|
Heç bir sosial-iqtisadi əsaslandırması olmayan yardım
Hərəkət məhdudiyyəti olan birinci qrup əlillər, onların yaxınları və onlara dəstək verən vətəndaşlar may ayında Prezident Administrasiyasına müraciət ediblər. Müraciətdə uşaqlıqdan birinci qrup əlillərə və ya əlil uşaqlara qulluq edən valideynlərə, övladlığa götürənlərə və ya qəyyumlara ödənilən sosial müavinətin artırılması xahiş edilib. Uşaqlara əlilliklərinə görə ödənilən sosial müavinətlərin məbləği 2013-cü ilin sentyabr ayından 67 manat təşkil edib. 
 
"İndi təsəvvür edin, səhhətində ciddi problemlər olan, bu səbəbdən də daimi müalicəyə və reabilitasiyaya ehtiyacı olan bir uşaq üçün 67 manat nə deməkdir. Bu məbləğ əlilliyi olan uşaqların hətta sağlam qida rasionu ilə təmin edilməsinə yetmir. Nəzərə alsaq ki, ölkəmizdə əlilliyi olan insanlar ictimai nəqliyyatın heç bir növündən istifadə edə bilmir, o zaman həmin uşaqların vaxtaşırı olaraq valideynləri tərəfindən tibb ocaqlarına və reabilitasiya mərkəzlərinə taksi ilə aparılıb-gətirilməsi zərurəti yaranır. Əlbəttə ki, buna hər bir ailənin gücü yetmir", -deyə müraciətdə bildirilir. 
"Müavinət yaşayış minimumu həddində də deyil"

Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli bildirir ki, əlillərə verilən sosial müavinət azdır: "Pul insanın yaşayış minimumunu təmin etmək üçündür. Amma əlil uşaqlar üçün verilən müavinət yaşayış minimumu həddində deyil. Aşağı məbləğdir. Müavinətdə əlilliyi olan uşaqların ehtiyaclarının ödənilməsi nəzərə alınmayıb. Əlil uşaqların müalicəsi, nəqliyyat xərcləri, inklüziv təhsil kimi ehtiyaclar müavinətin məbləği hesablanarkən nəzərə alınmalıdır. Onu da bildirim ki, sosial müavinətin təyinatı üzrə xərclənməsi məsələsi də var. Ancaq bəzən valideynlər təyinata əməl etmirlər. Odur ki, müəyyən mübahisəli məqamlar yaranır".
 
D.Rəhimli müraciətin olunmasını məqsədəuyğun hesab edərək bildirdi ki, sosial müavinətin məbləğinin az olması məsələsi əvvəllər də gündəmdə olub: "Bu barədə əlillər və vətəndaş cəmiyyəti tərəfindən müraciətlər və təkliflər verilib. Hökumətə təklif paketi də göndərilir. Burada məbləğin niyə az olması və artırılmasının əsasları göstərilib. İnklüziv təhsil hələ kütləvi surətdə tətbiq olunmayıb. İnklüziv təhsil respublikada yalnız bir-iki məktəbdə pilot layihə kimi həyata keçirilir. Digər uşaqlar da bundan bəhrələnə bilmir. Odur ki, onların məktəbə gedib-gəlməsi xərcləri var. Əlillər ictimai nəqliyyatda avtobusdan və metrodan deyil, yalnız taksidən istifadə edə bilirlər. Hazırda verilən sosial müavinətin məbləği də bunun üçün yetərli deyil". 
"Əlillərin müavinəti ünvanlı sosial yardımın səviyyəsinə qaldırılmalıdır"

"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri, birinci qrup Qarabağ müharibəsi əlili Dadaş Quliyev hesab edir ki, əlillərin müavinəti ünvanlı sosial yardımın səviyyəsinə qaldırılmalıdır: "Əlillərə verilən müavinətlərin məbləğində fərq qoyulmamalıdır. Müharibə əlili və digər əlillər üçün müavinət minimum yaşayış həddində olmalıdır. Amma təəssüf olsun ki, əlillər üçün verilən müavinətin məbləği bundan azdır. 67 manat əlilliyi olan uşaqların hətta sağlam qida rasionu ilə təmin edilməsinə yetmir. 
 
Birinci qrup uşaqlıqdan əlillərin, əmək stajı olmayan ümumi səbəbdən əlil olanlar və Qarabağ müharibəsi əlillərinin kənar şəxslərin köməyinə ehtiyacı olması faktdır. Lakin mövcud qanunvericilikdə birinci qrup əlillərə qulluq edən şəxslər üçün heç bir ödəniş nəzərdə tutulmayıb. Əlil uşağın anası gəncdir, o, işləyə bilmir, övladına baxır. Odur ki, əlil uşaqlara qulluq analar üçün iş yeri kimi nəzərə alınmalıdır və qocalanda onlara pensiya verilməlidir. Vətəndaş cəmiyyətinin rəhbəri olaraq mən təkliflər verdim ki, müavinətlər artırılsın. Nəticədə əlillər üçün Prezident təqaüdünün ayrılmasına nail olduq. Birinci qrup əlillər işlə təmin olunsa, onların müavinətinin artırılmasına gərək olmaz". 
 
"Azərbaycanda  530 min fiziki imkanları məhdud insan yoxsulluq həddində yaşayır"

"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin üzvü, birinci qrup əlil Zaur Hacılı bildirdi ki, onun araşdırmasına görə, qonşu Rusiyada  uşaqlıqdan birinci qrup əlillərə və ya əlil uşaqlara Azərbaycan pulu ilə 175 manat müavinət verilir: "Uşaqlıqdan birinci qrup əlilərə və ya əlil uşaqlara qulluq edən valideynlərə, övladlığa götürənlərə  və ya qəyyuma ödənilən məbləğ isə 93 manatdır. Yəni cəmi 268 manatdır.  Azərbaycanda isə cəmi 67 manatdır. 
 
Azərbaycanda birinci qrup uşaqlıqdan və əmək stajı olmayan əlilliyi olan şəxslər 67 manat müavinət və əlavə 60 manat Prezident təqaüdü alır. Cəmi 127 manat alırlar. Halbuki gündə ən az keyfiyyətdə qidalanma üçün 1 günə 9 manat tələb edilir (səhər yeməyi 3 Azn + günorta 3 Azn + axşam 3 Azn) və 9-u da bir aya (yuvarlaq 30-a) vuranda 1 aya 270 manat edir. Son 10 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının 28,8 dəfə artaraq 46 milyard dolları ötməsinə və 2015-ci ilin büdcəsinin 19,43 milyard manat olmasına baxmayaraq, hələ də ölkəmizdə əlilliyi olan insanlar yoxsulluq həddində yaşayır. Ən əsası isə sosial müavinət məbləğlərinin heç bir iqtisadi əsaslandırması yoxdur. Hətta minimum yaşayış məbləği də yoxsulluq həddində yaşamaq deməkdir. Minimum yaşayış dəyəri, insanların ailəsiylə birlikdə günün iqtisadi və sosial şərtlərinə görə insanca yaşamasını mümkün edən bir ödəniş olaraq təyin olunmalıdır. Azərbaycanda 530 min fiziki imkanları məhdud insan yoxsulluq həddində yaşayır". 
Cia.az