|
Bakıya edilən təzyiqlərin alt qatında nə var?

Mehman Əliyev: “Mən yenə nikbin baxıram ki, Azərbaycan tərəfi iradları qəbul edəcək və daha müdrik addımlar atacaq”; Siyavuş Novruzov: “Avropa həzm eləyə bilmir ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir” 

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına sayılı günlər qalarkən Avropada iqtidar mənsublarının təbirincə desək, total şəkildə anti-Azərbaycan dalğası başlayıb. İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar. Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov və İntiqam Əliyevin şəkilləri olub. 

 
 
Avropalı parlamentarilər bununla siyasi məhbusların azad  olunmasına çağırıblar. Contact.az məlumat yayıb ki, daha sonra Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek çıxış edərək bildirib ki, Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalıdır. O qeyd edib ki, bununla bağlı   qətnamə çıxarılmalıdır. Qeyd edək ki, “Amnesty İnternational” , “Freedom House”, “Human Right Watch”, Norveç İnsan Haqları Evi Azərbaycanda Avropa Oyunları öncəsi həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərə qarşı  repressiyalardan narahatlıq ifadə edən bəyanatlar yayıblar. Onlar bəyanatlarda Azərbaycan hakimiyyətini  bu həbslərə son qoymağa, insan hüquqları sahəsində ölkənin üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıblar. 

Avropanın adına keçirilən yarışlar ərəfəsində, 10 iyunda Avropa Parlamentində də Azərbaycandakı duruma həsr olunan dinləmələr keçiriləcək. Bütün bunlar son günlərin ən çox səslənən sualına növbəti dəfə qayıtmağa əsas yaradır: nə baş verir, Avropa Bakıdan insan haqları və demokratiya ilə bağlı öhdəliklərin yerinə yetirilməsinimi tələb edir, yoxsa pərdə arxasında başqa məsələlər var?   
 
 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əsas səbəbi bu oyunlar vasitəsilə Azərbaycanı Avropaya daha da yaxınlaşdırmaq idi: “Hakimiyyət başa düşürdü ki, ”Eurovision"  müsabiqəsində siyasi məsələlər önə çıxdığı kimi, burda da həmin mənzərə təkrar olunacaq. Azərbaycan hökuməti buna nə qədər hazır idi, nələri etmək istəyirdi, bunu demək hələlik çətindir. Digər tərəfdən isə məncə, hakimiyyət bu oyunlardan bəhrələnmək üçün istifadə etdi. Çünki korrupsiya elementləri çoxdur. Özləri deyirlər ki, 1,2 mlrd. vəsait xərclənib, ancaq Qubad İbadoğlunun və başqalarının araşdırmaları göstərir ki, rəqəmlər bir neçə dəfə artıqdır. Ona görə də bu layihələr şirnikləndirici əsas amil idi. Düzdür, imicdən danışılır, ancaq imici qazanmaq üçün gərək Avropa dəyərini qəbul edəsən və onlara hörmət bəsləyəsən". 
 
M.Əliyev Azərbaycan tərəfin ATƏT-in Bakı ofisini bağlamaqla bağlı ortaya mövqe qoymasını da təsadüfi saymır:“Bu, sanki ATƏT-i şantaj etməkdir. Azərbaycan rəhbərliyi onu göstərmək istəyir ki, bizə heç kəs təzyiq və təsir edə bilməz, öz siyasətimizi istədiyimiz formada həyata keçirəcəyik. Bu gün belə bir siyasət görünür”. 
 
Avropanın Oyunlardan sonra hansı mövqedən çıxış edəcəyinə gəldikdə, M.Əliyev Amerikanın ATƏT-dəki nümayəndəsinin açıqlamasına diqqət çəkdi: “Bayer dedi ki, konsensus lazımdır, ATƏT-in ofisinin bağlanması regional təhlükəsizlik üçün problemlər yaradır. Deməli, artıq bu, təkcə Azərbaycanın problemi deyil, daha ciddi məsələdir. Yəni buna da cavab vermək lazım gələcək. Amma Avropanın davranışları onu göstərir ki, öz məqsədlərində israrlıdır və geri çəkilmək niyyətində deyil. Azərbaycan tərəfi də sanki bunu nümayiş etdirmək istəyir. Mən yenə nikbin baxıram ki, Azərbaycan tərəfi iradları qəbul edəcək və daha müdrik addımlar atacaq. Özü də ölkədə mövcud olan vəziyyət, iqtisadi böhran, ciddi islahatların aparılmasına tələbat onsuz da çağırışlardır və bunlara cavab vermək lazımdır və oyunlardan sonra bu məsələlərə ciddi diqqət yetiriləcək”. Siyasi analitik yaxın günlərdə gərginliyin yumşaldılması üçün ən azı əfvin veriləcəyi ilə bağlı informasiyalar aldığını da vurğuladı: “Mən də gözləyirəm ki, bu gün-sabah hər hansı addım atılacaq”. 
 
 
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov təzyiqlərə fərqli prizmadan yanaşır: “BMT Bəyannaməsində bütün idman yarışları həyata keçirən təşkilatlara, digər qurumlara tövsiyə olunur ki, idmanı siyasətə qatmasınlar. Təəssüflər olsun ki, Avropa Parlamenti idmanı siyasətə qatır. İyunun 10-da Avropa Parlamentində ”idman və insan hüquqları" adı altında ayrı-ayrı siyasi partiyaların nümayəndələri dinləmə keçirməyə hazırlaşır. Təbii ki, biz bununla əlaqədar öz mövqeyimizi ortaya qoymuşuq, bəyanat vermişik. Yəni Azərbaycanda keçiriləcək Avropa Oyunlarının başlanmasına iki gün qalmış belə bir aksiya keçirirlər. Burda məqsəd siyasi məhbus, ya digər məsələdə deyil. Sadəcə olaraq, Avropa dövlətlərindən olan bəzi insanların Bakıya gəlməsinin qarşısını almaq istəyirlər. Avropa həzm eləyə bilmir ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir. Bunlar əvvəlcə fikirləşirdilər ki, 2 il yarıma bu hazırlıqları heç bir dövlət başa çatdıra bilməz. Ona görə də səsvermə zamanı həmin ölkələrin hamısı Azərbaycanı dəstəklədi. 
 
Azərbaycan da çox yüksək səviyyədə təşkilatçılıq etdi, qısa müddət ərzində hazırlıqları başa çatdırdı. Məsələn, Rusiyanın özünə Soçi Olimpiadasını keçirən zaman 7 il vaxt verilmişdisə, Azərbaycan 2 il müddətinə bütün qurğuların hamısını hazır vəziyyətə gətirdi və yenilərini tikdi. Yaxud Rusiyaya 3 min idmançı getmişdisə, Azərbaycana 6 min idmançının gələcəyi bəllidir, böyük hissəsi artıq gəlib". YAP-çı deputat əlavə etdi ki, əksər mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi, o cümlədən burdakı ictimai-siyasi sabitlik, xalqla iqtidarın birliyi Avropanı narahat edir. S.Novruzov razılaşır ki, əslində Avropa Oyunlarına ev sahibliyi etmək üçün Bakıya razılıq verməklə Avropa Azərbaycanı tora salmaq istəyirmiş: “Azərbaycan isə tam ustalıqla, yüksək təşkilatçılıqla bunlara sübut etdi ki, biz ”Eurovision"u 9 ay ərzində necə yüksək səviyyədə təşkil edib keçirmişiksə, Avropa Oyunlarını da keçirəcəyik". 
 
İqtidar deputat təzyiqlərin demokratiya və insan hüquqları məsələsindən qaynaqlandığını güman etmir:“Azərbaycanda demokratiya və insan hüquqları bərqərardır və qorunur. Kimsə tutulubsa, bu, həmin adamın törətdiyi cinayətə görədir, onun peşə fəaliyyəti törətdiyi cinayəti gizlədə bilmir”. 
Cia.az