Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərindən sonra gərginlik davam etməkdədir. Hər kəs yeni hökumətin necə qurulacağını maraqla gözləyir.
Andy-Ar araşdırma şirkətinin açıqlamasında bildirilir ki, hakim Ədalət və İnkişaf partiyasının (AKP) daxilində üzvlərin 76%-i partiyaya lider kimi sabiq prezident Abdulla Gülü görür.
Araşdrımalara görə, Ankara kulislərində danışılır ki, erkən seçkilər keçirələrsə, AKP-də lider dəyişikliyi olacaq.
"Ərdoğan və Gül bundan əvvəl iki tənzimləyici şəxs kimi çalışıblar. Ölkəni birlikdə idarə etməyi bacarıblar. Əgər onlar yenidən bu qayda ilə işə başlasalar seçkilərdə itirdikləri səsləri geri qaytara və 47-50% səs toplaya bilərlər. Ərdoğan tək başına erkən seçkilərə gedəcəksə, daha çox səs itirəcək", deyə Andy-Ar şirkətinin prezidenti Faruk Acar bildirib.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.
Cia.az
