|
Astiqmatizm xəstəsini əsgər aparmaq istəyirlər
Cəlilabad rayonu Göytəpə şəhəri sakini Əli Mehdiyevin oğlu Ülvi Mehdiyev uşaqlıqdan mürəkkəb astiqmatizm xəstəliyindən əziyyət çəkir. Dünən “Bizim Yol”a müraciət edən Əli Mehdiyevin oğlu 18 yaşına kimi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatda olub. Vaxtaşırı müalicə üçün mərkəzə gedən Ü. Mehdiyev həddi-buluğa çatdıqdan sonra əsgər çağırılıb.
“Komissiyada həkimlər də oğlumu yoxlayan zaman təsdiqlədilər ki, oğlumda mürəkkəb astiqmatizm var. Bu zaman hərbi komissarlıq 1 illik möhlət verdi. Həmin dönəmdə isə övladım ali məktəbə daxil oldu. 4 il müddətində də təhsilini başa vurdu. Ali məktəbi bitirdikdən sonra biz gözlədik ki, çağırış gələn zaman yenidən komissiya tərəfindən yoxlanılacaq. Belə də oldu. Çağırışa getdi və yoxlanıldı. Ancaq bizə bildirdilər ki, gözləyək, bizə nəticəni bildirəcəklər. 3 ay ərzində heç bir nəticə olmadı. Yenidən 3 ay sonra bir daha çağırış gəldi. Özünüz bilirsiniz ki, yoxlanış zamanı çağırışçı və həkimdən başqa otaqda heç kim olmur. Oğlumdan həkimin nə dediyini soruşdum. O isə dedi ki, həkim ona yararsız olduğunu deyib. Sonra da “Biz sənə kağız verəcəyik” deyə bildirib. Mən də dedim ki, onda gözləyək görək nə olur. Yenə də 4-5 ay keçdi. Oğlum da universiteti bitirib. Nə qədər bekar qalacaqdı ki? Başladı özünə iş axtarmağa”, -deyə ata bildirir.
 
Ə.Mehdiyev deyir ki, bir müddət keçdikdən sonra rayon icra nümayəndəsi tərəfindən onlara zəng gəlib: “O, Ülvinin çağırışçı olduğunu və çağırışa gəlməli olduğunu dedi. İcra nümayəndəsinə dedim ki, o, yəqin təzə vəzifəyə gəlib və məsələdən xəbərdar deyil. Məsələnin nə olduğunu soruşanda da dedim ki, Ülvinin gözlərində problem var. Ancaq nədənsə məsələni uzadırlar, get-gələ salırlar. Düzü, mənim də imkanım yoxdur ki, onlara pul verib məsələni həll edəm. İcra nümayəndəsi məsələ ilə maraqlanacağını dedi mənə. Həqiqətən o, məsələylə maraqlandı və məlum oldu ki, həqiqətən də uşaq xəstəliyi ilə əlaqədar saxlanılıb. Yenidən bizə dedilər ki, mümkünsə uşağı komissiyaya göndərin. Yoxlanılıb ona akt kağız veriləcək. Mən də göndərdim uşağı təzədən komissiyaya”. 
 
Bu dəfə isə Ülvini müayinə etdikdən sonra əsgərliyə yararlı olduğu qənaətinə gəlinib: “Komissiyanın həkimi Ülviyə deyib ki, yəqin sən yararlısan, əsgər gedəcəksən. Oğlum Zərifə Əliyeva adına xəstəxanada qeydiyyatdadır. Onu yoxlayan həkim də bildirib ki, uşaq bura göndərilməlidir. Sol gözü 0,5, sağ gözü isə 10 faiz uzağı görür. Yəni demək olar ki, sol gözündə görmə qabiliyyəti yoxdur. Həkim yenidən mənə arayış yazıb verdi. Dedi ki, bunu komissiyaya göstərin, onlar uşağı yenidən bizim üstümüzə göndərməlidirlər. Komissiyaya arayışı təqdim etdim, dedilər ki, artıq uşağa çağırış vərəqəsi verilib. Mən də deyirəm ki, bu uşağın gözlərində problem var. Bu şəkildə o, qulluq eləyə bilməz. İkincisi də əgər çağırış üçün yararlı idisə, 7-8 aydır girinc eləmisiniz bu uşağı. Nəyə görə əsgər aparmırdınız? Elə deyirlər ki, sizə zəng edəcəyik, xəbər edəcəyik. Beləcə 7-8 ay keçib. Əgər əsgər aparmış olsaydılar, indiyə vaxtı bitmiş olacaqdı. Mən də bir neçə yerdən maraqlandım. Dedilər ki, astiqmatizm xəstəliyi olanları əsgər aparmırlar. Hətta elələri var ki, onlara çağırıb özləri hərbi bilet verirlər. Həkimdən də niyə belə elədiklərini soruşdum, dedi yəqin “nəyəsə” görə uzadırlar məsələni. Ancaq bu gözlə hərbiyə getmək mümkün deyil”.
 
Ə.Mehdiyev deyir ki, iyul ayının 6-sı üçün oğluna çağırış vərəqi gəlib. İndiyə kimi heç yerə şikayət etməməyimin səbəbi komissiyadan özlərinin vəziyyəti təsdiqləmələri olub: “Özləri gördülər ki, oğlumun gözlərində problem var. Hələ üstəlik bildirdilər ki, özləri bizə xəbər edəcəklər. İcra nümayəndəsi də məsələylə maraqlananda dedi ki, uşaq xəstəliklə əlaqədar hərbi xidmətdən saxlanılıb. O özü bilərək yayınmayıb. Bizi bu qədər girinc etdiklərinə görə şikayətçiyəm. Bir tərəfdən deyirlər ki, uşaq hərbi xidmətə yararsızdır. Digər tərəfdən isə çağırış vərəqəsi göndəriblər. Əgər sağlamdırsa, indiyə gedib gələrdi. 7 aydı bu məsələni niyə uzadırlar?”.
 
Məsələ ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək. 
Cia.az