|
Daşqınlar 2 nəfərin həyatına son qoyub

İtaliyanın şimal-qərb hissəsində aramsız yağan yağışlar daşqınlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, Liquriya və Lombardiya vilayətləri təbii fəlakətdən əziyyət çəkib. Varese şəhəri yaxınlığında baş verən torpaq sürüşməsi 2 nəfərin həyatına son qoyub. Sürüşmə zamanı bir neçə ev və ferma torpağın altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunsa da, palçıq kütləsini altında qalan şəxsləri xilas etmək mümkün olmayıb. Sürüşmə zonası təxliyə edilib. Rəsmilər onlarla evin təhlükə altında olduğunu açıqlayıblar.

Eyni zamanda, Genuya şəhərində də daşqınlar çoxsaylı fəsadlar törədib. Daşqın suları tunnelləri, iş yerlərini basıb. Şəhərin müxtəlif yerlərində nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Şəhərin ucqar bölgələrində elektrik kəsintiləri olub.

Ölkə rəsmiləri, təbii fəlakətlə əlaqədar ölkənin kənd təsərrüfatına milyonlarla dollar məbləğində ziyan dəydiyini açıqlayıblar. Milli hava xidməti yağıntılı hava şəraitini bir müddət davam edəcəyini proqnozlaşdırıblar.