|
Dünyanın avtobus sürücüləri və bizim “avtoşlar”...

Onlar bütün həyatları boyu imtahan verirlər, az qala həkimlik öyrənirlər və...

Son illər Bakıda avtobus qəzalarının sayı-hesabı yoxdur. Hətta Azərbaycanda keçirilən Avropa Oyunları zamanı xarici turistləri daşıyan avtobusların sürücüləri tərəfindən də qəzalar törədildi. Hazırda ictimai nəqliyyat sürücüləri ilə bağlı məsələ daha da aktullaşıb. Niyə Azərbaycanda peşəkar avtobus sürücüləri yoxdur? Sürücülük vəsiqəsi olan hər kəsə avtobus sürücüsü olmağa icazə verilir? 

Əslində beynəlxalq normativlərə əsasən, avtobus sürücüsü olmaq yetərincə ciddi prosesdir. Bunun üçün sürücülük imtahanları ilə yanaşı, tibbi - fizioloji, psixoloji testlərdən də keçmək lazımdır. 
 
Almaniyada sürücülük.... yol bitər, sürücülük imtahanları bitməz... 

 
Bəzi ölkələrin təcrübəsinə diqqət yetirək. Öncə Almaniyadan başlayaq. İnternetdə axtarışımız zamanı Almaniyada yaşayan bir ukraynalı sürücünün dedikləri rastımıza çıxdı. Ukraynada bütün sürücülük dərəcələri üzrə imtahan vermiş vətəndaş Almaniyada yenidən sürücülük kursuna getməli olub. Bu kurs bitəndən sonra isə birja qəzetlərində avtobus və yük maşını sürücüləri üçün xüsusi kursların nə zaman başlanacağını öyrənmək lazım gəlir. 
Amma kursa daxil olmaq üçün də elementar sayılan bəzi bilgilər üzrə imtahan vermək lazımdır. Belə ki, ilk növbədə üçrəqəmlilər üzrə toplama-çıxma, vurma-bölmə əməlləri, alman dili və texniki fənlər üzrə imtahan vermək lazımdır. Bundan başqa, sağlamlıq da çox ciddi şəkildə yoxlanılır: görmə, eşitmə qabiliyyəti, qanda narkotikin olub-olmaması. Bundan sonra 21 aylıq xüsusi kurslar keçilir. 
 
Daha bir maraqlı detal isə bu kurs üçün ümumən 3300 avro ödəməkdir. 
 
Təhsil almaq, imtahanı uğurla vermək də çarə deyil. Təhsildən sonra yarım illik təcrübə də tələb olunur. Tutaq ki, sürücü marşut xətlərinə çıxmağa iddialıdır. Bu halda da ciddi imtahanlar, tibbi müayinə və mükəmməl yerli dil bilgisi tələb olunur. Bundan sonra isə ilk iki həftədə teoriyanı öyrənmək lazım gəlir.  Bunun üçün iki həftə boyunca bütün dayanacaqları və yolların incəliklərini öyrənmək üçün instruktorların yanında təcrübə keçmək lazımdır. 
Avtobus sürücüsünün çiləsi və güzəştləri 
 
Yalnız bu mərhələdən sonra sürücüyə avtobus etibar edilir. Həftə boyunca 39 saat işləmək lazım gəlir. Sürücü öz növbəsini bir il əvvəldən bilir. Məsələn, aprel ayından sürücülərə növbəti bir ildəki iş cədvəli bloknotda təqdim olunur. Zərurət yarandığı halda, sürücülər öz aralarında növbələrini dəyişə bilərlər. 
 
Almaniyada avtobus sürücüləri avtobusun salonunu gündəlik təmizləyir, texniki hissələri dəyişir, yağın dərəcəsini yoxlayır. İş prosesində avtobusun hansısa hissəsində nasazlıq əmələ gəlsə və ya salon qəfil bir hadisə nəticəsində çirklənsə (tutaq ki, azyaşlı sərnişin yeməyini yerə töksə) sürücü dərhal texniki yardıma mürcaiət edir, bu halda firma sözügedən avtobusu başqası ilə dərhal əvəzləyir. 
 
Almaniyanın məşhur firmalarında sürücü işləyən şəxslərə bəzi güzəştlər də tətbiq olunur. Belə ki, şəxsi avtomobilini sığortalamaq istəyənlərə 20-30 faiz güzəşt tətbiq olunur. Bundan başqa, şəxsi avtomobili üçün ehtiyat hissələri alarkən 40 faizlik endirimdən yararlanırlar. Sürücünün ailə üzvləri isə yaşadıqları rayon və ona yaxın olan bir neçə rayon üzrə pulsuz biletə sahib ola bilirlər. Hər il firmadan xidməti geyim verilir: 5 ədəd köynək, 5 ədəd sviter, jilet, şalvar, hətta kəmər. Şəxsi geyim almaq istəyən firma işçisi isə mağazalarda 15 faizlik endirimdən yararlanır. 
 
Amma Almaniyada da sürücü olmaq bizdəki kimi ciddi səbir tələb edir. Üstəlik, nəzakətli olmaq vacib şərtlərdən biridir. Avtobuslar qrafik üzrə, dəqiqə hesabı ilə çalışdığı üçün sərnişinlərlə sürücülər arasında bəzən insidentlər də yaşanır. Əgər avtobusun dayanacaqdan ayrılma dəqiqəsi çatıbsa, ailə üzvlərindən biri avtobusa minib, digəri çatdırmasa, sürücü qapını açmağa məcbur deyil. Bu halda sürücü narazılıq edən sərnişinə polisə müraciət etməyi məsləhət görüb, yoluna davam edir. 
 
Norveçdə bu işə birbaşa polis nəzarət edir - bütün sənədlər polisə göndərilir 

 
Norveçdə vəziyyət necədir? Axtarışlarımız zamanı aydın oldu ki, taksi, marşrut taksi, əlillərin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrində sürücü işləmək üçün sürücülük vəsiqəsi ilə yanaşı, xüsusi iş biletinə də sahib olmaq lazımdır. Bu sənəd sürücünün tələblərə cavab verdiyini və sağlamlığının qaydasında olduğunu sübut edir. Sürücülük biletinin alınması barədə ərizə eyni zamanda sürücünün yaşadığı ərazi üzrə polis bölməsinə göndərilməlidir. Amma bununla paralel, polis bölməsinə sürücü ilə bağlı sağlamlıq arayışı da göndərilməlidir. Bəzi polis bölmələrində sürücülüyə namizədlər marşrutun yadda saxlanması üzrə testlərdən də keçməlidir. 
 
İsveçdə sürücü az qala həkim olmalıdır 

 
İsveçdə avtobus sürücüsü olmaq üçün irəli sürülən tələblər isə nisbətən fərqlidir. Avtobus sürücüsü olmaq üçün lazımi kateqoriya üzrə sürücülük vəsiqəsinə sahib olmaq yetərli deyil.
 
 Tələblər aşağıdakı kimidir: 
 
- avtobusun hissələri barədə texniki biliklərə sahib olmaq 
- sərnişinlərlə davranış qaydaları barədə məlumatlı olmaq 
- ətraf mühit barədə məlumat, istirahət, növbəli iş sistemi ilə işləmək bacarığı
- yanğın təhlükəsizliyi barədə məlumat, yanğın zamanı sürücünün davranış qaydaları barədə məlumat 
- sərnişinin qanaxması, nəfəs darlığı, ürək dayanması zamanı təcili müdaxilə qabiliyyəti. 
Cia.az