Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən  bildirilib ki, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan və Pakistan arasında münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edərək, bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsində önəmli rol oynadığını deyib.

Nazir həmçinin Pakistanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyinə dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Səfir X.Qayser iki dövlət arasında əməkdaşlığın bütün sahələrində uğurlu tərəfdaşlıq qurulduğunu bildirib, siyasi müstəvidə qarşılıqlı dəstəyin münasibətlərin xarakterində vacib faktor olduğunu vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.