|
Bakıda casus müharibələri:

ATƏT-in  Daimi Şurası iyunun 8-də Azərbaycan hakimiyyətinin təşkilatın Bakıdakı Layihə Koordinatorluğunun fəaliyyətinin dayandırılmasına dair xəbərdarlığını müzakirəyə çıxarıb.

Təşkilatın Vyanadakı mənzil-qərargahında keçirilən müzakirələrdə ABŞ-ın ATƏT-dəki səfiri, Azərbaycan hakimiyyətinin barışmaz düşməni adını qazanmış Daniel Bayer çıxış edəərk Bakının bu xəbərdarlığını “çox məyusedici” adlandırıb.

Daniel Bayerin çıxışı ATƏT-in rəsmi saytında yerləşdirilib.

Səfirin sözlərinə görə, Azərbaycan ötən cümə günü Layihə Koordinatorunun işi ilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq edib.

“Bu, çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil” - səfir Bayer deyib.

Lakin amerikalı diplomat vurğulayıb ki, Layihə Koordinatoru 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərib və onu yalnız konsensus qərarla ləğv etmək olar. Mandat bu ilin sonunda başa çatır. Səfir deyib ki, ofis fəaliyyətini davam etdirməlidir. O, baş katibi yeni daimi Layihə Koordinatoru təyin olunanadək Bakıdakı ofisə müvəqqəti rəhbər təyin etməyə çağırıb.

“Biz Azərbaycan hökumətini Anlaşma Memorandumundan imzasını geri götürmək qərarına yenidən baxmağa çağırırıq. Yeni Anlaşma Memorandumu olacaqsa, bu, tezliklə həyata keçirilməlidir və yeni memorandum indikinin bütün qüsurlarını həll etməlidir, Layihə Koordinatorunun fəaliyyət qabiliyyəti gücləndirilməlidir” - deyə Bayer bildirib.

Səfir ümidvar olduğunu bildirib ki, Azərbaycan hökuməti ATƏT əməkdaşları, mülkiyyəti və ofisinin ziyan və ya qısnama görməyəcəyini təmin edəcək.

Daniel Bayer Bakıda ATƏT-in Layihə Koordinatorluğunun bağlanacağı xəbərinə ictimai reaksiyaya da toxunub: “Müşahidəçilər hökumətin bu qərarına daha geniş təzyiqlər kontekstində, Azərbaycanın beynəlxalq öhdəliklərindən ciddi şəkildə geri çəkilməsi kimi baxırlar. İnsan haqları və fundamental azadlıqlara hörmət bu öhdəliklərə daxildir. Bu, ATƏT üçün yaxşı deyil; bu, regionda təhlükəsizlik üçün yaxşı deyil; bu, Azərbaycan xalqı və hökuməti üçün yaxşı deyil. Ümid edirik Azərbaycan hökuməti 56 üzv dövlətlə birlikdə ATƏT öhdəliklərinin icrası və birgə təhlükəsizliyimiz naminə işləməyin yolunu tapacaq”.

Xatırladaq ki, ATƏT-in Bakıdakı layihə koordinatoru Aleksis Şahtaxtinski geri çağırılıb. ATƏT bunun səbəbini açıqlamayıb, ancaq saytımızın təsisçisi Eynulla Fətullayevin hələ bir müddət əvvəl apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, həmin Daniel Bayer Aleksis Şahtaxtinskiyə güclü təzyiq göstərir, onu Azərbaycan hakimiyyətinə qarşı həddən artıq loyal olmaqda günahlandırır və Bakının ünvanına sərt bəyanatlarla çıxış etməkdən imtina etdiyinə görə Şahtaxtinski Amerika kəşfiyyatının təzyiqlərinə, şantajına məruz qalır.

ATƏT-in Bakıdakı ofisinə yerləşdirilmiş kəşfiyyat əməkdaşları və agentləri bir-birinin ardınca ona qarşı çıxırlar.

Şahtaxtinski məhz Azərbaycan hakimiyyətinə qarşı ABŞ-ın tənqidi sözünü deməkdən imtina etdiyi üçün geri çağırılıb.

Lakin rəsmi Bakı da buna adekvat cavab verib. Şahtaxtinskinin geri çağırılmasından dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiçlə görüşündə Şahtaxtinskinin bu ittihamlarla geri çağırılmasına etirazını bildirib, məsələnin araşdırılmasını tələb edib. Ardınca Azərbaycan XİN ATƏT-in Daimi Şurasına Bakıdakı Layihə Koordinatorluğunun bir ay ərzində bağlanmasına dair rəsmi xəbərdarlıq notası göndərib.

Cia.az