|
Deputat təhqiramiz karikaturaya sərt cavab verdi

Fəzail Ağamalı: “Paltarınızla içalatınızı örtün”

AzadlıqRadiosunun Azərbaycan xidməti saytında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə bağlı karikatura yerləşdirib. Buna səbəb kimi, deputatın radio ilə əməkdaşlıqdan imtina etməsi göstərilib. “AzadlıqRadiosu üçün böyük itki” sərlövhəli karikaturada ironiyalı şəkildə  F.Ağamalının yerinə şərhçi axtarılır elanı verilib. 
“Yeni Müsavat”a açıqlamasında F.Ağamalı ilk olaraq, AzadlıqRadiosu ilə əməkdaşlıqdan imtina etməsinin səbəblərinə aydınlıq gətirdi: “Son vaxtlar dövlətimizə qarşı”qara piar" kampaniyalarında AzadlıqRadiosunun fəal iştirak etməsi, Azərbaycana qarşı təhdidlərə xüsusi yer verməsi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun zəiflədilməsi üçün səylə çalışması bir vətəndaş olaraq məni narahat etdi. Buna görə də mənə sual ünvanlananda bunları əsas gətirərək bildirdim ki, sizinlə əməkdaşlığa xitam verirəm. Xahiş etdim ki, bunu Azərbaycana olan sevgim kimi qəbul edin. Etik qaydalara əməl edərək, söyləmiş olduğum bu fikirlər hüququmdur. İstənilən mətbuatla əməkdaşlıq etmək, suallara cavab verib-verməmək vətəndaş kimi hüququmdur. 
 
Əgər insan haqlarına, demokratik prinsiplərə, söz azadlığına söykənərək Qərbin anti-Azərbaycan siyasətinə xidmət edən AzadlıqRadiosunun bütün dəyərlərin üstündən xətt çəkərək, məni karikaturanın axtarış yerində təhlükəli şəxs kimi təqdim etməsi sübut edir ki, bu radio heç bir demokratik dəyərlərə əsaslanmayan, bolşevik təfəkküründə olan bir radiodur. Bunlar bir daha sübut edir ki, Azərbaycanın əldə etmiş istiqlalına, dövlətçiliyinə xidmət edən şəxsləri bu şəkildə qaralamağa çalışırlar. Bütün bunlar AzadlıqRadiosunun bütün anatomiyasını ortaya qoydu. Çox təəssüf edirəm ki, bunlara bəzi şəxslər də dəstək verdilər. Onlar da bu fikirdə olan düşüncə sahibləridir. Onların da insan haqlarına zərrə qədər hörməti yoxdur. Çünki hər bir insanın seçim hüququ var. Bu seçim hüququnu mən də daşıyıram".

Deputat AzadlıqRadiosunun onunla bağlı fəaliyyətini davam etdirəcəyi təqdirdə atacağı addımlardan da danışdı: “Gələcəkdə bu cür fəaliyyətləri davam edərsə, mənimlə bağlı hədlərini aşarlarsa, müəyyən etik qaydaları pozarlarsa, tərəfimdən ciddi reaksiya olacaq. Buna onların qətiyyən şübhəsi olmasın. İstəmirəm ki, hazırda hər hansı bir addım atıb, onların avantürist siyasətlərinin içərisində olum. Hələ ki tələsmirəm. Sonunu gözləyirəm. Əgər davam etsələr, şəxsiyyətimə, ləyaqətimə toxuna biləcək təhqiramiz xətt davam edəcəksə, onlarla münasibətlərimi məhkəmə müstəvisində aydınlaşdıracam”.
F.Ağamalı AzadlıqRadiosuna müraciət etdi: “Sizin qəzetiniz vasitəsilə onlara müraciət edirəm ki, bu cür yanaşmalarla içalatınızı çölə qoymayın. Heç olmasa, paltarınızla içalatınızı örtün ki, insanların sizin haqqınızdakı düşüncələri bir az açıq olsun. Əgər siz bu cür davranışlarla soyunub özünüzü çölə qoyacaqsınızsa, sizin bütün eybəcərliyiniz açığa çıxacaq. O eybəcərliyin isə əziyyətini çəkəcəksiniz. Mənə qarşı gələn hücumlara təmkinlə yanaşıram. Lakin buna cavab verəcəyimi özümdə daşıyacaq iradəyə sahib insanam. Onlar mütləq bunu bilməlidir”.

Partiya sədri gələcəkdə radio ilə əməkdaşlığın mümkünlüyü barədə də danışdı: “Əgər AzadlıqRadiosu Azərbaycana qarşı olan indiki yanaşmasından imtina edərsə, dövlətimizə qarşı qarayaxmalarda iştirak etməzsə, çatışmayan cəhətlərimizi obyektiv şəkildə göstərərsə, əməkdaşlıq edərəm. Amma indiki halda əməkdaşlıq etməyi özümə rəva bilmirəm. Çünki o, dövlətimin və xalqımın üzərinə gəlir. Azərbaycanı təfəkkürlərində olan eybəcər şəkildə dünyaya təqdim etməyə çalışırlar. Bunların xəstə təxəyyüllərində Azərbaycan fərqli durumdadır. Azərbaycan bir neçə gündən sonra 17 gün olacaq Avropa Oyunlarına dünyanın 49 ölkəsini gətirdi. Azərbaycan dünyəvi, güclü bir dövlət kimi təqdim edildi. Qədim tarixə, mədəniyyətə malik bir xalq kimi dünyaya nümayiş etdirildi. Niyə AzadlıqRadiosu bunları yazmır? Qulaqları kar, gözləri kordur? Əgər qulaqları kar, gözləri kordursa, Azərbaycana qara eynəklə baxırlarsa, mən heç zaman belə mətbuat orqanının yanında olmamışam, bundan sonra da olmaq niyyətində deyiləm. Sonda bir daha bəyan edirəm ki, əgər Azərbaycanı olduğu kimi dünyaya çatdırmaq cəsarətləri olarsa, ”ağaları"nın tapşırığından imtina edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırarlarsa, tamamilə əməkdaşlıq mümkündür".
Cia.az