|
Pekindən Azərbaycana ərazi bütövlüyü dəstəyi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Cao Sidi ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən Cia.az-a bildirilib ki, C.Sidi Azərbaycana ikinci səfərinin Birinci Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini, bu genişmiqyaslı idman tədbirinin Azərbaycan tərəfindən uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nəzərəçarpacaq dərəcədə inkişafının dövlətçilik qüdrətinin artmasına bariz nümunə olduğunu deyən C.Sidi bu xüsusda, Ümummilli Lider Heydər Əliyev tərəfindən yürüdülmüş siyasi uzaqgörənlik və müdrikliyi xüsusi vurğulayıb.

Görüş zamanı BMT-nin Təhlükəsizlik Şurasının islahatlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C.Sidi BMT Təhlükəsizlik Şurasının islahatı və bu xüsusda cərəyan edən proseslər barədə ölkəsinin mövqeyini açıqladı.

Nazir E.Məmmədyarov beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verib. O, münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin hələ də icra edilməmiş qalmasına istinad edərək, Azərbaycan tərəfinin BMT Təhlükəsizlik Şurasının effektivliyinin artırılmasına gətirib çıxaracaq islahatların aparılmasında maraqlı olduğunu bildirib.

Çin nümayəndəsi bildirdi ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamlərinin icra edilməsinin və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır.

Tərəflər iki ölkə arasında siyasi dialoq və praktiki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Cia.az