|
“Qərara gəldik ki, hamımız birgə haqqımızı tələb edək”
Tikintisi dayandırılan və təsisçiləri həbs edilən "Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) işi ilə bağlı məhkəmə prosesi iyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq. 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq işdə zərərçəkmişlər pozulmuş hüquqlarının bərpa olunmasını tələb edəcəklər. 
 
Bu barədə  "Bizim Yol"-a zərərçəkmiş Emin İsmayılov bildirdi: "Gözlənilir ki, məhkəmənin ilk iclasına zərərçəkmişlərin çoxu gəlsin. Birlikdə pozulmuş hüquqlarımızın bərpası üçün mübarizə aparmağımız bizim üçün uğurlu ola bilər. Biz qərar vermişik ki, hər birimiz gedib haqqımızı tələb edək. Çünki bizə dəymiş zərərin ödənilməsi prosesinin məhkəmənin nəticəsindən asılı olacağını bildiriblər".
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb ki, "Sevil Massivi" MTK-nın fəaliyyəti ilə bağlı bir müddət əvvəl "Sevil Massivi" MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs "qanunsuz sahibkarlıq" və  "vergi ödəməkdən yayınma"da ittiham olunurlar.
 
Vergilər Nazirliyi "Sevil Massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb. Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər. O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.
 
İstintaq hesab edir ki, "Sevil Massivi" MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb. 
Cia.az