|
“Cəsur Yeni Dünya” əsəri Azərbaycan dilində

“Başla” hərəkatının sayca yeddinci kitabı yaxın günlərdə işıq üzü görəcək.
Hərəkatın çıxaracağı növbəti kitab ingilis yazıçı Oldos Hakslinin “Cəsur Yeni Dünya” əsəridir.
Əsəri ingilis dilindən Ülviyyə Mütəllimova çevirib. 246 səhifəlik kitabın qiyməti beş manatdır. Oldos Haksli 1894-cü ildə Böyük Britaniyada, məşhur Haksli ailəsində doğulub. O, Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxlayır. Yenidən kor olacağı qorxusu ilə qarşısına çıxan bütün kitabları oxuyur. Müasirləri Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsi ilə, mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka və siyasətlə maraqlanırdı. 1931-ci ildə yazılıb, 1932-ci ildə nəşr olunan “Cəsur Yeni Dünya” əsəri Hakslinin şah əsəri sayıla bilər. O, roman çap olunduqdan sonra verdiyi bir müsahibədə əsərin utopiya yoxsa distopiya olduğuna hələ qərar vermədiyini deyirdi.
Lakin vəfatından bir neçə il əvvəl yazdığı “Cəsur Yeni Dünyaya Səyahət” adlı kitabında 20 il əvvəl etdiyi səhvləri düzəldir. Haksli yazdığı distopiyaya utopiya yazan tək müəllifdir. Antik yunan mifologiyası, Polineziya antropologiyası, sanskritcə və çincə Buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya... Absurd olan qədim və yeni nə kitab varsa, şeir, ədəbiyyat, tənqidlər, politoloji şərhlər və minlərlə müsahibələr... Haksli “Cəsur Yeni Dünya”nı və “Ada”nı bütün bunlardan topladığını deyir. Müəllifin əsərin finalı haqqında sonradan etdiyi düzəlişsə diqqətəlayiqdir. “Şübhəsiz, “Cəsur Yeni Dünya”da da bir çox yanlışlar var. Ancaq bunları düzəltmək üçün yenidən yazmalı olsam,(yaşımın verdiyi təcrübə ilə əlaqədar) kitab tamamilə başqa istiqamətdə gedəcək. Lakin bunlardan birini, əsərdəki ən ciddi yanlışı qeyd etməliyəm. Baş qəhrəmana, sadəcə, iki şans tanınır, ya Utopiyada hedonist bir həyat, ya da hindu kəndində ibtidai bir həyat. Əsəri yazdığım vaxtlarda bu iki seçim mənə çox əyləncəli gəlirdi. Lakin romanı indi yazmış olsaydım, “Vəhşi”yə üçüncü şans da verərdim. Utopiyadan qaçaraq hinduların sərhəd bölgələrində yaşayan bir topluma qoşular və onlarla yaşayardı”.