|
Ölkə rəsmilərindən Avropa Oyunları ilə bağlı brifinqdə-

Əli Həsənov: “Təəssüflər olsun ki, Azərbaycana qarşı kampaniya aparılır; bununla bağlı bizdə faktlar var”; Azad Rəhimov: “Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram”

İyunun 11-də Bakıda Birinci Avropa Oyunları ilə əlaqədar mətbuat konfransı keçirildi. Çoxsaylı yerli və xarici media mənsublarının suallarını Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla gənclər və idman naziri Azad Rəhimov cavablandırdı. 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev öncə bildirdi ki, Avropa Oyunları ilə əlaqədar jurnalistlər dövlət rəsmilərinə çoxsaylı suallar ünvanlayıb və prezident İlham Əliyevin şəxsi tapşırığı əsasında geniş mətbuat konfransının keçirilməsi, suallara ətraflı cavab verilməsi qərara alınıb.
 
İlk sualın müəllifi olan  “Əl-Cəzirə”nin təmsilçisi oyunlara hazırlıqda korrupsiya iddialarının olması və siyasi məhbusla bağlı suallara cavab istədi. Nair Azad Rəhimov bu yarışların Azərbaycanın tarixində ən önəmli hadisə olduğunu və hazırlıqların yüksək səviyyədə başa çatdırıldığını dedi. Avropa Oyunlarında korrupsiyanın olması iddialarını cavablandıran A.Rəhimov dedi ki, bu fikirlər əsassızdır: 
 
“Azərbaycanın idman büdcəsi ildə 10 milyon avro təşkil edir. Bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur. Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram. Avropa Oyunlarının büdcəsinə gəlincə isə büdcə 960 milyon manat idi və sonradan 1 milyon 74 min manat sərf olundu. Ancaq biz xərclərimizi azaltmışıq. Çünki manat 31 faiz devalvasiya olunub. 134 milyon manat da manatın devalvasiyası nəticəsində əmələ gəlib. Maaşların əsas hissəsi xarici mütəxəssislərə ayrılıb. Xərcləri açıq şəkildə təqdim edə bilərik”. 

“Azərbaycan çağırışlara uyğun olaraq siyasi məhbusları azad edəcəkmi” sualına cavabında prezident köməkçisi Əli Həsənov bildirdi ki, son vaxtlar Azərbaycanda azad medianın mövcud olmadığı, siyasi məhbusların olduğu ciddi şəkildə gündəmə gətirilir: “Azərbaycan 15 ilə yaxındır Avropa  Şurasının üzvüdür. Azərbaycan məhkəmələrinin qərarından kimsə razı deyilsə, bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edə bilər. Deməli, Azərbaycan məhkəmələri heç kəsi Avropa prinsiplərindən kənar mühakimə edə bilməz. Biz Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq və buna da tam əsasımız var ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ayrı-ayrı əməllərə görə barəsində cəza çıxarılan şəxslər var.
 
Azərbaycan hüquqi dövlətdir, burada tam siyasi fəaliyyət azadlığı mövcuddur. 55 rəsmi qeydiyyata alınmış siyasi partiya var, onlar kütləvi tədbirlər keçirməkdə, seçkilərdə iştirakda tam azaddır.  Avropanın bəzi dairələri tərəfindən deyilən Azərbaycanda “siyasi məhbus var, ölkədə mətbuat azadlığı mövcud deyil” fikirləri yanlışdır”. Ə.Həsənov qeyd etdi ki, bəzi Qərb dairələri idmanı siyasiləşdirməyə çalışırlar: “Bizdə də belə faktlar mövcuddur ki, Azərbaycanın yürütdüyü siyasətə subyektiv yanaşaraq onu başqa istiqamətə yönəldən qüvvələr var. Bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz müstəqil şəkildə öz yolumuzla getməyə, əməllərimizin mahiyyətini dünyaya çatdırmağa çalışırıq. Təəssüf ki, Azərbaycana qarşı kampaniya aparılır. Bununla bağlı bizdə faktlar var. Biz bundan təəssüflənirik, onları bu yoldan çəkilməyə çağırırıq”.
 
Administrasiya rəsmisi xarici mətbuatda yazılanların arxasında dayanan qüvvələrdən də bəhs etdi: “Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır. Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq”. Ə. Həsənov bildirdi ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: "İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. "Eurovision" yarışmasında da bunu müşahidə etdik. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, “The Guardian”, BBC kimi nəşrlər də təəssüf ki, "London platforması"nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək. Azərbaycanın dostları dünyada çalışırlar ki, bu anti-Azərbaycan kampaniyası effektsiz olsun".

A.Rəhimov da idmanın əslində sülhün bərqərar olunmasına xidmət etdiyini bildirdi: “Bu gün Olimpiya kəndində 50 ölkənin idmançılarının birgə yaşaması bunun sübutudur. İdmanı siyasiləşdirmək istəyən təşkilatlar öz məqsədlərinə nail ola bilməyəcək”. Bakıda təhlükəsizlik tədbiri və nəqliyyat sistemindəki vəziyyətlə bağlı danışan A.Rəhimov dedi ki, idmançıların tıxaclarda qalmaması, rahat şəkildə idman kompleksinə gedib çatması üçün tədbirlər görülüb: “Mümkün qədər az narahatlıq yaratmağa çalışdıq. Nəqliyyat məsələlərini həll etmək üçün 200-dən yuxarı ən müasir avtobuslar alınıb. Eyni zamanda Nəqliyyat Nazirliyi 440 yeni London taksisi almağı nəzərdə tutmuşdu. Təhlükəsizlik sahəsində  isə dünyadakı ən yeni texnologiyadan istifadə olunub”. 
 
 “Komsomolskaya pravda”nın əməkdaşı oyunlara Ermənistandan olan idmançılarında dəvət olunmasını xatırlatdı. “Siz onlarla necə əlaqə saxlayırsınız və Bakıdakı şahmat olimpiadasına dəvət edəcəksinizmi” sualına cavabında A.Rəhimov öncə dedi ki, 20 ildir Azərbaycan əraziləri işğal olunub. Ancaq 2008-ci ildə də Bakıdakı güləş üzrə dünya çempionatında ermənilər 41 idmançı ilə iştirak edib: “Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətinə 25 nəfər daxildir. Bundan əvvəl boksçular da bu yarışlara qatılıb. Beynəlxalq təşkilatın üzvü olan ölkələr keçirilən yarışlarda iştirak etmək hüququna malik olmalıdır. Onların təhlükəsizliyinə təminat verilməsi ilə bağlı məktub yazılıb və ermənilər də iştirak edib. 2016-cı il iyul ayında Formula-1 yarışları keçiriləcək. Orda ermənilər iştirak etməyəcək. Amma şahmat yarışlarına gələcək. Amma İslam oyunlarında ermənilər iştirak etməyəcək. 2020-ci il futbol üzrə Avropa çempionatında iştirak da onların komandasının nəticələrindən asılı olacaq”.
 
A.Rəhimov dedi ki, Avropa Oyunlarına hazırlıq dövründə yaradılan idman infrastrukturu artıq imkan verir ki, müxtəlif idman yarışları keçirilsin. 
 
CNN-in əməkdaşının “Amnesty İnternational” təşkilatının təmsilçisinin ölkəyə buraxılmaması barədə suala cavab verən Ə.Həsənov dedi ki, bununla bağlı şəxsən araşdırma aparıb: “Amnesty İnternational” təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib. Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib. “Amnesty İnternational” təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb: “Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də “Amnesty İnternational”  adından yayılan bəyanatın əsası yoxdur”.
 
Ə.Həsənov  dedi ki, Avropa Oyunları Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacaq: “Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin, separatçı düşüncəli şəxslərin girovuna çevrilib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan bəri 25 ildən artıqdır ki, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma Ermənistan tərəfindən yerinə yetirilmir. Bu dövlət BMT-yə meydan oxuyur. Ermənistan yenə də təhdidlərini davam etdirir. Biz zamanında xəbərdar etdik ki, əgər Dağlıq Qarabağda separatçılığın qarşısı alınmasa, oxşar hadisələr davam edəcək. Sonuncu, Ukraynada baş verən hadisələr, ondan əvvəl MDB-də baş verən hadisələr göstərdi ki, separatizmə şərait yaratmaq olmaz. Ona görə də nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi var, dünyada və bölgədə sülhün tam bərqərar olmasından danışmaq olmaz”.
 
Latviya qəzetinin əməkdaşı Azərbaycanda buz üstə xokkey idman növünün inkişaf edib-etməyəcəyi barədə soruşdu. A.Rəhimov dedi ki, maddi-texniki baza, mənzil qərargah olmalıdır. “Deyək ki, biz Bakıda bir xokkey komandası yaratdıq, o, kiminlə yarışacaq. Gərək regionlarda da yaradaq, bu isə böyük xərclər tələb edir. Bakıda buz meydançası var idi, onun buzunu saxlamaq çox çətin idi. Şahdağda, Qəbələdə bu idman növünü inkişaf etdirməyə imkan var”. 
 
Avropa Oyunlarının büdcəsi ilə bağlı növbəti dəfə səslənən sualın cavabında A.Rəhimov milyardların sərf olunması barədə iddiaları qəbul etmədi. Niderlandın İkinci Avropa Oyunlarından imtina etməsindən bəhs edən jurnalistlərdən biri “450 milyard dollarlıq büdcəyə sahib olan bir ölkə necə olub 57 milyon tapa bilməyib ki, İkinci Avropa Oyunlarını keçirtsin” soruşdu. A.Rəhimov dedi ki, bu, Niderlandın büdcəsini şərh  etmək hüququn malik deyil: “Amma əvvəl Niderland razılıq vermişdi, sonra fikrini dəyişdi”.
 
 
Son günlər Qərbdən artan təzyiqlər fonunda Azərbaycanın xarici siyasəti ilə bağlı sualı cavablandıran Ə.Həsənov isə bunları söylədi: "Biz bölgәdә balanslı, qarşılıqlı faydalı münasibәtlәrә yönәlәn partnyorluq siyasәti yürüdürük. Azәrbaycan SSRİ dağıldıqdan sonra müstәqillik qazanmış 15 ölkәdәn biri oldu. O zaman qarşımızda 3 yol vardı - biri yalnız postsovet ölkәlәri ilә münasibәtlәri davam etdirmәk, digәri Qәrb, demokratik inkişaf, Avropa İttifaqı prinsiplәri, Avropa dәyәrlәri istiqamәtindә fәaliyyәt göstәrmәk vә üçüncüsü, Asiya ölkәlәrinin Qoşulmamaq Hərəkatına  qoşulub müstәqil siyasәt yürütmәk. Hәr üç seçim cәlbedici görünürdü. Lakin problemlәri dә var idi. 1990-93- cü illәrdә Azәrbaycanda vәtәndaş qarşıdurması, xaos yaşanırdı. 
 
1995-ci ildә konstitusiya qәbul edildi. Azәrbaycan prezidenti açıq-aşkar bәyan edib ki, biz öz yolumuzla gedirik. Siyasәtimizin әsas mahiyyәti Azәrbaycan xalqının maraqları üzәrindә köklәnib. Avropa İttifaqının qonşuluq siyasәti proqramında iştirak etmәk, Avrasiya İqtisadi Birliyinә qatılmaq, digәr tәrәfdәn Qoşulmamaq Hәrәkatına yönәlmәk kimi cәlbedici tәkliflәr var. O yerdә ki Azәrbaycanın maraqlarına uyğun yürüdülәn siyasәt var, orada Azәrbaycan da var. Azәrbaycan qarşılıqlı, faydalı, ikitәrәfli münasibәtlәrә üstünlük verir. Kollektiv öhdәlik, kollektiv birlik münasibәtlәrinә tәnqidlә yanaşır. Ona görә hәm İran, hәm ABŞ, hәm İsrail, hәm Türkiyә ilә münasibәtlәr qururuq. Azәrbaycanın maraqlarına söykәnәn, lakin kimsәnin maraqlarına kölgә salmayan istənilən yol bizim marağımıza uyğundur vә bu regionda әn keçәrli siyasәtdir”.
 
Azərbaycana təzyiqlərin səbəblərindən bəhs edən Ə.Həsənov qeyd etdi ki, Avropa Oyunlarının qısa müddətdə Azərbaycanda təşkili bəzi qüvvələrə cəlbedici görünür və bu  tədbiri qaralamaq istəyirlər: “Erməni lobbisi, erməni dairələri də neçə illərdir istənilən məsələ ilə bağlı anti-Azərbaycan kampaniysı aparırlar. Azərbaycanın siyasətini qəbul etməyən dairələr var ki, onlar da Azərbaycanı öz yanında görmək istəyirlər.” 
 
“Qardian”ın müxbirinin Azərbaycana daxil olmasına icazə verilməməsi barədə suala cavabında isə hər iki dövlət rəsmisi bildirdi ki, bu məsələnin rəsmi Bakıya aidiyyəti yoxdur. 
"Bu gündən başlayaraq, Azərbaycana dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədir. Onların 15-20 nəfəri dövlət və hökumət başçısı, 35-40 nəfər isə dövlətləri təmsil edən yüksək vəzifəli hökumət nümayəndəsi olacaq”. Ə.Həsənov Avropa Oyunlarında iştirak edəcək xarici ölkə rəsmiləri barədə danışarkən bunları bildirdi. Prezident köməkçisi Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyini vurğuladı.
Cia.az