Gürcüstanın paytaxtında daşqın baş verib. Təbii fəlakətdə ölənlər də var.
Gürcüstanın paytaxtı Tiflis bazar səhərini dəhşətli daşqınla qarşılayıb. Qasırğa ilə müşayiət olunan güclü leysan nəticəsində Vere çayında su bir neçə metr yüksələrək məcrasından çıxıb və şəhəri basıb.
Tiflisin mərkəzində və ətraf yaşayış məntəqələrində yüzlərlə fərdi ev, magistral yollar su altında qalıb. Daşqın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. İtkin düşən onlarla insanın axtarışları davam etdirilir. 20-dən artıq insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Şəhər meri mərkəzdə 40-dək ailənin evsiz qaldığını bildirib.
Təbii fəlakət elektrik təsərrüfatına ciddi ziyan vurub. Hazırda 22 min adam elektriksiz qalıb.
Daşqının ən çox ziyan vurduğu ərazilərdən biri isə Tiflis zooparkının da yerləşdiyi rayon olub. Nəticədə zooparkda saxlanılan heyvanların bir çoxu tələf olub. Şir, pələng, ayı, canavar və timsahlar olmaqla 30-dan çox vəhşi heyvan azadlığa çıxaraq Tiflisin küçələrinə axışıb.
Polis sakinlərin təhlükəsizliyi ilə bağlı bəzi heyvanlara atəş açaraq öldürmək məcburiyyətində qalıb. Qalan heyvanlarsa vertolyotlar vasitəsilə axtarılır.
Şəhər rəhbərliyi insanlara evlərindən çıxmamaq barədə tapşırıq verib.
Daşqının nəticələrini aradan qaldırmaq üçün xüsusi qərargah yaradılıb. Baş nazir İrakli Qaribaşvili təbii fəlakətin Tiflisə və sakinlərinə böyük ziyan vurduğunu açıqlayıb. O, zərərçəkən bütün şəxslərə və ailələrə köməklik göstəriləcəyini bildirib.
Cia.az
