Qurumun Azərbaycanla bağlı qətnaməsindən “işğal” sözünün çıxarılması qalmaqal yaradacaq...
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında ölkəmizlə bağlı qəbul edilən qətnamə layihəsindən “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər 7 rayon” ifadəsi çıxarılıb.
Əfsus ki, erməni deyən oldu. Azərbaycan üçün, Dağlıq Qarabağdan ötrü mühüm, prinsipial olan bu ifadə erməni nümayəndə heyəti və onun AŞ PA-dakı havadarları sayəsində kiçik səs üstünlüyü ilə qətnamə layihəsindən çıxardılaraq, abstrakt “Dağlıq Qarabağ münaqişəsinin nəticələri” cümləsi ilə əvəzlənib.
Gözlənildiyi kimi, Azərbaycan tərəfini daha zəif durumda göstərmək üçün həmin cümlənin əleyhdarları (erməni deputatlar və onların qurumdakı dostları) müzakirələr zamanı vurğunu məhz ölkəmizdə insan haqlarının və demokratiyanın durumuna, çoxsaylı siyasi dustaqların mövcudluğu üzərinə saldılar və nəticədə istəklərinə nail oldular. Halbuki məntiqlə təməl insan haqlarının, demokratiyanın durumu bir ölkənin başqa ölkənin ərazisini işğal etməsinə heç bir əsas və haqq vermir.
Bəs necə oldu, cəmi bir neçə il öncə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi barədə ayrıca qətnamə qəbul edən AŞ PA indi öz mövqeyinə sayğısızlıq edərək, əslində isə prinsipsizlik göstərək, Azərbaycana dair məruzədə bu mövqeyin təzahürü olan ifadəni saxlamağa gücü çatmadı? Azərbaycana qarşı bu addımın hansı nəticələri ola bilər.
Politoloq Qabil Hüseynli AŞ PA-nın bu addımının beynəlxalq hüquqa zidd, işğalı görməməzlikdən gəlmək, işğalçıya işğalını davam etdirməsi üçün stimul vermək olduğunu bildirdi: “AŞ PA-nın bu addımı nə siyasi, nə hüquqi yorumlanması mümkün olmayan rüsvayçı bir addımdır. AŞ PA bu hərəkəti ilə Azərbaycan ictimaiyyətində olan-qalan etimadını da itirmiş oldu. Necə ola bilər ki, G7 dövlətləri 15 gün bundan əvvəl toplanıb ərazi bütövlüyü prinsipini ön plana çəkir, indi AŞ PA işğal sözünü sənədindən çıxarır? Bu, açıq-aşkar göstərir ki, AŞ PA-da erməni lobbisinin təsiri var. Azərbaycana qarşı olan bu davranış da həmin lobbinin təsiri ilə baş verib. Bir səbəb isə məncə, Almaniya ilə münasibətlərin pisləşməsi ilə bağlıdır. Oradakı müəyyən qruplar var ki, Almaniyanın təsiri altındadır”.
Politoloqun fikrincə, AŞPA-nın sözügedən hərəkəti ciddi qalmaqala çevriləcək: “Azərbaycan təcili surətdə AŞ PA-ya nota göndərməli və qətnaməyə işğal sözünün daxil olunmasını tələb etməlidir. Əks təqdirdə, bu məsələ BMT müstəvisinə çıxarılmalıdır. Yəni bizim şikayət etmək üçün kifayət qədər yerlərimiz var. Şikayət edib o sənədi ləğv etdirmək olar”.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə özünün twitter səhifəsində məsələyə münasibət yazıb. N.Məmmədov qeyd edib ki, Avropa İttifaqının bəzi strukturları ilə birlikdə AŞ PA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. “Biz necə istəyirik, o da olmalıdır” prinsipi əsasdır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.
Cia.az
