|
“Təmiz Binəqədi”də natəmiz söhbət...

Binəqədidə bələdiyyə üzvü “seçilmək” üçün rayonun İH başçısına 15 min manat rüşvət verilməsi haqda məlumat yayılıb; kənd rayonlarında isə müxalifətçiləri namizədliklərini geri götürmək üçün şantaj edirlər; icra başçıları bələdiyyə seçkilərinə bədniyyət qatır

Azərbaycanda yerli özünüidarəetmə orqanlarına seçkilərə təxminən 1 ay 10 gün qalır. Amma gəzən söz-söhbətlər deməyə əsas verir ki, bu seçkilər də kütləvi şəkildə saxtalaşdırılacaq. Son həftələr mətbuat bu haqda yazıb. Bələdiyyələrə düşmək üçün icra başçıları ilə bazarlıqlara star verilməsi haqda həm sosial, həm də peşəkar mediada məlumatlar dolaşır. Artıq kənd və şəhər rayonlarının bələdiyyələrinin “tarifləri” açıqlanıb. Düzdür, bu, rəsmi məlumat sayıla bilməz. Amma Azərbaycan reallığında bələdiyyə və parlament seçkilərində rüşvət amilinin aparıcı rol oynadığı haqda indiyədək çox deyilib, çox yazılıb.

Belə məlumatlardan birinə də ötən günlərdə facebookda rast gəlinib. “Yeni Müsavat”ın Binəqədi rayonu haqda hazırladığı yazının facebookda paylaşımının altında özünü Çingiz İbadov olaraq təqdim edən bir vətəndaş sözügedən rayonda bələdiyyə seçkiləri ilə bağlı baş verən qanun pozuntuları barədə məlumat verib. Çingiz İbadov ad-soyadlı profil sahibinin yazdıqlarını olduğu kimi təqdim edirik: “Bu gün yeni bir xəbər eşitmişəm. Binəqədi rayonunda Bələdiyyə üzvü seçilmək üçün 15000 AZN (15 min manat - S.T.) ödəmək lazımdır. Həmin zəhmətkeşlərin bundan xəbəri var? Digər rayonlarda qiymət dəyişir. Amma Binəqədi rayonu xüsusi zona sayılır. Məlumatı elə bələdiyyə işçilərinin özündən almışıq”.
Müstəqil jurnalist Aynur İmranova isə sosial şəbəkədəki statusunda bu barədə yazıb: “Rayonlarda yenə seçki rəzaləti başlayıb. MSK müxalifət tərəfdən, hökumətdən icazəsiz kim namizədliyin verir, onun adını göndərir rayon icra hakimiyyətinə. Onlar da gecə ilə o adamın evini polislə basıb deyirlər ki, izahat yaz ki, xəbərim olmadan sənədimi veriblər. Hansı dövrdə yaşayırıq görəsən. Şəxsən mənim qohumlarım belə halla üzləşib. Ad çəkəcəksən, sabah cibinə narkotik atıb tutacaqlar. Heç olmasa saytlar bu məsələyə bir az diqqət ayırsa, onlar da yığışdırar özünü. Mafiya ilə üz -üzə qalıb camaat rayonlarda”.

Amma bələdiyyə seçkilərinin qanunsuz keçiriləcəyinin siqnalları təkcə bölgələrdən gəlmir. Bununla bağlı Milli Məclisin tribunasından da müəyyən açıqlamalar səsləndirilib. Milli Məclisin ötən toplantısında deputat Qalib Salahov çıxışında aşağıdakıları deməklə müəyyən təəssürat yaradıb: “Bakı bələdiyyələrinin xəritəsi yoxdur. Torpaqlarla bağlı cinayətlər burdan ortaya çıxır. Nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər”.

Q.Salahzadənin bu çıxışı ölkədə ciddi səs-küy yaratdı. Müxalifət partiyaları bu çıxışla bağlı hökumətdən izahat tələb etdi. Parlamentdə təmsil olunan Ümid Partiyası da bununla bağlı bəyanat yaydı.

Ümid Partiyasının Mərkəzi Seçki Komissiyasındakı təmsilçisi Akif Qurbanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onda bu mövzu ilə bağlı məlumatlar şifahidir: “Kimlərə hansı istiqamətdə təzyiqlər olub, bəlli deyil. Ümid Partiyasının siyahısı MSK-ya təqdim olunub. Dairələrə təqdim olunmamış artıq həmin adamların müvafiq icra hakimiyyətlərinə çağırılıb onlarla söhbət aparılması nəyin göstəricisidir? Onları ”niyə namizədliyini vermisən" deyə təhdid ediblər. Bunun əsasında namizədliyini verməmək, geri götürmə halları baş verib".
Müsahibimiz hesab edir ki, bu, gözlənilən prosesdir. Onun sözlərinə görə, seçki aktivliyinin aşağı olması buna sübutdur: “Münbit şərait yaradılmır. Kimsəyə efir məkanının verilməsinə şərait yaradılmaması da buna sübutdur. Baş verənlər mənim üçün təəccüblü deyil. Bunun olması labüddür. Bundan əvvəl baş verib, yenə də baş verəcək. Məqsəd prosesə başlamağa imkan verməməkdir. Bu halda daha az səs-küy olur. Hakimiyyət də partiyaların seçkilərlə bağlı guya imkan və potensialının olmaması ilə bağlı görüntü yaradırlar bu halda”.

***
Azərbaycanda bələdiyyələrin əslində icra hakimiyyətinin bir əlavəsi olduğu kimsəyə sirri deyil. Məsələnin ən eybəcər məqamı isə ondan ibarətdir ki, seçkili orqan olan bələdiyyələrin üzvləri təyinatla vəzifəyə qoyulan icra hakimiyyəti başçılarının qarşısında müti olurlar, onların bir sözünü iki edə bilmirlər. Bunun bircə səbəb var: bələdiyyə üzvləri seçki ilə yox, rüşvətlə o postu qazanırlar. Bu üzdən də özünü icra başçısının əl altısı kimi aparmağa məcburdur.

***
Binəqədi Bakının ən böyük rayonlarındandır. Bu rayonda son illər hektarlarla torpaq satılıb. Proses indi də davam edir. Torpaqların satılması isə bələdiyyələrin əli ilə həyata keçirilir. Ona görə də Binəqədidə sadəcə bələdiyyə üzvlüyünün qiymətinin 15 min manat olması inandırıcıdır. Bələdiyyə sədri, müavini olmaq üçün isə daha çox vəsait tələb olunur. Görünür Xaləddin İsgəndərovun “Təmiz Binəqədi” layihəsinə bələdiyyə seçkiləri də daxildir - pulunu ver, bələdiyyə üzvü (sədri, müavini) ol. Necə deyərlər, “Təmiz Binəqədi”də (na)təmiz söhbət...//Musavat.com