|
Diplomatı “müxalifət lideri”nə çevirmək planı

“Siyasi dönük” Arif Məmmədov haqda şok iddia; Mirzə Xəzər: “Bu ssenarinin baş qəhrəmanını Arif Məmmədov məharətli aktyor kimi bacarıqla oynayır”; Azərbaycan cəmiyyəti bu texnologiyaya çox da uzaq olmayan tarixdə şahidlik edib: “üsyançı” Rüstəm İbrahimbəyov timsalında... 

İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin sabiq rəhbəri Arif Məmmədovun facebook statusu ətrafında yaradılmış hay-küy böyüyərək az qala beynəlxalq qalmaqala çevrilməkdədir. Yanmış bina ilə bağlı 20 mayda məmurları tənqid edən statusun bir neçə gündən sonra gözlənilmədən medianın “diqqətini çəkməsi” əslində haqlı suallar doğurmuşdu. 

 
Arif Məmmədova münasibətdə indi iki cəbhə yaranıb. Tənqidçi media və müxalifət daha çox Arif Məmmədovu müdafiə edir. Hökumətə yaxın saytlar və iqtidar yetkililəri isə onu “xəyanətdə” günahlandırır və onu sanki cəmiyyətə yeni bir müxalifətçi obrazında təqdim etməyə çalışırlar. Onu statusunu “like” edən XİN əməkdaşları isə bir neçə günlük susqunluqdan sonra bir-birinin ardınca və sanki haradansa göstəriş alıblarmış kimi “müxalifətçi” Arif Məmmədovu lənətləməyə başlayıblar... 

Xarici İşlər Nazirliyinin əməkdaşı Cavid Musayevin iyunun 8-də yaydığı bəyanata diqqət edək: “Mən İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədovun facebook sosial şəbəkəsindəki müxalifətçi çıxışını dəstəkləməmişəm”. Bundan bir gün öncə isə xarici siyasət idarəsinin mətbuat katibi Hikmət Hacıyev də “like”sini bu sözlərlə “təmizə” çıxarmışdı: “Arif Məmmədovun ölkəmiz haqqında yazdığı fikirlərini qəti şəkildə pisləyir və qınayıram. Öz xalqına qarşı təhqir qəbuledilməzdir. Arif Məmmədov Avropadakı havadarları ilə əlbir olaraq Avropa Oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan əks-təbliğat kampaniyasının bariz nümunəsidir”. Hər iki diplomatın bəyanatında son vurğu da diqqət çəkir. “Prezidentə, dövlətçiliyə və xalqımıza sevgi və sədaqət”. 
 
Məmmədova yönəlik bəyanatların üslubu (Siyavuş Novruzovun diplomata ənənəvi erməni damğasını vurduğunu xatırlamaq kifayətdir) o qədər sərtdir ki, sanki söhbət Azərbaycanı illərdir Avropada təmsil edən bir şəxsdən (lap keçmiş diplomatdan) deyil, hakimiyyətin ən qatı əleyhdarından gedir...Bu qalmaqalın niyə məhz indi - Azərbaycanın Avropa və ABŞ-la münasibətlərinin heç də yaxşı olmadığı, üstəlik, Avropa Oyunları ərəfəsinə təsadüf etməsi bir sıra iddialar doğurub. Bu iddiaların iqtidar tərəfini ümumiləşdirsək yaranmış mənzərə belə olacaq: “Azərbaycanı istəməyən qüvvələr (onların sırasına ölkədəki qüvvələr də daxil edilir) Avropa Oyunları ərəfəsi ”öz havadarları" vasitəsilə hərəkətə keçiblər". Arif Məmmədov və onun “like dəstəsinə” hətta ad da tapılıb: “Üsyançılar...” 

 
Bu termin iki ay əvvəl Azərbaycan mediasında çox istifadə edilirdi. Rusiya prezidentinin “itməsi” zamanı ən çox irəli sürülən versiya yadınızdadırmı? Dünyanın ən ciddi nəşrləri “Putini onun siyasətinə etiraz edən ətrafı-üsyançılar devirib” yazırdı.  Kimliyindən asılı olmayaraq yaxın ətrafın dönüklüyü pislənməli hadisədir, amma bu kimi texnologiyalar xüsusi hesablanmış məqsədlər üçün istifadə edildikdə hədsiz cəlbedici və inandırıcıdır...
 
***
 
 
Arif Məmmədov müəmması haqda ən sensasion iddianı tanınmış jurnalist-politoloq, SSRİ-nin və Qərbin siyasi texnologiyalarına yaxından bələd olan Mirzə Xəzər irəli sürüb. Sitat: “Arif Məmmədovu hakimiyyət daxilində üsyanın cəsur cəngavəri kimi sizə təqdim edənlərə inanmayın. Arif Məmmədovu  Xarici İşlər Nazirliyində gizli ”anti-Əliyev qrupunun" rəhbəri kimi sizə sırıyanlara da inanmayın. Hakimiyyət daxilində heç bir üsyan baş vermir. Heç bir gizli təşkilat yoxdur. Hakimiyyətin texnoloqları tərəfindən səliqə ilə hazırlanan “qalmaqal” və “dissident” ssenarisi həyata keçirilir. Bu ssenarinin baş qəhrəmanı rolunu Arif Məmmədov məharətli aktyor kimi bacarıqla oynayır".  

M.Xəzərin iddiası sensasion olmaqla bərabər, bu qalmaqala tam yeni bir baxışdır. Doğurdan da yanmış binaya görə Bakıdakı məmurları hədəf alan A.Məmmədov indi ölkədəki vəziyyəti sərt tənqid edərək   “diplomatları alçaldıcı bəyanatlar yazmasını SSRİ-də 30-cu illərin sonlarındakı repressiyalarla” müqayisə edir.  
 
A.Məmmədov dünənədək təmiz adını qorumaq istəyirdisə, indi bəyanatlarında bir müxalifət lideri kimi “Azərbaycandakı ədalətsizliklə mübarizə aparacağını” deyir. Onun ən son bəyanatına diqqət edək: “Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur”. Əcəba, diplomat Arif Məmmədov nə tez müxalifət liderinə çevrildi? Onun adının Azərbaycan müxalifətinin dostu sabiq səfir Steynar Gillə hallanması təsadüfdürmü? 
 
*** 
 
  
Azərbaycan cəmiyyəti bu texnologiyaya çox da uzaq olmayan tarixdə -2013-cü il prezident seçkiləri ərəfəsi şahidlik edib. “Üsyançı” Rüstəm İbrahimbəyov timsalında... Uzun illər hakimiyyətin yanında olan İbrahimbəyov 2012-ci ildə müxalifət qəzetlərində verdiyi açıqlamalarla tez bir zamanda qəhrəmana çevrildi. İbrahimbəyovun tənqid hədəfləri əvvəl ona Kino Evi üçün torpaq sahəsini verməyən ARDNŞ prezidenti, Prezident Administrasiyasının rəhbərliyi olurdusa, az bir zaman keçdikdən sonra o, dövlətin daha üst düzeyini hədəfə almağa başladı. Sonra hədəf konkretləşərək məhz dövlət başçısı oldu...


Rüstəm İbrahimbəyovun Moskvaya sıx tellərlə bağlı olduğu, hətta Azərbaycandakı seçkidə iştirakına əngəl ola biləcək Rusiya vətəndaşlığı da məlum idi. Amma o hakimiyyətin içərisindən çıxan “üsyankar” kimi çox cəlbedici fiqur idi. Onun dediklərini illərdir burdakı müxalifət daha sərt dildə demişdi və yenə də deyirdi. Amma məhz İbrahimbəyovun “dönüklüyü” onu cəlbedici etmişdi. İqtidar bu “dönüklüyə” nə qədər qəzəblənirdisə, müxalif düşərgə, əksinə, o qədər rəğbət bəsləyirdi.  Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olan Rüstəm İbrahimbəyovu tezliklə ətrafı-dünənki rejissor və ssenarist  dostları tərk etməyə başladılar. Həm də bu sonluqla bitən bəyanatlarla: “Dövlətə sadiqik, prezidentə sadiqik...” Bu proses müxalifətin cəmləşdiyi Milli Şuranın yaranması ilə nəticələndi ki, bu qurumun da, İbrahimbəyovun da, müxalifətin də prezident seçkisində aqibəti məlumdur... 
*    *    *
Avropa Oyunlarından sonra ölkənin siyasi nəbzi parlament seçkilərinə köklənəcək. Arif Məmmədov adını həm “dönüklər”, həm “müxalifət” sırasına yazdırıb. Sabah  Avropadan Azərbaycandakı hansısa müxalifət partiyasına üzvlüklə bağlı müraciət etsə, ona rədd cavabımı veriləcək? Müxalifətin seçkiyə elə onun - Avropanın tanıdığı bir şəxsin rəhbərliyi ilə hazırlanması necə, mümkünmü? 
Cia.az