Türkiyədə parlament seçkisindən bir həftə keçməsinə baxmayaraq, 4 partiyadan heç biri koalision hökumət qurulması ilə bağlı dəqiq mövqe açıqlamayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində yer alan dörd partiyanın liderləri ilə görüşəcəyini bildirib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, hökuməti formalaşdırmaq vəzifəsinin kimə həvalə olunacağını da açıqlayıb: “Hökuməti formalaşdırmaq vəzifəsini siyasi əxlaqımın yol verdiyi şəkildə ən çox səs qazanan siyasi partiyanın liderinə həvalə edəcəyəm. O, hökuməti qura bilməzsə, yenə də siyasi əxlaqımın yol verdiyi şəkildə bu hüququ ən çox səs toplayan ikinci partiyanın sədrinə verəcəyəm”.
Prezident əlavə edib ki, görüş üçün dörd partiya sədrini növbəti həftə ayrı-ayrılıqda da qəbul edə bilər.
Ərdoğan koalisiyanın qurulmayacağı halda isə Konstitusiyanın tələb etdiyi şəkildə təkrar seçki keçirilməsinin labüd olduğunu qeyd edib: “Mən buna erkən yox, təkrar seçki deyirəm. Çünki ölkənin hökumətsiz qalması düşünülə bilməz”.
Ölkə başçısı həmçinin investisiyaların və beynəlxalq əlaqələrin qırılmaması üçün hökumətin tezliklə qurulmasının vacibliyini də diqqətə çatdırıb.
Türkiyə siyasi gündəmini izlədikcə belə bəlli olur ki, CHP və MHP bu durumdan son dərəcə məmnundur. Hətta bəzi ekspertlər CHP-nin səslərinin 2011-ci ildə keçirilən parlament seçkisi ilə müqayisədə daha az səs toplamasının arxasında ana müxalifətin AKP-ni “taxtdan salmaq” üçün bəzi gizlin oyunlara qoşulduğu, hətta öz tərəfdarlarını HDP-yə səs verməyə çağırdığı bildirilir. MHP-nin səslərindəki artım isə AKP-nin siyasəti ilə uzun illərdir küncə sıxışdırılan millətçilik ideyasının yenidən dirçəldiyini göstərir.

AKP-də nüfuz sahibi və digər partiya liderlərindən daha sağlam imici olan sədr müavini Numan Kurtulmuş iyunun 14-də “CNN-Türk”ə verdiyi açıqlamada deyib ki, ən qısa zamanda koalisiya haqqında razılaşma əldə ediləcəyi mümkündür. Onun sözlərinə görə, partiyalardan heç biri ölkənin uzun müddət hökumətsiz qalmasının tərəfdarı deyil və ən qısa zamanda uzlaşmaya hazırdır. Numan Kurtulmuşun sözlərinə görə, AKP üçün erkən seçkiyə gedilməsi ciddi yanlışlıq ola bilər. Onun fikrincə, bu halda fərqli nəticələr əldə ediləcəyi o qədər də gözlənilən deyil. Yerli ekspertləri isə iddia edir ki, əgər yenidən seçki keçirilsə, AKP-nin daha az səs toplayacağı ehtimalı yüksəkdir. Çünki vətəndaşlar artıq “AKP uzun illər hakimiyyətdən enməyəcək” psixoloji baryerini aşıb. İkinci dəfə seçki keçirilsə, MHP-nin və HDP-nin səslərini artıracağı, CHP-nin isə təxminən eyni səs faizində qalacağı ehtimal edilir. MHP-ni və CHP-ni AKP-nin səslərinin azalacağı ehtimalı qane etsə də, HDP-nin səslərini artıra biləcəyi narahat edir. Bu səbəbdən zamanı mümkün qədər uzatsa da, hər iki partiyanın yaxın həftələrdə koalisiyaya razılıq verəcəyi gözlənilir.
Numan Kurtulmuş deyib ki, indi partiyalar arasında normal dialoq yaranması üçün uyğun ortam var. Partiyalar öz məsuliyyətlərin dərk etdikləri üçün nəticə özünü çox gözlətməyəcək. Onun fikrincə, baş nazir AKP sədri Əhməd Davutoğlu olmasa belə, yeni hökumətdə AKP-nin təsir imkanları məhdud olmayacaq:“Ancaq ən pis ehtimalları belə gözardı etməmək lazımdır. Nəticə əldə edilməsə təbii, millət yenidən qərar verməli olacaq. Biz AKP olaraq erkən seçkidə 3-5 səs az alarıq deyə əndişə etməmişik. Əgər belə xırda məsələlər üçün narahatlıq keçirsək, xalq da bizi kiçik məsələlərin partiyası kimi qəbul edər. AKP Türkiyənin gələcəyə daha sağlam addımlarla getməsinin tərəfdarıdır. Bu yöndə bizdən tələb olunan addımları atacağıq”.

Seçkilərdə ikinci nəticə göstərən Cümhuriyyət Xalq Partiyasını sədrinin müavini Haluk Koç partiyadakı daxili müzakirələrlə bağlı yazılı açıqlama ilə çıxış edib. Koç yazır ki, partiyalar AKP-nin təxribatlarını yox edərək yaxın gələcəkdə Türkiyə cəmiyyətinin bərpasına başlamalıdır. Haluk Koç seçkidə partiyaya etimad etdiyi üçün Ankaranın bir sıra məhəllələrində yaşayanlara təşəkkürünü bildirib. Açıqlamadan bəlli olub ki, prezident Ərdoğanın yaşadığı məhəllədə - Keçiörəndə də vətəndaşlar Atatürkün partiyası CHP-yə səs verib.
Haluk Koç yazır ki, xalq iyunun 7-də AKP-yə 40, digər 3 partiyaya 60 faiz səs verməklə qərarını verib. Partiyalar bu mesajı dəyərləndirməli və xalqın iradəsinin dövlət idarəçiliyində yer alması üçün ciddi qərarlar verməlidirlər. Onun sözlərinə görə, CHP çözümsüzlüyün adresi olmağa qarşıdır və uyğun mödellərlə koalision hökumət qurulmasına dəstəyini əsirgəməyəcək: “Millət geriyə baxmamaqla Türkiyə üçün yeni bir tablo istəyir. Biz siyasətçilər bu tablonun ölkəmiz, vətəndaşımız üçün ən gözəl biçimdə şəkillənməsi üçün məsuliyyətli qərarlar verməli, zamanın dövlətimizin və millətimizin xeyrinə işləməsinə çalışmalıyıq”.
Cia.az
