İyunun 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda 10 yaşli Alsunun “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Quş yuxusu” kitabının təqdimat mərasimi keçirilib.
Cia.az-ın Azərtac-a istinadən məlumatına görə, müəllifin hekayə, esse və gülməcələri toplanmış “Quş yuxusu” kitabı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
AYB-in katibi, xalq şairi Fikrət Qoca, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, AYB-in yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, şair Oqtay Rza və başqaları müəllifə uğurlar arzulayıb, onun gələcəkdə Azərbaycanın ədəbi-mədəni mühitində özünəməxsus yer tutacağına inandıqlarını bildiriblər.
Tədbirdə AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından, yaşının azlığına baxmayaraq məsələlərə münasibətindəki özünəməxsusluğundan danışıb. R.Məcid qeyd edib ki, bu yaşda kitab nəşr etdirmək Alsunun ədəbiyyata olan daxili tələbatından irəli gəlir. O, Alsunu lap uşaq vaxtlarından tanıdığını, onun itiağıllı, hazırcavab və zirək olduğunu, gələcəkdə kitab və ədəbiyyata sevgisinin daha da artacağına inandığını söyləyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov müəllifin hekayələrindəki səmimiyyəti dəyərləndirib. Bildirilib ki, “Quş yuxusu” Alsunun ürək çırpıntılarıdır, on yaşlı uşağın bu cür kitabla oxucuların görüşünə gəlməsi böyük cəsarətdir.
Tədbirdə çıxış edən balaca müəllif kitablara və ədəbiyyata olan marağından danışıb, təqdimat mərasiminə toplaşanlara təşəkkürünü bildirib.
Qeyd edək ki, Alsu şair Qulu Ağsəs və yazıçı-publisist Laura Cəbrayıllının övladıdır.
