Bu gün dünyada diabet-şəkər xəstəliyi günüdür. Şəkər xəstəliyi hələ eramızdan əvvəl mövcud idi. Bu xəstəlik ilk dəfə Çində meydana gəlib. Həmin dövrdə insanlar bunun bir xəstəlik olduğunu bilmədikləri üçün, ondan əziyyət çəkənlərin demək olar ki, çoxu dünyasını dəyişirmiş. 1776-cı ildə alimlər şəkəri araşdırmağa başlamış və onun bir xəstəlik olduğunu öyrənmişlər. Ancaq onun müalicəsini sadəcə, 200 ildən sonra, 1980-ci illərdə tapıblar.
Heç kimə sirr deyil ki, bu xəstəlik son dövrün ən böyük probleminə çevrilib. Müasir dövrdə ötən əsrlərə nisbətən şəkərli diabetdən əziyyət çəkənlərin sayı 5 dəfə çoxalıb. Əvvəllər yalnız yaşlı insanlar bu xəstəlikdən əziyyət çəkirdilərsə, müasir dövrdə bu bəla gənclərin də ən böyük probleminə çevrilib.
Axşam.az xarici mətbuata istinadən diabet xəstəliyinin səbəblərini təqdim edir:
Şəkər nədir?
Mədəaltı vəzinin ifraz etdiyi insulin qlükozanın bədəndən sovrulmasını təmin edir. Normal işləyən mədəaltı vəzi qanda qlükozanın səviyyəsini daim normada saxlayır. Bəzən bu sistem pozulur. Mədəaltı vəzinin insulin ifrazının azalması nəticəsində qanda qlükozanın miqdarı yüksəlir və şəkər xəstəliyi meydana çıxır.
Şəkər xəstəliyi zamanı karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. İnsulin qlükozanın orqanizmin hüceyrələrinə daxil olmasını təmin edir. Orqanlar şəkər qəbul etmədikdə öz funksiyalarını itirir və yağları əritməyə başlayır. Bu zaman bədəndə olan yağlar son damlasına qədər əriyir. Nəticədə, xəstə arıqlayır.
Şəkərin növləri:
Şəkər xəstəliyinin iki növü mövcuddur: Birinci halda insulin işinin pozulması baş verir. Mədə insulinin miqdarı azalır. Şəkərin bu növü insulin çatışmazlığı adlanır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20 faizə qədər azalır və ya tam sıradan çıxır. Şəkərin bu növünə 10-15 faiz insanlarda rast gəlinir. Bu zaman mədə şirəsi azalır və o lazımı qədər insulin ifraz edə bilmir və qlükoza orqanizmin müxtəlif yerlərinə daşına bilmir. Nəticədə, qanda şəkərin miqdarı artır. Şəkərin bu növünə ən çox gənclərdə, qohumları şəkər xəstəsi olanlarda rast gəlinir. İnsulin çatızmazlığı tez-tez xəstələnməyə səbəb olur. Buna görə də diabet xəstələri tez-tez qrip olurlar.
Diabetin ikinci tipinə aid olan insanların bədənində isə insulin tamamilə yox olur. Belə halda orqanizm insulin ifraz etmək qabiliyyətini itirir. Şəkərin birinci növündə xəstə dərmanla müalicə olunur. İkinci növ şəkər xəstələri isə daim insulindən istifadə etməlidirlər. Belə xəstələr şəkərdən və spirtli içkidən tamamilə uzaq olmalıdırlar.
Şəkər xəstəliyinin ilkin əlamətləri:
· Dəri tez-tez quruyur və çatlayır
· Turş ərzaqlara meyl olur
· Bədənin zədələnən yerləri çətin sağalır
· Qadınlar ginekoloji xəstəliklərdən əziyyət çəkirlər
· Mədə və mədəaltı vəzi tez-tez ağrıyır
· Beyinə insulin çatmadığından tez-tez baş ağrıları olur
· Böyrəklər və qaraciyər tez-tez ağrıyır
· Gözlər zəifləyir, mirvari suyu gəlir, tez-tez sulanır
· Əsəb nevroza gətirib çıxarır
· Diabet xəstəliyi zamanı kişilər halsızlaşır, qadınlar isə aylıq tskldən kəsilir
Şəkər orqanların funksiyasını zəiflədir
Şəkər təkcə mədəyə və mədəaltı vəziyə deyil, həm də beyinə və digər orqanlara da təsir edir. Diabetin ən çox təsir etdiyi orqanlardan biri də ürəkdir. Belə xəstələrin çox vaxt ürəkləri sıxılır, ağrıyır. Onlar nəfəs almaqda çətinlik çəkirlər. Şəkər xəstəliyi həmçinin beyinə də təsir edir. Belə xəstələr çox vaxt nevroz olurlar. Onları əsəbləşdirmək isə daha təhlükəlidir. Şəkər xəstələri ilə ehtiyatlı davranmaq lazımdır. Bir az stress, əsəb və gərginlik onların komaya düşməsinə səbəb ola bilər. Ümumiyyətlə, şəkər sağalmaz bir xəstəlikdir. Çoxları bunu ağır dərd hesab edib, özlərini cəmiyyətdənkənar aparır və ömürlərinin azaldığını fikirləşirlər. Ancaq şəkər xəstələri bilməlidirlər ki, bu zaman onların həyatı öz əllərindədir. Pəhriz saxlamaqla, daim həkim nəzarətində olmaqla və məsləhətləri vaxtı-vaxtında yerinə yetirməklə onlar xəstəliklərini normada saxlaya bilərlər.
Uşaqlarda şəkər xəstəliyi
Şəkər xəstəliyinə təkcə böyüklərdə deyil, həmçinin kiçik yaşlı uşaqlarda da rast gəlinir. Əgər ana xəstədirsə 3-7 faiz, əgər ata şəkərdirsə 10 faiz körpədə də bu hal olur. Bəzən isə uşaqlarda anadangəlmə şəkər xəstəliyi müşahidə edilir. Belə uşaqlarda insulin hormonları olmur. Valideynlərə məsləhət görərdim ki, uşaqlarında tez-tez şəkərin miqdarını yoxlatdırsınlar. Çünki bu xəstəlik ilk vaxtlar heç bir fəsad törətmədən qanda meydana gəlir və get-gedə miqdarı artır.
Şəkər və hamiləlik
Şəkər xəstələrinin hamilə qala bilib-bilməmələri hamını maraqlandıran məsələlərdəndir. Çoxları elə hesab edir ki, belələrinin hamilə qalması mümkün deyil. Ancaq qəribə olsa da çox vaxt şəkər xəstələrinə hamilə qalmağa icazə verilir. Belə qadınlar 9 ay həkim nəzarətində olmalıdır. Onlara daim insulin vurulur. Əgər qadının orqanizmi müalicəyə qarşı müsbət reaksiya verməsə, onda hamiləlik yarımçıq kəsilməlidir.
Şəkər xəstələrinə məsləhət görülür:
· Qara arpanı qaynadıb, hər səhər acqarına 1 stəkan için.
· 40 gün hər səhər yuxudan duran kimi 30 qr. abqora için.
· Şəkər xəstələrində susuzluq halları tez-tez olduğundan onlara limon şirəsi və quşüzümü şərbəti içmələri məsləhət görülür.
· 1 litr suya 4-5 x/ q. gil tozu əlavə edib, kölgəli yerdə saxlayın. 3 gün hər dəfə 20 dəqiqədən bir 2-3 qaşıq için.
· Cəfərini və limonu ət maşınından çəkin. Hər səhər 1 xörək qaşığı yeyin.
· Yemlik otunu qurudun. Hər gecə yatmazdan əvvəl termosa 0,5 litr qaynar su və 2 x/q. ot qurusundan töküb, səhərə kimi saxlayın. Səhər yuxudan duranda 1/3 stəkan için. Gün ərzində yeməkdən 20 dəqiqə əvvəl həmin dəmləmədən içmək şəkəri azaldır.
· Soğanı əzib, suyunu çıxarın. 500 millilitr soğan suyuna 96 faizlik təmiz spirt qatıb, şüşə qabda və qaranlıq yerdə saxlayın. Ondan 5 həftə hər gün 1 xörək qaşığı için.
· 1 stəkan təmizlənməmiş yulafı qaynanmış soyuq suda yuyun. Sonra üzərinə 1 litr qaynar su töküb, bağlı qabda saxlayın. Bunu axşam etməyiniz məsləhətdir. 12 saat saxladıqdan sonra yulafı tənzifdən keçirin. Süzülmüş sudan gündə üç dəfə için.
· Yatmazdan əvvəl təzə gicitkanın yarpaqlarını termosa atıb, üstünə qaynar su alın. Ertəsi gün bu sudan 4 dəfə 1/3 stəkan için. Təzə gicitkan yarpaqlarından bişirilmiş şi və hazırlanmış salat qandakı şəkəri azaldır.
· Qarağat ağacının yarpağını qurudun. 2 x/q. yarpaq qurusunu 0,5 litr qaynar suya töküb, 15-20 dəqiqə qaynadın. Gündə 2-3 dəfə 1 stəkan için.
