Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadıldı, nəticə də var - Moskva ritorikanı yumşaldır, DÇ-2018-in büdcəsini ixtisara salır; Bakının Kreml üçün dəyəri artır...
Avropa Birliyi (AB) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay - 31 yanvar 2016-cı ilədək uzatdı. Səbəb kimi Ukraynaya dair əldə olunan Minsk anlaşmasına Moskvanın tam həcmdə əməl etməməsi göstərilir.
Bundan əlavə, sanksiyaların təsiri altına Krım da salınıb. O sırada Krımda istehsal olunan məhsulların AB ölkələrinə gətirilməsinə qadağa da var. AB vətəndaşlarına və AB ərazisindəki şirkətlərə Krım iqtisadiyyatına sərmayə qoymaq, habelə orada daşınmaz əmlak almaq və Krım şirkətlərini maliyyələşdirmək qadağan olunur.
* * * * *
Beləcə, məsələ ilə bağlı AB ölkələri arasında parçalanma yaratmağa nail ola bilməyən Rusiya ən azı daha yarım il ağır sanksiyalar rejimi altında qalmalı olacaq. Hərçənd bundan bir neçə gün öncə prezident Vladimir Putin bildirmişdi ki, sanksiyalara rəğmən, ölkə dərin iqtisadi böhrandan qaça bilib, inflyasiya üzərində nəzarəti saxlayıb, rublun kursunu sabitləşdirib.
Lakin bir çox iqtisadi analitiklərə görə, Putinin arxayınçılığına bir elə ciddi əsaslar yoxdur və ölkə daha böyük maliyyə-iqtisadi təlatümlərlə üzləşə bilər. Xüsusən də YUKOS işi ilə bağlı Haaqadakı Beynəlxalq Arbitraj Məhkəməsinin Rusiyaya kəsdiyi 50 milyard dollarlıq cərimədən sonra bu ehtimal güclənib.

Məlumatlara görə, Ukrayna ilə bağlı da Beynəlxalq Məhkəmə analoji qərar verə bilər. Yəni Rusiyanın iqtisadi cəhətdən zəiflədilməsi prosesinin davamı mütləq gələcək - ta bu ölkə beynəlxalq hüquqa sayğılı olmayınca, qonşu ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyincə.
* * * * *
Əslində Rusiya rəhbərliyi vəziyyətin yaxşı fərqindədir. Bunu aşkar büruzə verməsə də, müəyyən əlamətlər var. Başqa sözlə, Qərbin Kremlin ən zəif yerindən sıxmaqda davam eləməsi tədricən də olsa nəticəsini verməkdədir. İlk növbədə də Kremlin ənənəvi aqressiv ritorikasında bəzi yumşalmalar sezilməkdədir.
Məsələn, ötən həftə Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində etdiyi çıxışda Vladimir Putin Rusiyanın fövqəlgüc olmağa can atmadığını, Qərblə əməkdaşlıqda maraqlı olduğunu bəyan etmişdi. YUKOS işi ilə bağlı fantastik cərimənin ardınca rəsmi Moskvanın leksikonunda ənənəvi hay-küyçü ritorika ilə yanaşı xəfif yumşalmalar bir qədər də çox müşahidə olunmaqdadır.
Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun “Financial Times”ə müsahibəsi də bu qəbildən sayıla bilər. İvanov müsahibədə Rusiyanın Baltikyanı ölkələrə mümkün hücumla bağlı iddiaları “psixi pozuntulu adamların bəyanatı” adlandırıb və belə bəyanatların arxasında həmin ölkələrin məkrli məqsədlərinin durduğunu deyib.

Sitat: “Rusiyanın hərbi aqressivlikdə ittiham edilməsi mənə gülməli gəlir. Bizi indi az qala hər şeydə suçlayırlar, çünki belə sərfdir. Buradan həm də millətçilik və ksenofobiyanın artmasının qoxusu gəlir... Yəni siz doğrudan da ciddi şəkildə düşünürsünüz ki, biz NATO ilə müharibəyə başlamaq istəyirik? Biz məgər özünəqəsdçilərik?”
* * * * *
Bu arada məlum olub ki, şimal qonşumuz 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının büdcəsini 30 milyard rubl azaldıb. Yəni hökumət əvvəl nəzərdə tutulan məbləği bu qədər həcmdə ixtisara salıb: 660 milyard 627,8 milyonluq büdcə 631 milyard 459,9 milyon rubl olub.
Sözsüz ki, bu da sanksiyaların təsirinin göstəricisidir. Aydındır ki, hərbi və siyasi təzyiq vasitələrindən fərqli olaraq iqtisadi təzyiq rıçaqları özünü zaman etibarilə dərhal yox, bir qədər sonra göstərir. Rusiya da istisna olmayacaq. Moskvanın öz iqtisadiyyatını böhrandan qoruması getdikcə daha çətin olacaq.
Rusiyanın əsas ümid yerlərindən biri və bəlkə də birincisi isə silah satışıdır. Demək, Moskva əlindən gələni edəcək ki, öz silah alıcılarını itirməsin. Sonuncuların sırasında Azərbaycan da var. Özü də son illər bu sahədə Rusiya ölkəmiz üçün əsas silah satıcısına çevrilib. Bu da o anlama gəlir ki, Moskvanı iqtisadi kollapsdan qorumaq işinə Bakı da sövq-təbii cəlb olunub və öz mümkün töhfəsini verir. Kreml bunu dəyərləndirməyə bilməz.
Etibarlı silah alıcısı kimi Azərbaycanın Rusiya üçün dəyəri artıb. İstisna deyil ki, son vaxtlar Azərbaycan-Rusiya münasibətlərində müşahidə edilən istilik, atan qarşılıqlı əlaqələr ən əvvəl bu amillə bağlıdır.
Cia.az
