İslam həmrəyliyinin potensialından niyə lazımınca istifadə olunmur? Türkiyə, Pakistan və Özbəkistan kimi İran da Ermənistanı təcrid siyasəti yürütsəydi, işğalçının “daşı çoxdan daş üstündə” qalmamışdı...
Müsəlman dünyasının Fələstin məsələsindən sonra ikinci böyük problemi sözsüz ki, Dağlıq Qarabağ konfliktidir. Təəssüf ki, bu iki problemin ədalətli həllinə nail olmaq üçün İslam ölkələrinin, müsəlman Şərqin potensialı dolğun şəkildə səfərlər olunmur. Bu da ilk növbədə İslam ölkələrinin pərakəndəliyi, onun aparıcı dövlətlərinin ümmət deyil, daha çox öz milli maraqlarından çıxış eləməsi ilə izah edilir.
Doğrudur, nüfuzlu müsəlman dövlətlərindən Türkiyənin, Pakistanın, həmçinin Özbəkistanın konkret olaraq Dağlıq Qarabağ məsələsində Ermənistana sərt və obyektiv münasibəti bəllidir, qaneedicidir. Bu ölkələr hələ də Azərbaycana, işğal faktına görə İrəvanla diplomatik münasibətlər qurmayıblar. Amma di gəl, başqa nüfuzlu İslam ölkəsi olan İran tam əksinə - yenə məhz sırf milli maraqlardan çıxış edərək Ermənistanla geniş əlaqələr qurub və bu əlaqələri ilbəil dərinləşdirir.
Erməni lobbisinin güclü olduğu müsəlman Livan isə yeganə İslam dövlətidir ki, saxta “erməni soyqırımı”nı tanıyıb. Hərçənd maraqlı məqam odur ki, İranın da, Livanın da daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində bir neçə dəfə Ermənistanı işğalçı kimi tanıyan qərarlar qəbul edilib və bu sənədlərə rəsmi Tehran və rəsmi Beyrut da səs verib. O zaman iki dövlətin İrəvana münasibəti anlaşılmır və ən azından ikili standart siyasəti təəssüratı yaradır.
İƏT-in Dağlıq Qarabağla bağlı qərarları isə sözsüz ki, Azərbaycandan ötrü az əhəmiyyət daşımır və BMT çərçivəsində Qarabağ müzakirələri zamanı bizim - Azərbaycanın potensialı səsləri deməkdir. Təsadüfi deyil ki, işğalçı Ermənistanı həm Qarabağ məsələsində, həm də saxta genosid məsələsində ən çox narahat edən amillərdən biri müsəlman dünyasında erməni işğalına, saxta soyqırım məsələsinə birmənalı ictimai rəyin formalaşmasıdır.
Bu rəy təbii ki, bəzi xırda istisnalarla, ermənilərin əleyhinədir. Ermənistan, diaspora nə qədər çalışsa da, bəzi Avropa və Latın Amerikası ölkələrindəki kimi, İslam ölkələrində də özünə qarşı rəğbət, siyasi təəssübkeşlik formalaşdıra bilməyib. Hətta Türkiyə ilə neçə vaxtdır soyuq münasibətdə olmasına rəğmən, İsrail və Misir kimi Şərqin nüfuzlu dövlətləri də Ermənistana nə saxta genosid, nə də Qarabağ məsələsində dəstək vermir. Burada ermənilərin xristian olması faktı da yəqin ki, öz rolunu oynayır.
*****
İyunun 22-də Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edərkən bu məqama - İslam həmrəyliyi məsələsinə xüsusi toxunub və səfirlərin təmsil etdikləri dövlətlərə minnətdarlıq edib. Görüşdə dövlət başçısı qeyd edib ki, bu ölkələrlə Azərbaycanın çox sıx əlaqələri var: “Eyni zamanda biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bizim əməkdaşlığımız çox yüksək səviyyədədir. Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha böyük dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha böyük ehtiyac var.
Biz bu dəstəyi görürük, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul edib. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”.
Ölkə başçısı daha sonra Qarabağ münaqişəsinin həll olunmamasını region üçün ən böyük təhlükə mənbəyi saydığını söyləyib: “Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, bir milyondan çox azərbaycanlı öz doğma torpağından qaçqın və köçkün vəziyyətinə düşüb, xalqımıza qarşı Xocalı soyqırımı törədilib. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb, yerlə-yeksan edilib. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə-yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Münaqişə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Ermənistan isə beynəlxalq hüquq normalarını kobudcasına pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq, ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət bərpa olunacaq və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək”.
*****
Əlbəttə ki, gec-tez belə də olacaq. Ancaq prosesi sürətləndirmək indi həm də İslam həmrəyliyindən, müsəlman dövlətlərinin təkcə Dağlıq Qarabağ, Fələstin məsələlərində deyil, İslam aləmi üçün aktual olan digər məsələlərdə də çəkici eyni zindana vurmasından keçir. Bundan ötrü isə yeni nəslin gerçək islam maarifçiliyi ruhunda tərbiyə alması mühüm əhəmiyyət daşıyır.
Qarabağ ixtilafının tezliklə və ədalətli həllinə bəlkə də ən böyük töhfəni isə böyük müsəlman dövləti İran verə bilər. İrəvan üçün əsas “nəfəslik” rolunda olan Rəsmi Tehranın təcavüzkar Ermənistana qarşı Türkiyə və Pakistan kimi təcrid siyasəti aparması yetər ki, düşmən qısa zamanda ağıllansın, sülhə gəlsin, müsəlman əraziləri olan Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar qaytarılsın, bir milyondan çox azərbaycanlı müsəlman öz yurd yerlərinə dönsün.
Bəlkə cənub qonşumuz olan İslam Respublikası heç olmasa budəfəki mübarək Ramazan ayında, nəhayət, bir azca da ümmət mənafeyi, İslam həmrəyliyi nümayiş etdirsin və həqiqətən də dövlət adındakı “İslam” adını haqq etdiyinə bizi də, müsəlman-türk dünyasını da inandırsın...
Cia.az
