|
“Sovetski”nin 200 sakininə ev verilir, bəs 100 ailə?!
“Əvvəl dedilər ki, əşyalı mənzillər veriləcək. Sonra dedilər yox, əşyalar mənzillərə nümunə kimi qoyulub, sonra götürüləcək. İndi də məlum olur ki, adımız, ümumiyyətlə, mənzil alanların siyahısında yoxdur”.
 
35 ildir Bakının “Sovetski” adlanan ərazisində yaşayan Lətifə Babayeva belə deyir.
 
Onun 25 kvadratmetrlik mənzili qonşuluqdakı evlərin uçqunu arasında qalıb. Ona vəd ediblər ki, tezliklə sahəsi az olan mənzillər üçün ayrıca proqram hazırlanandan sonra o da köçürüləcək.
 
Nəhayət, gözlənilən məqam yetişib. Nazirlər Kabineti “Sovetski” ilə bağlı iyunun 9-da sərəncam verib. Sərəncamda deyilir ki, kvadratı az olan evlərin sahibləri Nərimanov rayonundakı 200 mənzili binalara köçürüləcək. Ümumi sahəsi 45 kvadratmetr olan mənzillər ikiotaqlıdır.
 
Azerbaijan -- Baku resident Latifa Babayeva - 2015
 
Lətifə Babayeva 
 
70 yaşlı Lətifə Babayeva da bu xəbərdən sevinib. Hətta gedib mənzillərə də baxıb: “Mənzillər “Gənclik” metrosunun yanında - Bədən Tərbiyəsi və İdman Akademiyasının keçmiş yataqxanaları olan binalardadır. Bina yenidən təmir olunub. Mənə təklif olunan 32 min manata şəhərdə mənzil ala bilmərəm, ona görə də bu mənzillərə köçməyə razılaşdım. Amma indi məlum olur ki, mənim adımı siyahıya salmayıblar. Neçə aylardır mən uçqunlar arasında yaşayıram. Qaz, su və digər kommunikasiya xətləri kəsilib. Qonşuluqdakı evlər uçurulanda evim bərbad günə düşüb. Hamam, ayaqyolu tamamilə dağılıb. Məni neçə aylardır gözlədib, indi də deyirlər ki, adın siyahıda yoxdur. Bu nə deməkdir, mən bilmirəm”.
 
İlk iki mərhələdə yaşamağa başqa yeri olmayan, çoxsaylı ailə üzləri olanların köçürülməsi planlaşdırılır. Bunu Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov deyib.
 
Azı 300 mənzil 25 kvadratmetrdən azdır.
 
S.İslamov köçürülmə zamanı həm də yaşamaq üçün yararsız mənzil sahiblərinin diqqətə alındığını bildirib: “Haradasa 200 təsərrüfat yeni mənzillərə köçürüləcək. Mənzillər püşkatma yolu ilə bölüşdürüləcək. Çoxuşaqlı ailələrə tikinti şirkəti tam mebel dəsti və avadanlıqlar hədiyyə edəcək”.
 
“Qış parkı”, Bayraq Meydanı kimi “Sovetski” sakinlərinə də mənzillərin hər kvadratına 1500 manat təklif olunurdu. Bu məbləğdən narazı qalan sakinlər bir neçə dəfə etiraz aksiyası keçirmişdilər.
 
Köçürülmə Komissiyasının sədri Abid Şərifov o vaxt jurnalistlərə müsahibəsində demişdi ki, heç onlar özləri də bu ərazilərdə mənzillərin sahəsinin bu qədər az olduğunu bilməyiblər: “Ona görə də biz həmin sakinlər üçün ayrıca proqram hazırlamalıyıq. Amma bunun üçün vaxt lazımdır. Söhbət bir-iki mənzildən getmir. Azı 300 mənzil 25 kvadratdan azdır”.
 
Abid Şərifovun bir il əvvəl barəsində danışdığı proqram artıq hazırdır. Amma baş nazirin müavininin dediyi kimi, 300 ailə yox, 200 ailə yeni mənzillərə köçürüləcək.
 
Bəs digər 100 ailənin vəziyyəti necə olacaq?
 
Lətifə Babayeva “Azadlıq”a deyir ki, bu sualın cavabını tapmaq üçün günü icra hakimiyyətlərində keçir: “Mənə bir cavab verirlər ki, adımı siyahıya əlavə ediblər, mənzillər növbə ilə paylanacaq. Amma mənim növbəm nə vaxt çatacaq, onu deyən yoxdur. Şəhərin mərkəzində rahat, özümə görə şəraiti olan evim vardı. Evimi bərbad günə qoyublar, neçə aydır bu vəziyyətdə qalmağım bir yana, məni get-gələ salıblar”.
 
Azərbaycanda son illər mülkiyyət hüquqlarının pozulması ilk sıralardır. Parlamentin son iclasında deputat Zahid Oruc da bu məsələyə toxunub.
 

Zahid Oruc
 
Deputat bildirib ki, Azərbaycanı həm də “köçürülmə qaçqınları” adı ilə tanıdırlar: “Mülkü plana düşənlərdən kimi verilən kompensasiyadan razı deyil, kimi deyir ki, dədə-baba mülkümdən çıxmaq istəmirəm. Biz 2005-ci ildə qanun qəbul etmişik. Həmin qanunda deyilir ki, bu cür mübahisəli hallarla bağlı məhkəməyə müraciət etmək olar. Vaxtında məhkəməyə müraciət olunsaydı, biz beynəlxalq tədbirlərdə “Azərbaycanda bir neçə növ köçkün var, həm də köçürülmə qaçqınları” sözlərini eşitməzdik. Hamıya məlumdur ki, bu köçürülmələrdən 95-97 faiz əhali qazanıb. Amma bu qazananlar qalıb bir tərəfdə, hər kəs bu narazı 3 faizdən danışır”.
 
“Sovetski”də söküntülər Bakının Baş Planına uyğun olaraq 2013-cü ilin sonlarından başlanıb. 2013-cü il, dekabrın 12-də Hacıbala Abutalıbov bununla bağlı sərəncam verib.
 
Ümumilikdə “Sovetski”də 10500-dək təsərrüfat qeydə alınıb. Onlardan 82 faizi, yəni 8600-də ölçü və qiymətləndirmə işləri yekunlaşıb. 2320 mülk sahibi ilə alqı-satqı aparılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam boşaldılıb. Orada paytaxt üçün əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb.
 
Köçürülmə işləri 6 mərhələ üzrə davam etdirilir. 2015-ci il büdcəsində “Sovetski”də köçürülmə işlərinə 180 milyon manat ayrılıb.
Cia.az