Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sabiq vitse-primyerə Avropa Oyunlarına bir bilet belə ala bilməyib...
Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlməyi çox arzulayan baş nazirin sabiq birinci müavini Abbas Abbasov rədd cavabı alıb. “Azərbaycanda keçiriləcək Avropa Oyunlarında iştirak etmək üçün məni Bakıya heç kəs dəvət etmədi. Dəvətsiz yerə isə getmək olmaz”. Azerros.ru saytına açıqlama verən Abbas Abbasov niyə dəvət edilməməsinin səbəbini bildiyindən bu barədə ətraflı danışmayıb. O, Avropa Oyunlarına görə Azərbaycana edilən qarayaxma kampaniyasını pisləməklə kifayətlənib.
“Yeni Müsavat” hələ bir neçə ay əvvəl öz mənbəsinə istinadən Avropa Oyunlarına gəlmək istəyən A.Abbasova “yox” cavabı verildiyini yazmışdı. Məlumdur ki, A.Abbasov Dünya Güləş Federasiyasında “Güləşin dostları” təşkilatının rəhbəridir. O, məhz bu yarışlara gəlməyi hakimiyyətlə barışıq üçün son şans hesab edirdi. A.Abbasova hələ bir neçə ay öncədən deyilmişdi ki, onun adı ümumiyyətlə açılış mərasimində iştirak edəcək ali qonaqların siyahısına daxil edilməyib.
Qeyd edək ki, baş nazirin sabiq birinci müavininin oğlu da bir müddət əvvəl atasının məhz Bakıya Avropa Oyunlarında gələcəyinə ümidli olduğunu demişdi. A.Abbasovun özü isə hələ çox əvvəl “bir də tabutda” Bakıya qayıdacağını söyləyərək “ona da əgər icazə versələr” əlavəsini etmişdi.
A.Abbasovun Bakıya bu dəfə də buraxılmaması onunla bağlı hakimiyyətin qəti qərar verdiyi hesab oluna bilər. Belə görünür ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə sabiq vitse-primyerə bir bilet belə ala bilməyib. Qeyd edək ki, “AzerRos”un yeni rəhbəri Söyün Sadıqov Rusiyadakı səfirimizi mütəmadi olaraq Abbas Abbasovla birgə hərəkət etməkdə ittiham edir. P.Bülbüloğlu isə bu ittihamlara cavab vermir...
Cia.az
