Politoloq Şahin Cəfərli: "İş dünyası yaranmış qeyri-müəyyənlikdən narahatdır"
"Türkiyədə 7 iyun parlament seçkilərindən sonra yaranmış durumu şahmat termini ilə pat vəziyyəti kimi qiymətləndirmək olar. AKP-nin 13 illik təkbaşına iqtidarından sonra hakimiyyəti bölüşmək zərurəti ortaya çıxıb, lakin koalisiyanın hansı partiyalar arasında qurulacağı qaranlıq qalır. Müxalifət partiyaları CHP və MHP-nin koalisiya üçün irəli sürdükləri şərtlər AKP və bu partiya üzərində nüfuzunu saxlayan prezident Ərdoğan üçün qəbuledilməz görünür". Bu fikirləri politoloq Şahin Cəfərli Musavat.com-a açıqlamasında bildirib.
Politoloqun fikrincə, hər iki müxalif partiya 13-25 dekabr 2013-cü ildə ortaya çıxan korrupsiya qalmaqalının sonadək araşdırılmasını, korrupsiyada adları hallanan 4 sabiq nazirin “Yücə Divan” funksiyasını üzərinə götürəcək Konstitusiya Məhkəməsində mühakimə olunmasını, prezident Ərdoğanın daxili siyasi məsələlərə, hökumətin fəaliyyət sahəsinə müdaxilədən vaz keçərək konstitusion çərçivəyə geri çəkilməsini tələb edir: "Bunlar necə deyərlər, olmazsa olmaz şərtlərdir, həm CHP, həm də MHP bu məsələləri siyasi alver mövzusuna çevirməyəcəklərini ictimaiyyətə açıqlayıblar".
Ş.Cəfərli bildirir ki, ayrı-ayrılıqda partiyaların mövqeyinə gəldikdə, CHP lideri Kılıçdaroğlunun bu gün açıqladığı 14 şərtin bu partiyanın AKP ilə koalisiya formalaşdırması ehtimalını xeyli azaltdığını söyləməliyik: "Bu şərtlərin qəbulu AKP üçün kapitulyasiya anlamına gələrdi. Kılıçdaroğlunun hökuməti 40% səs almış AKP-nin deyil, ümumilikdə 60% səs toplamış 3 müxalifət partiyasının qurmasının vacibliyini önə çəkməsi vəziyyəti daha da qəlizləşdirir, çünki MHP heç bir vəchlə HDP ilə ortaq hərəkət etməyəcəyini çox aydın şəkildə bəyan edib".
MHP-nin əsas şərtlərinə gəldikdə isə, politoloq deyib: "Bu partiyanın korrupsiya iddialarının açıq, şəffaf şəkildə araşdırılması və Ərdoğanın siyasi rolunun məhdudlaşdırılması ilə bərabər, kürd probleminin həlli prosesindən (“çözüm sürəci”) imtina olunmasını da şərt qoşur. Bu şərtlər ideoloji yaxınlığa rəğmən, AKP-MHP koalisiyasının önünə sədd çəkir".
Ş.Cəfərli bildirir ki, AKP-nin nəzəri olaraq HDP ilə koalisiyaya girməsi ehtimalı var, lakin iki tərəf də buna həvəsli deyil: "Əvvəla, HDP də digər iki müxalif partiya kimi, korrupsiya iddialarının araşdırılmasını və Ərdoğanın siyasi təsirinin azaldılmasını tələb edir. AKP isə HDP ilə ortaqlıq quracağı halda, öz elektoratının önəmli hissəsini itirməkdən ehtiyatlandığı üçün bu partiya ilə koalisiya variantını ümumiyyətlə, gündəmə gətirmir".
Politoloqun fikrincə, iş dünyası yaranmış qeyri-müəyyənlikdən narahatdır: "Türkiyədə “Patronlar klubu” kimi tanınan TÜSİAD rəhbərliyinin siyasi partiyalarla görüşlərə başlamağa qərar verməsi iri biznesin ölkədə yaranmış siyasi böhran əlamətlərindən və qeyri-sabitlik təhlükəsindən ciddi narahatlığını ortaya qoyur. Biznes dairələrinin və ictimai rəyin təzyiqi ilə 3 iri partiyadan ikisinin kompromisə gəlməsi, yaxud partiyalardan birinin müəyyən şərtlər daxilində təkbaşına müvəqqəti azlıq hökuməti formalaşdırması ehtimalı az da olsa mövcuddur, çünki heç bir partiya ölkədə yarana biləcək siyasi böhranın və qeyri-sabitliyin səbəbkarı kimi görünmək istəmir. Lakin bütün hallarda “Qordi düyünü”nü əvvəl-axır xalq kəsməli olacaq, bunun yolu isə erkən seçkilərdən keçir".
musavat
