Rauf Arifoğlu: “Bununla həm də Azərbaycan uğrunda savaşan və övladlarını şəhid verən Ukrayna xalqını, demokratiyanın prinsiplərini, Dağlıq Qarabağdakı mənafelərimizi satmış olurlar”; İqbal Ağazadə: “Düşmənçiliyin nəticəsidir ki,bu güniki xalqüz-üzədir vəhər gün itkilər var”
Mirmahmud Mirəlioğlu: “Rüstəm bəy “ermənilərlə düşmən deyilik” deyir, məncə, sırf özünü nəzərdə tutur”; Elman Fəttah: “Müsavat Krımın işğalına haqq qazandıranları müdafiə etməyi Azərbaycanın avrointeqrasiya istiqamətli siyasətinə zərbə sayır”
“Krım Rusiyanındır” demək Ukrayna demokratlarını satmaqdır, ya deyil? Buna cavab versinlər! Bütün demokratiya paytaxtları deyir ki, Krım Rusiya tərəfindən işğal olunub. Biz deyirik ki, Krım tarixi türk torpağıdır, lakin indi Ukraynanındır! Rüstəm İbrahimbəyov və Cəmil Həsənli deyirlər və yazırlar ki, Krım Rusiyaya məxsusdur!!! Və bunu deyən “Azərbaycanın əsas, ən radikal” müxalifəti olduğunu iddia edən qurumun rəhbərləridir".
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bunları özünün şəxsi facebook profilində yazıb. Baş yazar Milli Şura rəhbərliyinin Krım və erməni məsələsində yanlış mövqe sərgilməsindən sonra gedən müzakirələrdə qurum rəhbərliyinin özlərinə bəraət qazandırmaq cəhdinə cavabında daha sonra yazıb:“Azərbaycanı da biabır edirlər dünyada! Bununla da Rusiya ilə həm də Azərbaycan uğrunda savaşan və övladlarını şəhid verən Ukrayna xalqını, demokratiya prinsiplərini, Dağlıq Qarabağdakı mənafelərimizi satmış olurlar! Dediyimiz budur! Krımın işğalına haqq qazandırmaq Qarabağın işğalına haqq qazandırmaqdır, əziz, hörmətli, sayğıdəyər Cəmil Həsənli! İndi Ukraynada fəaliyyət göstərən partiyalardan birinin lideri qalxıb desə ki, Dağlıq Qarabağ ermənilərə məxsusdur, biləsiniz ki, sizlərin ”xidməti" olacaq".

Fakt bundan ibarətdir ki, R.İbrahimbəyovun Krım və erməni məsələsinə münasibəti bəlli oldu. Milli Şuranın rəhbərliyi də eyni mövqedən çıxış edib yanlış yapmış fəxri sədri müdafiə etdilər. Bunlar məlum. Bəs digər müxalifət partiyaları nə fikirdədir və ümumiyyətlə, partiyaların Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı proqramı varmı, onlar İbrahimbəyovun Krımla bağlı Ukraynanın kürəyinə xəncər saplamasına, erməni məsələsində isə Azərbaycan insanını pəjmürdə edən açıqlama verməsinə necə baxır?

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə kinorejissorun arqumentlərini darmadağın etdi: “Bu gün ATƏT-in Minsk Qrupu varsa, işğal olunmuş Azərbaycan torpaqları varsa, ortada 20-ci əsrin ən böyük faciələrindən biri - Xocalı soyqırımı varsa, ortada düşmənçiliyin olduğu göz önündədir. Biz düşmənçiliyin aradan qalxmasına çalışırıq. İddia edə bilmərik ki, düşmənçilik yoxdur. Düşmənçilik var ki, bunlar olub. Biz çalışırıq ki, bu düşmənçilik aradan qalxsın. Ona görə iddia etmək ki, ”düşmənçilik yoxdur", bu, yanlışdır və pafosdan, kimlərdənsə xal götürməkdən başqa bir şey deyil. Biz bilirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin mənbəyi Rusiyadır, amma fərq etməz, hardan başlasa belə, hadisələr gəlib düşmənçiliyə çatıb. Düşmənçiliyin nəticəsidir ki, bu gün iki xalq üz-üzədir və hər gün itkilər var".
İ.Ağazadə R.İbrahimbəyovun Krımı Rusiya ərazisi adlandırmasına da etiraz etdi: “Tarixdən bəllidir ki, Krım ayrıca dövlət olub. Rüstəm İbrahimbəyov iddia etsəydi ki, Krım nə Rusiya, nə Ukraynanındır, Krım tarixən müstəqil olub və ya türklərə məxsus olub, bunu nəyinsə adına yazmaq olardı. Amma bu gün fakt olaraq BMT-nin tanıdğı sərhədlər çərçivəsində bir ölkənin ərazisinə qəsd olunub. Onu dünya işğal kimi qəbul edir, mən də işğal kimi qəbul edirəm. Ona görə də bu yanaşma da kökündən səhvdir və əslində bəzi separatçı hərəkətlərə haqq qazandırmaqdan başqa bir şey deyil. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsinə də, Abxaziya və Osetiya, Qaquziya, Dnestryanı məsələlərə də. Bu, kökündən yanlış məntiqdir”.
Partiya sədri dedi ki, Ümid Partiyasının Qarabağ münaqişəsinin tənzimlənməsi və erməni məsələsinə baxışı yekdildir: “Biz xalqlarımız arasındakı düşmənçiliyin aradan qalxmasını çox istəyirik. Hesab edirik ki, düşmən münasibətlər aradan qalxarsa, Cənubi Qafqazda daha davamlı sülh, daha davamlı addımlar atmaq və Rusiyanı regiondan çıxartmaq mümkündür. Bununçün də müxtəlif yollar tətbiq etməyin tərəfdarıyıq. O cümlədən Türkiyə-Ermənistan sərhədlərinin açılması da bu qəbildəndir. Bizim Cənubi Qafqaz birliyi ideyası da bu baxımdan əhəmiyyətlidir. Biz təklif edirik ki, Cənubi Qafqaz birliyi yaradılsın, Avropa Birliyinin mini modeli Cənubi Qafqaza tətbiq olunsun, bu, konfliktlərin həllinə kömək edər, Rusiyanın regiondan çıxarılmasına ciddi şəkildə dəstək verər. Rusiyanın nə Ermənistan, nə Azərbaycan sevgisi var”.

KXCP sədri Mirmahmud Mirəlioğluna görə, elə məsələlər var, onun müzakirəsi tələb olunmur: “Amma bir az nüfuzlu adamlar, söz sahibi olan şəxslər bu barədə nəsə deyəndə istər-istəməz müzakirələrə səbəb olur. Hörmətli Rüstəm bəy ”ermənilərlə düşmən deyilik" deyir, məncə, sırf özünü nəzərdə tutur. Bir az da məsələlərin kontekstdən çıxarılması var. Məncə, onun dediklərinə qeyri-adi baxmaq lazım deyil. Mən heç vaxt Rüüstəm İbrahimbəyovun erməni xalqı ilə düşmən olduğunu görməmişəm, eşitməmişəm və inanmıram da. Ona görə də bu adam öz bəyanatını verib, doğru da deyib. Digər tərəfdən, xalqların düşmənçiliyi məsələsi, ümumiyyətlə, tarixən qəbuledilən deyil. Amma Rüstəm bəy Əfəndiyevin “Dağlar arxasında üç dost” əsərinə bənzər “Trio” yazır. Mən ehtiyatlanıram ki, bizim ziyalılarımızın toplaşdığı ittifaqdakılar məni bağışlasınlar, axırda hamısı təxminən elə Əkrəm müəllimin ardınca gedəcəklər".
M.Mirəlioğlu Krımla bağlı deyilənləri primitiv yanaşma adlandırdı: “Əslində bu, bütün Krım xalqına, Krım türklərinə qarşı təhqiramiz mövqedir. Sadəcə olaraq, bir il əvvəl Krım ikinci dəfə Rusiya tərəfindən işğal olunub. 40-cı illərdə Krımdan deportasiyalar da olub. Bu istiqamətdə danışanda ehtiyatlı olmaq lazımdır”. KXCP-nin erməni məsələsinə münasibətinə gəldikdə, partiya sədri dedi ki, münasibət birmənalıdır: “Biz torpaqlarımızı işğaldan mütləq azad etməliyik. Qarabağın azad olunması məsələsində hər kəs bir arada olmalıdır. Bu, Elçibəyin sağlığında bizim qəbul etdiyimiz qərardır. Bu gün də qüvvədədir. Qarabağ məsələsinin həllində iqtidar-müxalifət mövqeyi, söhbəti, fikir ayrılığı ola bilməz. Amma bizim bu mükaliməyə hazırda Azərbaycan hakimiyyətində təmsil olunan, Azərbaycanın icra strukturlarında olan ermənilər qəhqəhə çəkib gülürlər. Deyirlər ki, bunlar nə danışırlar, biz onsuz da burdayıq, hakimiyyətdəyik, iş başındayıq. Hətta ermənilər var ki, bu gün Azərbaycan vətəndaşlarının haqqını burda yeyirlər, tapdayırlar, onları işdən qovdurmağa belə nail olurlar, bunlar ciddi məsələlərdir”.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə bildirdi ki, Müsavat Partiyası Krımın işğal edildiyini ilk gündən bəyan edib: “Müsavat Krımın işğalına haqq qazandıranları müdafiə etməyi Azərbaycanın avrointeqrasiya istiqamətli siyasətinə zərbə hesab edir. Krım Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazisidir. Bu, bütün mütərəqqi dünyanın vahid və ədalətli mövqeyidir. Rusiya Krımı işğal etməklə 1994-cü ildə özünün də imzaladığı ”Nüvə silahı əvəzinə Ukraynanın ərazi bütövlüyünə beynəlxalq təminat" memorandumunu ayaqlayıb. Bu, Vyana Konvensiyasından bu yana ən mötəbər beynəlxalq sənəd idi. Rusiya bu müqaviləni pozmaqla dünya təhlükəsizlik sisteminə böyük zərbə endirib. Belə bir şəraitdə Rusiyanın Krımı işğal etməsinə haqq qazandıraraq “Krım Rusiyanındır” demək Putinin ekspansiv siyasətinə xidmət etməkdir". E.Fəttah qeyd etdi ki, Ermənistan düşmən dövlətdir və Azərbaycan torpaqlarını işğal edib: “İşğal qaldıqca dostluqdan danışmaq Azərbaycanın milli maraqlarına qarşı olan mövqedir".
Müsavat funksioneri bildirdi ki, Müsavatın Qarabağ məsələsinin həll yollarını özündə ehtiva edən proqramı var və o, “Uğur paketi” adlanır.
Cia.az
