Son günlər gündəmdə olan məsələlərdən biri də İslam Konfransı Təşkilatının Avropa Birliyindəki səfiri olmuş Arif Məmmədovla bağlı yaşanan məlum hadisələrdir. Öncə qeyd edək ki, A.Məmmədovun postundan geri çağırılması və təşkilatın sıralarından xaric olunması öz təsdiqini tapıb.
19 mayda Binəqədidə baş verən yanğın hadisəsi ilə bağlı statusunda A.Məmmədovun məmurları sərt tənqid etməsi onun diplomatik karyerasına son qoydu. Qısa zamanda “müxalifətçi Arif Məmmədov” obrazı yarandı. Artıq o, açıq şəkildə aktiv siyasətlə məşğul olacağını, hətta prezidentliyə namizədliyini verəcəyini bəyan edib.
“Müxalifətçi Arif Məmmədov” obrazı meydana çıxandan sonra ölkə daxilindən ona ən ciddi dəstək Milli Şura tərəfindən oldu. Qurumun sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və başqa rəhbər şəxslər ona ürək-dirək verən statuslar paylaşaraq, mövqelərini ifadə etdilər. Bütün bunlardan sonra sabiq səfirlə bağlı bəzi versiyalar meydana çıxdı. Əsas iddialardan biri də onun Milli Şuraya həmsədr gətiriləcəyi ilə bağlı xəbərlər oldu. Yarandığı ilk günlərdən “Rusiya projesi” hesab edilən Milli Şuranın belə canfəşanlıq etməsi başa düşülən idi. A.Məmmədovun Abbas Abbasovun yaxın adamı olması ilə bağlı xəbərlər də, onun Milli Şuraya rəhbər gələcəyi versiyasını gücləndirdi. Vaxtilə “Milyarderlər İttifaqı” yaradan, ardınca yaxın dostu Rüstəm İbrahimbəyov vasitəsilə Milli Şuranı təsis edən Abbas Abbasov nəticə qazanmadığını görüb, A.Məmmədov ismini ortaya çıxarıb.
Maraqlıdır, A.Məmmədov Milli Şuranın rəhbərliyinə gətirilərsə, nələr dəyişəcək?

Bəzi ekspertlər hesab edirlər ki, Əli Kərimli Arif Məmmədovun rəhbər gətirilməsinə razı olmayacaq. Çünki o, Milli Şuranı tamamən özündən asılı vəziyyətdə saxlamaq siyasəti yürüdür. Politoloq Natiq Miri də bu qənaətdədir. O hesab edir ki, Əli Kərimli hər vəchlə buna mane olmağa çalışacaq: “Buna imkan verməyən başqa siyasi faktorlar var. Burada Əli Kərimli faktoru var. O varkən, Arif Məmmədov kimi təsadüfi şəxslərin önə keçməsi inandırıcı görünmür. Onun önə keçməsi Kərimlinin maraqlarına uyğun deyil. Çünki onun siyasi kapitalı getdikcə tükənməkdədir. O, gələcək perspektivini Arif Məmmədovla görə bilmir. Əli Kərimlinin siyasi zamanı çox deyil. Mümkün olsa belə, heç bir nəticəsi olmayacaq. Cəmiyyət tərəfindən onun ortaya atılması məlum oldu. Hesab edirəm ki, Arif Məmmədovdan hakimiyyətdaxili qruplar istifadə edir. Belə ki, bir qrup digərini vurmaq üçün ona alət kimi baxır. Bu, Rusiyanın tərəfdarı olan ”beşinci kalon"un içərisində baş verir. Arif Məmmədov vasitəsilə əslinə qalsa, xarici işlər naziri vurulur. Nazirin də hakim ailəyə yaxın olması heç kəsə sirr deyil. Abbas Abbasov faktoru çox şeyi sübut edir. Məsələnin kökündə duran faktor Rusiyanın güclərinin vurulmasıdır. Rusiya bunu bilməmiş deyil. Arif Məmmədovdan siyasi qəhrəman düzəltmək mümkünsüz görünür. Rusiya hansısa siyasi nəticə əldə edəcəyinə də inanmır".
Natiq Miri Ə.Kərimlinin Arif Məmmədova olan açıq dəstəyinə də toxundu: “Milli Şuranın yarandığı dövrü xatırlayın. Bir fəlsəfə var idi, kim gəlirsə-gəlsin, təki hakimiyyət getsin. Hətta Rusiyanın adamının belə gəlməsinə razı idilər. Nəticə etibarı ilə fiasko göz qabağındadır. Məntiq düzgün deyildi. Əli Kərimli yenə də həmin taktikadan istifadə edir. Arif Məmmədov Qərbin adamı olsa belə, nəticə dəyişməyəcək. Əli Kərimlinin özü də anlayır ki, Arif Məmmədov ortaya atılmış fiqurdur. Ola bilsin ki, hansısa güc mərkəzlərindən düymə basılıb ki, Arif Məmmədov müdafiə olunsun. Bunun nəticəsində Əli Kərimli və rəhbərlərindən biri olduğu Milli Şura üçün böyük maliyyə mənbəyi açılacaq. Ona görə də o, bu siyasi müstəvidə oynamağa başlayıb. Əli Kərimli bu oyunu çox gözəl bacarır. Çünki 1993-cü ildən bəri bu kontekstdə oyunlar oynayıb. Bu gün də eyni oyunu aparır. Arif Məmmədovun Milli Şurada heç bir perspektivi ola bilməz”.
Cia.az
