|
Pula və siyasətə xidmət edən mifik “epidemiyalar”

“Dəli dana”, quş qripi, atipik pnevmoniya, donuz qripi, Ebola, MERS…

İnsanların fikrini qlobal böhrandan və real fəlakətlərdən yayındırmaq lazım? Lazımdır ki, onlar etiraz etməsin? Ki, onlar daima müti və qorxaq qalsınlar?

Onda onları qorxulu miflərə inandırın. Bu sahədə təbabət də böyük yardımçı ola bilər. Məsələn, yeni, dəhşətli epidemiyalar uydurun. “Dəli dana” kimi. “Quş qripi” kimi. İndi isə ekzotik MERS (“Yaxın Şərq respirator sindromu”) kimi.

Son xəstəlik ətrafında isterika və panikanın motivlərini məhz bu cür izah etmək olar. İndi də bəşəri “MERS” fantomu ilə yemləyirlər. Qəzetlər və TV qışqırır: Cənubi Koreyada bu xəstəlikdən bir neçə ay ərzində artıq 23 nəfər vəfat edib!

Dayanın bir, təkcə Bakıda bir ay ərzində avtoqəzalarda bundan çox adam həyatını itirir axı!

Keçmişə qayıdın və xatırlayın “atipik pnevmoniya”nı. Hara yox oldu? Bəs bəşərin qlobal düşməni olacaqdı?!

Hara getdi “quş qripi” panikası?

Yaxud SPİD. Beynəlxalq təşkilatlara, dərman konsernlərinə və bütün ölkələrdə yaradılmış “SPİD Mərkəzləri”nə hər gün nə qədər pul qazandıran o “dəhşətli epidemiya” niyə belə tez səngidi?

Və ya son il ərzində bəşəri Ebola ilə qorxuzmadılarmı? Uqanda və Liberiyada tələf olan xəstələrin dramları ilə ekran vaxtını zəbt etmədilərmi?

Hətta Obama dedi: “Bəşəriyyət üç böyük təhlükə ilə üz-üzədir: Ebola, Rusiya və İŞİD”.

Diqqət edin: Ebola İŞİD-dən də qorxulu imiş!

Sonra nə oldu bəs? Ebolanın olduğu Liberiyaya Kuba həkimlər, Rusiya dərmanlar, ABŞ isə ordu yolladı (məntiqsizlik göz deşir).

Elə məqsəd də bu imiş: təbii sərvətlərlə zəngin Afrika ölkəsini növbəti “Şok doktrinası” ilə fəth etmək, hərbi qüvvə yerləşdirmək. Ebola bunun üçün fon imiş.

Hər kəsdə olan güclü hiss - sağlamlığı itirmək qorxusu artıq beynəlxalq siyasətin və transmilli korporasiyaların (TMK) silahına çevrilib. Bu spekulyasiya və şantajın təhlükəsi  kimyəvi və bakterioloji silahdan az deyil.

Beləliklə, nə baş verir? Cənubi Koreyada yeni koronarovirus xəstəliyi başlayır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həsəd aparılası operativliklə elan edir ki, bəşəriyyət böyük təhlükə qarşısındadır. Halbuki cəmisi 420 nəfərdə xəstəlik tapılıb (23-ü vəfat edib). Vur-tut...

Seul kimi şəhərdə (11 milyonluq meqapolis) heç olmasa 100 min adam xəstələnməlidir ki, epidemiyadan danışılsın. Belədə isə “epidemiya həddi”nin keçilməsinə bir böyük məsafə var, ancaq artıq Yer miqyasında təhlükədən danışırlar. Cənubi Koreyada məktəblər, bağçalar, muzey və teatrlar artıq bağlanır, ölkənin iqtisadi və turistik cəlbediciliyi zərbə altına düşür.

ÜST-ün “şef”i Marqaret Çen jurnalistlərə deyib: “Bəşəriyyət böyük təhlükə ilə üzbəüzdür”.

Məncə isə - bəşəriyyət böyük bir axmaqlıqla üzbəüzdür. Hansısa hadisə barədə proqnoz (o cümlədən bu cür - qapqara və ehkam kimi proqnoz) vermək üçün gərəkdir ki, fərd predmeti yaxşı bilsin, çoxlu oxusun, fikirləşsin, hadisə yerində olsun, müqayisələr etsin, fərqli rəylərlə tanış olsun, çoxlu dinləsin və bütün bunlardan da sonra xeyli vaxt müşahidə və təcrübələrə sərf etsin, yenə də fikirləşsin, sonunda isə danışsın.

Ancaq yox, xanım Çenə tamamilə öyrənilməmiş və yeni problemi anlayıb proqnoz qurmaq üçün vaxt lazım deyil. Guya o, qəzet üçün ulduz falı yazan debil astroloqdur!

Olub bunların hamısı, dəfələrlə olub. Yadınıza salın: bir neçə il əvvəl “donuz qripi”ni məşhur “ispanka” ilə müqayisə edirdilər. 1918-19-cu illərdə milyonlarla insanı məhv etmiş o pandemiya kimi, bunu da qrip virusunun H1N1 ştammı törədirmiş. 

Bu ştammın genomu isə mutasiyaya meyllidir (Bu axmaqlar anlamaq istəmirlər ki, mutasiya hər gün baş vermir! Üstəlik, növlərin dəyişkənlik xassəsi kimi, özünüsaxlama xassəsi var. Darvini oxuyun. Onu bəyənmirsiz, heç olmasa Medavarı, Bidl və Teytumu oxuyun).

Bu olmayan “gen mutasiyası”na bəraət qazandırmaq üçün o qədər cılız “elmi” sxemlərə əl atıblar ki, onlardan iki səbəbə görə burada bəhs etməyəcəm. Birincisi, terminlərlə yormamaq və çoxsözlü olmamaq üçün. İkincisi, immunologiya illər boyu hobbim olduğumdan bu bayağılığı təsvir etməklə gözəl bir elm sahəsinin necə təhrif olunduğunu görmək istəmədiyim üçün.

Yaxşı, onda bu hoqqalar nəyə görədir? Niyə insanların xəstəlik önündə panik qorxu hissini bu qədər həyasızlıqla istismar edirlər?

Çünki sərfəlidir. “Kapitalizmin köpək balıqları”na və TMK-lara sərfəlidir - qlobal böhrandan fikir yayınır və əzilənlər mübarizə haqda yox, olmayan epidemiyalardan qurtulmaq haqda düşünür.

Dərman korporasiyalarına və tədqiqat institutlarına sərfəlidir - olmayan bəlanın “öyrənilməsi” və “müalicə”si üçün milyardlar ayrılır və qazanılır.

Ümumdünya Səhiyyə Təşkilatına sərfəlidir - bu tibbi şantajda iştirak etməklə öz çəkisini və “cib”ini xeyli ağırlaşdırır.

Ayrı-ayrı dövlətlərə (ilk növbədə ABŞ-a) sərfəlidir - narazı vətəndaşları yeni ümumi “düşmən obrazı” qarşısında birləşdirir.

Monopoliyalara sərfəlidir - konkret dövlətlərin iqtisadiyyatına zərər vurur (Necə ki, “quş qripi” adı altında Çinə zərbə vuruldu. Halbuki bu qrip nədənsə “Buş ayaqları”nda tapılmadı).

Gi Debor sayağı “Tamaşa cəmiyyəti” öz içini bir daha göstərir. ABŞ ipotekasında virtual pullar dövr edirdisə, ÜST-ün biznesində də virtual xəstəliklər dövriyyədədir. Virtual pullar qlobal böhranla nəticələndi.

Əsas olanı - şantajçıya inanmamaqdır. O, sənin sağlamlığınla oynayır...

***

İndi isə bir tarixi fakt: 1976-cı il, ABŞ-ın Fort-Noks hərbi bazası. Bir hərbi xidmətçi vəfat edir. Ona “donuz qripi” diaqnozu qoyulur. Panika başlayır, tələm-tələsik peyvənd hazırlanır. Hamı epidemiya gözləntisindədir və 40 milyon amerikalı peyvənd edilir.

Epidemiya isə BAŞ VERMİR. Əvəzindəsə 32 nəfər peyvəndin təsirindən ölür, daha 1500 adam təhlükəli Giyen-Barr sindromu ilə xəstələnir.

Epidemiya isə Nekrasovun məşhur şerindəki kəndxuda kimi gəlmir ki, gəlmir. Əvəzində isə camaatın fikri ABŞ tarixinin ən ağır böhranlarından olan energetik böhrandan yayındırılır, dərman firmaları da milyardlarla dollar qazanır.

2010-cu ildə də bir çox tərəfsiz mütəxəssislər deyirdi: “donuz qripi” mifinə ÜST və siyasətçilər bulaşıb. Bu, onların hər ikisinə sərfəlidir.

Daha əvvəl eyni ssenari ilə quş qripi pandemiyası mifi yaradılmışdı.  O vaxt da beyinsiz çinovniklər 150 milyon adamın məhv olacağını deyirdi. Nə oldu bəs, hara getdi quş qripi virusu?

Məhz bu mistifakasiyadan sonra bəziləri ÜST-ü məşhur dərman firmalarından birinin “marketinq şöbəsi” adlandırmışdı.

MERS - XXI əsrin 15 ili ərzində artıq 6-cı epidemioloji meqalayihədir. Daha əvvəl “dəli dana”, atipik pnevmoniya, quş qripi, donuz qripi və Ebola layihələri reallaşdırılmışdı.

Siyasətçilərlə ÜST-ün bu birgə layihələri hər iki tərəfə fantastik dividentlər gətirdi. Bu xəstəliklərə qarşı “mübarizə” ciddi sosial sarsıntılarla müşayiət olundu. Xüsusilə də əhalinin ən yoxsul təbəqələri üçün.

Yadımıza salaq: quş qripi epidemiyası ilə mübarizə tezliklə bədbəxt qeyri-leqal miqrantlarla mübarizə formasına keçdi.

Ebola isteriyası Afrikanın konkret bölgəsini hərbçilərlə doldurmaq, hərbi bazalar qurmaq və sərvətlərə nəzarəti ələ keçirərək Çini oradan sıxışdırmaq üçün ABŞ tərəfindən istifadə olundu.

MERS-lə “mübarizə”nin hansı siyasi və sosial kataklizmlərlə müşayiət olunacağının konturları hələ dəqiq cızılmayıb. Nə tələsirsiniz, hər şey hələ təzə başlayır.

Epidemiyalar mifi iri addımlarla Yer kürəsini dolaşır. Sabah-biri gün həqiqətən qorxulu bir epidemiya başlasa, ona daha heç kəs inanmayacaq...

virtualorg.az