Elxan Şahinoğlu: “Ukrayna hakimiyyətinin başı indi qarışıb Avropa və Amerika istiqamətinə, digər istiqamətlər yaddan çıxıb”
Azərbaycanla Ukrayna arasında uzun illər mövcud olan isti münasibətlərdə son vaxtlar bir soyuqlaşma müşahidə olunmaqdadır. Bir çox ekspertlərin fikrincə, Azərbaycanın son vaxtlar Rusiya ilə yaxınlaşması Ukraynanı narazı salır. Bir sıra ekspertlər isə hesab edir ki, Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin soyuqluğu Ukrayna ilə münasibətlərə təsirini göstərir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Ukrayna hakimiyyəti son vaxtlar bütün diqqətini Amerikaya və Avropa Birliyinə yönəltdiyindən digər mühüm istiqamətləri yaddan çıxarıb: “Əslində Ukrayna prezidenti Pyotr Poroşenko müəyyən fürsətləri əlindən qaçırdı. Birinci fürsət o idi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 apreldə Çanaqqala zəfəri münasibətilə təşkil edilən mərasimə onu da dəvət etmişdi, lakin Poroşenko həmin mərasimə qatılmadı. Halbuki Ukrayna prezidenti bu dəvətdən istifadə etsəydi, xeyli xal qazana bilərdi. Çünki həmin gün Rusiya prezidenti Vladimir Putin İrəvana getdi. Bununla da Türkiyənin prezidentinin, siyasi dairələrinin, ictimaiyyətinin qınağına səbəb oldu. Həmin vaxtda Poroşenko Çanaqqalada olsaydı, bu, həm Türkiyə prezidentinin, həm siyasi dairələrin, həm də ictimaiyyətin daha çox dəstəyini qazanmış olardı. Amma Poroşenko bu fürsətdən istifadə etmədi. İkinci fürsət Bakıda idi. Bunu da Poroşenko əldən verdi. Azərbaycanda keçirilən Avropa Oyunlarının açılışına gəlmədi. Bəzən ukraynalı həmkarlarımla söhbət edəndə mənə arqument gətirirlər ki, Rusiya prezidenti orada olduğu üçün Poroşenko gələ bilməzdi. Amma mən bu arqumenti qəbul etmirəm. Çünki Rusiyanın Gürcüstanla da münasibətləri yoxdur. Ancaq Gürcüstanın baş naziri Bakıya gəlmişdi və oyunların açılış mərasimində iştirak etdi və Putinlə heç salamlaşmadı. Yəni öz mövqeyindən çıxış etdi. Poroşenko da gəlib həmin tədbirdə iştirak etsəydi, Azərbaycanla münasibətlərə bu ancaq müsbət təsir edə bilərdi. Maraqlı fakt ondan ibarət idi ki, Avropa Oyunları açılanda Ukrayna millisi üçüncü milli oldu ki, Azərbaycan tamaşaçıları ən çox onlara əl çaldılar. Poroşenko həmin anda stadionda olsaydı bu, Ukrayna-Azərbaycan münasibətlərinə daha çox impuls verə bilərdi”.
Siyasi ekspertin sözlərinə görə, bütün bunların qarşılığında Ukraynada Azərbaycanla münasibətlərə kölgə salan açıqlamalar və fikirlər əslində yersizdir: “Çünki tutaq ki, Azərbaycan BMT-də də birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünə səs verib. Halbuki Ermənistan səs verməyib. Mənə qəribə gəldi ki, mən Ukraynaya dəfələrlə gedəndə Ermənistanın səs verməməsinə münasibət bildirən yox idi. Mən qəzəblənirdim ki, Maydanda Ermənistanla yanaşı gizlincə ”Dağlıq Qarabağ"ın da “bayrağı” dalğalanırdı. Dəfələrlə ukraynalı həmkarlarımın diqqətinə çatdırırdım ki, necə ki siz Donbas separatçılarını qəbul etmirsiniz, Qarabağ separatçılarının onlardan fərqi yoxdur, nədən separatçıların bayrağı Maydanda dalğalanır? Bu da əslində ikili standartdır Ukrayna tərəfindən. Ukraynanın milli və təhlükəsizlik maraqları diktə edir ki, Azərbaycanla strateji tərəfdaşlığı genişləndirsin. Poroşenkonun Azərbaycana səfəri nə qədər tez reallaşsa, bu, bir o qədər ikitərəfli əməkdaşlığa xeyir verə bilər. Mən bir proqnoz da vermişdim ki, Mixail Saakaşvilinin Odessaya qubernator təyin olunması Azərbaycan-Ukrayna əməkdaşlığına bir az təkan verər. Çox təəssüf ki, Ukrayna hakimiyyətinin başı indi qarışıb Avropa və Amerika istiqamətinə, digər istiqamətlər yaddan çıxıb".
E.Şahinoğlu onu da dedi ki, Ukrayna ilə strateji tərəfdaşlıq Azərbaycan üçün də vacibdir: “Birincisi, Ukrayna GUAM-da bizim müttəfiqimiz sayılır. İndi əslində GUAM da xeyli zəifləyib. Elə bil GUAM ancaq Azərbaycan-Gürcüstan ittifaqından ibarətdir. Ukrayna Avropaya çıxışdır. Ukraynanın münbit torpağı var, gələcəkdə aqrar, iqtisadi sahədə inkişaf edə bilər və bu perspektivdən biz də yararlana bilərik. Avropaya çıxış imkanı da əldə etmək baxımından bizim üçün Ukrayna vacib ölkədir. Biz bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməliyik. Rusiya-Ukrayna münasibətləri gərgindir deyə, biz Kiyevlə münasibətlərdən qopmalı deyilik. Əksinə, Rusiya da anlamalıdır ki, Azərbaycan bir istiqamətdən asılı deyil. Ona görə də Ukrayna ilə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Yetər ki, hər iki tərəf addımlar atsın. Önəmli addımı Ukrayna atmalıdır. Yəqin ki, bu, Ukrayna prezidentinin Azərbaycana səfəri ilə baş verəcək. Çox təəssüf ki, iki dövlət arasında hökumətlərarası bir komissiya var idi və bu komissiyanın fəaliyyətini Ukrayna dondurub. Ukraynada hakimiyyət dəyişikliyindən sonra bütün hökumətlərarası komissiyaların fəaliyyətinə xitam verildi. Amma düşünürəm ki, Poroşenkonun səfərindən sonra bu komissiyanın fəaliyyətinə ”yaşıl işıq" yandırılmalıdır. Əməkdaşlıq tellərini tədricən bərpa etmək lazımdır".
Cia.az
