İyunun 7-də birinci Avropa Oyunlarının alovu Bakı ilə tanışlığını İçərişəhərlə davam etdirdi. “Qədim Bakı” çay evində müğənni Ədalət Şükürovun iştirakı ilə fotoçəkiliş aparıldıqdan sonra, Bakının yeni rəmzlərindən birinə çevrilmiş və memarlığı ilə göz oxşayan “Alov qüllələri”ndən başlandı. Hündürlüyü 190 metr olan qüllədən kəndirlə enən məşəlçi, alpinist Rinat Rəhimxanov estafetə start verdi. Karvan sonra İçərişəhərə yola düşdü. Yürüş daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi, yunan-Roma güləşçisi Fərid Mansurov, müğənni Faiq Ağayev, Pekin-2008 olimpiadasının qalibi, cüdoçu Elnur Məmmədli, atletika veteranı, Moskva-1980 Yay Olimpiya Oyunlarının hakimi olmuş Abbas Əzimov, «Bakılı oğlanlar» ŞHK-nin çempion heyətinin üzvü olmuş Bəhram Bağırzadə, yunan-Roma güləşi üzrə 2010-cu ilin dünya çempionu Həsən Əliyev, voleybol veteranı, «Top komandalar kuboku»nun qalibi Alla Həsənova, bəstəkar, dirijor Yalçın Adıgözəlov, musiqiçi Ənvər Sadıqov, aktrisa Şəfiqə Məmmədova, Avropa Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos və bəstəkar, müğənni Tünzalə Ağayevanın iştirakı ilə davam edərək, XXI əsrdə inşa olunmuş Məhəmməd məscidinin qarşısından keçməklə İçərişəhərin göz oxşayan tarixi küçələri ilə davam etdi.
Məşəl estafetinə Azərbaycan memarlığının incilərindən Şirvanşahlar sarayında başa vuruldu. Şirvanşahlar sarayında Tünzalə Ağayeva, «Yay» qalereyasında aktyor, Xalq artisti Rasim Balayev, «Nə? Harada? Nə vaxt?» intellektual oyunlarının çempionu Günel Babayeva İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində, SSRİ Xalq artisti, dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılıq emalatxanası olmuş özünün ev-muzeyində, «Nə? Harada? Nə vaxt?» intellektual oyunlarının çempionu Adnan Axundov İçərişəhərdəki sıra tağlı dini-memarlıq kompleksində açıq səma altında daş abidələri ekspozisiyasında, muğam ifaçısı, Xalq artisti Arif Babayev arxeoloji parkında, rəssam Əli Şəmsi öz evində, muğam ifaçısı Canəli Əkbərov Muğam karvansarasında, müğənni Zülfiyyə Xanbabayeva Qız qalasında fotoçəkilişlərdə iştirak etdilər.
Cia.az
