Ermənistandakı son olaylarda “Kremlin barmağı” getdikcə daha qabarıq görünür; Moskvanın işğalçı ölkə rəhbərliyində bir Xocalı canisini digəri ilə - Köçəryanla əvəzləmək niyyəti arxasında nə dayana bilər?
Ermənistanda elektrik enerjisinin bahalaşması ilə start götürən daxili təlatüm və çaxnaşmalar davam edir. Baş verənlərə müxtəlif yanaşmalar və siyasi dəyərləndirmələr var. Ancaq bütün hallarda işğalçı ölkədə cərəyan edən olaylar yüzdə-yüz blokada şəraitində olan bir ölkədə əhalinin acınacaqlı sosial-iqtisadi duruma düşməsinin bariz nümunəsidir.
Müharibənin və həll olunmamış Qarabağ məsələsinin doğurduğu ağır iqtisadi problemlər, əsas qonşular - Türkiyə və Azərbaycanla normal əlaqələrin yoxluğu, ciddi təbii sərvətlərin və dənizə çıxışın olmaması, son 20 ilin bütün iri energetik-kommunikasiya layihələrindən kənarda qalma və təcrid olunma ona gətirib çıxarıb ki, Ermənistan iqtisadiyyatı faktiki çöküş ərəfəsinə gəlib, ölkədən güclü emiqrasiya baş verib, yerdə qalan əhali isə ac-yalavac gündədir. Belə lümpen kütlə isə sözsüz ki, Rusiya da, ABŞ da, digər regional və qlobal oyunçular da asanca manipulyasiya edib özlərinin bölgəyə yönəlik geosiyasi maraqlarını gerçəkləşdirməyə çalışacaqlar.
***
Siyasi analitiklərin bu xüsusda şərhləri də maraqlıdır. Məsələn, politoloq Rasim Musabəyov hesab edir ki, Ermənistan iqtisadiyyatı yalnız işğal altındakı Azərbaycan torpaqlarından, Dağlıq Qarabağdan çıxacağı təqdirdə normallaşa bilər: “Azərbaycana qarşı ərazi iddialarından imtina və Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan iqtisadiyyatını əlavə 200-300 milyon dollar xərcdən azad edəcək. Nəticədə Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası Ermənistan iqtisadiyyatına əlavə qazanclar gətirəcək”
Politoloq Mübariz Əhmədoğluna görə də məhz obyektiv iqtisadi faktorların hesabına Ermənistanda belə vəziyyət yaranıb (“Trend”). Onun sözlərinə görə, ABŞ, Avropa Birliyi, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistan iqtisadiyyatına siyasi, milli, dini yanaşması heç bir pozitiv təsir göstərə bilməyib: “Bir neçə ay öncə BVF-nin Ermənistandakı nümayəndəsi Ermənistanın iqtisadi inkişaf perspektivlərini tərənnüm edən iclas keçirdi. Hətta yerli ekspertlər onu hökumətə yarınmaqda ittiham edərək, iclası yarımçıq tərk etdilər. Əsas mübahisə ölkənin iqtisadi inkişaf perspektivləri və inkişaf tempi barədə fikirlərin müxtəlifliyi idi. İndi həmin nümayəndə etiraf edir ki, Ermənistan dövlət borcuna qulluğa görə qeyri-komfort zonadadır”.
Onun fikrincə, beynəlxalq maliyyə qurumlarının Ermənistana yanaşmasında iqtisadi amillərdən daha çox korrupsiya və siyasi amillər rol oynayır: “İşin ən maraqlı cəhəti ondadır ki, regional əməkdaşlıq və inteqrasiyadan danışan Qərb Azərbaycanın Ermənistanla regional layihələrlə bağlı əməkdaşlıq təkliflərinin heç birinə dəstək verməyib. Nəticə bəllidir: Ermənistan dövlətçiliyi süquta doğru gedir, erməni xalqı isə sosial-iqtisadi problemlərin girdabındadır. Bu gün tam əsasla demək olar ki, erməni xalqının başına gələn faciələrə Qarabağ klanı ilə bərabər Qərb də məsuliyyət daşıyır. Xüsusilə ABŞ Ermənistanla bağlı paradoksal siyasət aparır: sözdə özünü Ermənistanın müstəqilliyinin, Rusiyadan ayrılmasının tərəfdarı kimi göstərir, reallıqda isə onun Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşmasına heç bir dəstək vermir və bununla da Ermənistanı Rusiyanın forpostu olmağa itələyir. Hər halda, Ermənistan regional iqtisadi layihələrə qoşulsaydı, Azərbaycandan neft-qaz məhsulları ala bilsəydi, elektrik enerjisini Türkiyəyə sata bilsəydi, Ermənistanın dövlətçiliyi möhkəmlənər, əhalinin sosial iqtisadi vəziyyəti yaxşılaşardı. Bunun üçün Dağlıq Qarabağ probleminin həlli təbii ki, əsas şərtdir”.
***

Ancaq fərqli fikir daşıyıcıları da var. Məsələn, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Orucluya görə, Ermənistanda baş qaldıran etiraz aksiyalarının arxasında Rusiya dayanır (axar.az). Onun sözlərinə görə, kütləvi aksiyaların arxasında hələlik heç bir siyasi qüvvənin görünməməsi müəyyən dolaşıqlıq yaradır: “Bu, Rusiyanın təşkil etdiyi bir işdir. Adətən heç bir aksiya kortəbii baş vermir və onun təşkilatçıları olur. Təşkilatçıların görünməməsi bu işin arxasında Rusiyanın olmasına işarə edir. Ermənistan hakimiyyətinin daxilində hansısa qüvvələrin olması isə ikinci ehtimal olaraq qalır. Bu da anlaşılandır. Rusiya çalışır ki, Serj Sərkisyanın hakimiyyətini maksimum dərəcədə zəiflətsin və ya ən azı növbəti seçkilərdə Sərkisyan hakimiyyətə öz adamını gətirə bilməsin. Çünki mətbuatdan və verilən müxtəlif açıqlamalardan belə bəlli olur ki, Rusiyanın hakimiyyətə gətirmək istədiyi bir fiqur var. Bu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryandır. Əgər Sərkisyan hakimiyyətini bu yolla ram etmək mümkün olmasa, proseslər hətta inqilaba qədər gedib çıxa bilər. Sərkisyanın vəziyyəti nəzarətə götürəcəyi də hələlik istisna edilməməlidir. Ancaq təbii ki, bütün hallarda bu cür aksiya və qarşıdurmalar hakimiyyətin mövqeyini sarsıdır”.
***
Köçəryanın hakimiyyət olimpinə qayıtmaq üçün ciddi şəkildə çalışması və bu yöndə Kremldən “xeyir-dua” almağa səy göstərməsi təzə məsələ deyil - hərçənd Ermənistan daxilində ona Sərkisyan kimi Qarabağ klanının odioz fiquru olduğu üçün münasibət isti deyil. Ermənistan toplumu əslində bu klandan çoxdan xilas olmaq istəyir.
Ancaq Rusiya həmişəki kimi, öz maraqlarından çıxış edir və əsas hədəfi də odur ki, Qarabağ münaqişəsinin həlli onun nəzarətindən çıxmasın. Köçəryanın qayıdışı, yəni hakimiyyət olimpində bir Xocali canisinin digəri ilə əvəzlənməsi problemin həllini daha da uzaqlaşdıracaq və qəlizləşdirəcək. Bu mənada onun iqtidara dönüşü Azərbaycanın maraqlarına da uyğun ola bilməz. Azərbaycan üçün ən optimalı Ermənistanda Qarabağ klanına daxil olmayan, “Müharibə partiyası”nın üzvü olmayan bir şəxsin hakimiyyətə gəlməsidir. Fəqət, Ermənistanı ovucunda saxlayan Rusiya buna imkan verəcəkmi?
Sual budur. Məsələ ondadır ki, Qərbin hər cür dəstək verdiyi Ukrayna kimi iri dövləti qarışdıran Rusiya balaca bir vilayəti boyda olan forpost Ermənistana qarşı istənilən ssenarini asanca həyata keçirə bilər. Unutmaq olmaz ki, Ermənistanda 102 saylı Rusiya hərbi bazası var və ölkəni rus sərhədçiləri qoruyur.
Hər necə olmasa, Rusiyanın Ermənistandakı etirazlardan istifadə edib Qarabağ kartı ilə təzə bir oyuna başlayacağı istisna deyil. Bu oyun Kremlə gərgin münasibətdə olduğu Qərbə bir daha Qarabağ məsələsində əsas söz sahibinin kim olduğunu göstərmək üçün lazım ola bilərdi. Başqa yandan, Köçəryanın hakimiyyətə qayıdışı Qarabağla bağlı İrəvanın maksimalist mövqeyinin qalması deməkdir ki, bu da Moskvaya əl verir. Ən azı, indiki mərhələdə.
Cia.az
