyir. Bir il yarım müddətində həkim Nailə Babayeva uşağı müalicə edib: "Ümumilikdə qızım 2 il yarım müalicə aldı. 2014-cü ilin oktyabrında uşağa sağalması ilə bağlı diaqnoz qoydular. Sevinərək qızımı götürüb evə gəldik. 8 ay müddətində uşaq heç bir iynə, dərman qəbul etmədi. Təxminən bir həftə öncə uşağın vəziyyəti yenidən ağırlaşdı. Yenidən uşaq onkologiyası şöbəsinə qayıtmalı olduq. Məlum oldu ki, uşağın xəstəliyi geri qayıdıb. Ancaq bu dəfə ən ağır formada. Bu dəfə birinci dəfəki kimi deyil. Mütləq əməliyyat olunmalıdır".
Balaca Zəhranın həyatda qalması üçün təcili əməliyyat olunmalıdır. Əməliyyat üçün isə 150-200 min dollar məbləğində vəsait tələb olunur: "Əməliyyat başqa ölkədə həyata keçirilə bilər. Türkiyə ilə əlaqə saxladıq. Dedilər ki, ilik köçürmə əməliyyatı aparılmalıdır. Əgər donor özümüzdən olsa 100-150 min, yox əgər donor xəstəxana tərəfindən olsa 150-200 min dollar məbləğində vəsait lazımdır. Qızımdan da başqa bir oğlum var. Onu da yoxlanış üçün aparacağıq ki, görək uyğunluq var, yoxsa yox. Hazırda Zəhranın vəziyyəti ağırdır. Sabah anamla birlikdə Türkiyəyə gedəcək".
S.Süleymanova Zəhranın vəziyyətinin son 1 həftədə ağırlaşdığını, buna görə də müraciət etmək üçün az vaxtları olduğunu deyir. O, dövlət orqanlarına, özəl müəssisələrə müraciət edə bilmək üçün övladı ilə birlikdə Türkiyəyə gedə bilmədiyini deyir: "Yardımla bağlı burada qalmalıyam ki, lazımlı vəsaiti toplaya bilim. Ona görə Zəhranı anamla birlikdə göndərəcəm Türkiyəyə. 3-4 gün içərisində müraciət etdiyim özəl şirkətlərdən bu gün cavab gəlməyə başlayıb. Onlar deyirlər ki, "gəlin görüşək, sizə köməklik etmək istəyirik". Şükürlər olsun ki, yardım etmək istəyənlər var . Ancaq bizim vaxtımız çox azdı. Zəhranın vəziyyəti olduqca pisdir. Yaşaması üçün burda qalmamalıdır".
S.Süleymanova tək qadın olduğundan uşağın müalicəsi, əməliyyatı, həyatda qalması üçün bütün xeyirxah insanlardan yardım istəyir. O, Bizimyol.info vasitəsi ilə ictimaiyyətə səslənərək, balaca Zəhraya kömək əllərini uzatmalarını xahiş edir: "Bir ana kimi hər kəsə müraciət edirəm. Vaxtımız çox azdır. Analar, valideynlər məni yaxşı başa düşər. Övladımın həyatda qalması üçün sizlərdən yardım istəyirəm. Heç kim xəstəlikdən sığortalanmayıb. Bu gün mənə köməklik göstərənə vaxt gələr mən də öz köməkliyimi göstərərəm. Xahiş edirəm, övladımın sağlamlığına qovuşması üçün bizə yardımçı olun…"
Zəhraya yardım etmək üçün "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank"da hesablar açılıb.
MilliON: bank xidmətləri - AGBank- Cari hesabla mədaxil- müştəri kodu: 321 814
Doğum tarixi - 04.02.1989
Cia.az
