HDP-nin barajı aşmasının Bakı üçün mümkün siyasi sonucları; Türkiyədə hansı koalisiya qurulur-qurulsun, Azərbaycana və Qarabağ məsələsinə bundan ziyan gəlməyəcək...
Qardaş Türkiyə demokratiya yoluna sadiqliyini bir daha nümayiş etdirdi. Ötən bazar baş tutan növbəti parlament seçkiləri Türkiyə xalqının demokratik özünütəsdiqinin yeni nümunəsinə çevrildi. Bununla da qardaş ölkənin guya avtoritarizmə üz tutduğu haqda söz-söhbətlər dəfn olundu, ölkədə azad və ədalətli seçki ənənələrinin, azad toplumun mövcudluğuna şübhələr dağıldı, Türkiyəmizin demokratik, beynəlxalq imici möhkəmləndi.
Son seçkilərin Türkiyə və onun avanqardı olduğu türk dünyası üçün ən mühüm önəmi də məhz bundan ibarətdir: qardaş dövlət, onun cəmiyyəti digər türkdilli ölkələr və xalqlara gediləsi ən yaxşı yolun hansı olduğunu bir daha sərgilədi.
Söz yox ki, 7 iyun seçkiləri prezident Rəcəb Tayyib Ərdoğanın və partiyasının imicinə işləyəcək - bu partiya seçkiləri udmasına rəğmən, təkbaşına hökumət qurmaq, prezidentlik üsul-idarəyə keçid şansını qaçırsa da. Çünki Ərdoğanı az qala diktator kimi qələmə verməyə çalışan bəzi yerli və xarici dairələrin arqumentləri əlindən alınmış oldu. Bəlli oldu ki, Ərdoğan da demokratik fikirli siyasətçi kimi, xalqın iradəsini əsas götürür, ona sayğılıdır və bu iradədən kənar hakimiyyət planları qurmaq niyyətində deyil.
Hər halda, diktatorlar, avtoritar liderlər seçkilərdə belə etmir və öz formal partiyalarına yüksək faizli səsləri çox asanca təmin edirlər. Necə? Şimali Koreya və əksər postsovet ölkələrində kök salmış hakim rejimlərin iş üslubuna, mövcudluq şərtlərinə nəzər salmaq yetər.
***

Odur ki, həm “Ərdoğanın, AKP-nin havası artıq çalınıb” deyənlər tələsir, həm də Türkiyə üçün daha yaxşı dönəm olacaq və yaxud “Türkiyənin parçalanmasının əsası qoyuldu” söyləyənlər yanlışdadırlar. Bir şeyi dəqiqdir və son seçkilər də göstərdi ki, nə olacaqsa da yalnız böyük TÜRK xalqının iradəsi ilə, onun iradəsi çərçivəsində olacaq.
Bu xüsusda o fikri və proqnozu da bölüşmürük ki, guya 7 iyun seçkiləri ilə “Türkiyə üçün gələcəyi uçurum olan bir proses başlayıb” və guya “bunun sonunda Türkiyə və türk milləti heç bir uğur əldə etməyəcək”. Ona görə bu qənaətdəyik ki, “demokratiyada çarə tükənməz”, türk xalqı isə demokratiyaya sədaqətlidir.
Belə bir yanaşma da var ki, guya son seçkilərlə qazanan İmralı, məğlub olan isə Türkiyədir, çünki PKKmeylli HDP 10 faizlik həddi ilk dəfə aşıb. Nə olsun aşıb? Türkiyə İraq və ya Suriya deyil ki, bir kürd partiyasının parlamentdə konstitusiyadan kənar davranışına və ya fəaliyyətinə göz yumsun. Üstəlik, HDP-çilər də daxil, bütün millət vəkilləri fəaliyyətə başlamazdan öncə konstitusiyaya and içəcəklər. Bu andı pozan Türkiyə Böyük Millət Məclisində otura bilərmi?

Yəni separatçı qüvvələr demokratiyanın verdiyi imkan və üstünlüklərdən yalnız “qırmızı xəttə” kimi yararlana bilərlər, - necə ki, yararlanırlar, - ondan o yana heç kimin şübhəsi olmasın ki, türk xalqının sərt üzü və iradəsi gəlir. Bu iradə özünü AKP, CHP və MHP-yə verilən səslərin toplam sayında əyani göstərib.
***
Doğrudur, Türkiyədə AKP-HDP koalision hökumətinin qurulması variantından da danışılır. İddialar var ki, o halda HDP özünə bəzi güzəştlər tələb edə bilər. Məsələn, İmralı (Öcalanla) bağlı, kürd məktəblərinin açılması ilə bağlı. Hətta Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılması şərtinin ortaya atılacağı istisna deyil.
Yeri gəlmişkən, partiya sədri Səlahəddin Demirtaş son seçkilərdən sonra bəyan edib ki, “qələbəmiz (barajı ilk dəfə aşmağımız - red.) Türkiyədəki ermənilər və yezidlər daxil, etnik azlıqların qələbəsidir”. Hərçənd Demirtaş AKP ilə koalisiya qurmayacağını da bildirib.
Bütün hallarda HDP-nin parlamentdə hansı davranış sərgiləyəcəyi böyük ölçüdə onun siyasi aqibətini də müəyyən edəcək. Ölkə konstitusiyasına zidd fəaliyyət bu partiyanın deputatlarının mandatının itirilməsinə gətirə bilər (Belə hallar dəfələrlə olub).

Başqa iddialara görə, HDP-çilər parlamentdə Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılması və saxta soyqırımın tanınması məsələlərini də qaldıra bilərlər. Lakin bu təşəbbüslərin nəticə verəcəyi ağlabatan deyil. Çünki CHP və MHP-nin AKP-yə münasibəti nə qədər soyuq olsa da və hətta MHP DHP ilə (+CHP) koalisiyalı hökumətə razılıq versə belə, “qırmızı xətti” mütləq gözləyəcək.
Bu xətt isə işğalçı Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasını saxta “genosid”in tanınmasını birmənalı rədd edir. Eləcə də CHP-nin məsələdə mövqeyi artıq çoxdan daşlaşmış kimidir. Ona görə əminliklə söyləmək olar ki, qardaş ölkədə hansı koalisiya qurulur-qurulsun, bundan Azərbaycana və Qarabağ məsələsinə ziyan gözlənilmir. Çünki ortada türk xalqının Azərbaycana münasibətdə dəyişməz iradəsi var.
Cia.az
