|
Həbsdən film kimi qaçış
Amerikanın təhlükəsiz həbsxanalarından biri kimi tanınan Nyu-Yorkdakı Klinton həbsxanasından film kimi qaçış baş verib. 1865-ci ildən istifadəyə verilən həbsxanadan bir nəfər belə qaça bilmədiyi halda, bu günlərdə Riçard Matt və David Sveat adlı iki məhkum qaça bilib. 
 
Belə ki, cümə günü, gecə saat 22:30-dakı yoxlamada həbsxanada olan məhkumlar səhər saat 05:30-da fərari kimi qeydə alınıblar. Kiçik inşaat alətləri ilə divarı dələn fərarilər həbsxananın kanalizasiya borusu vasitəsi ilə çıxaraq qaçıblar. Həbsxananın bir hissəsində təmir işləri davam etdiyi üçün məhkumların inşaat alətlərini oğurladıqları güman edilir. Məhkumlar kanalizasiya trubasına “sizə xoş günlər diləyirik” yazılmış bir kağız da qoyublar. 
 
Hadisədən sonra türmə ətrafında axtarışlar aparılıb. İtlər və 200 nəfərlik polisdən ibarət qrup Matt və Sveatı axtarıblar. Nyu-York polisi məhkumlar təhlükəli olduqları üçün əhalini diqqətli olmağa çağırıb. R.Matt 1997-ci ildə bir nəfəri qaçırıb öldürdüyü üçün 25 il, Sveat isə 2002-ci ildə bir polisi öldürdüyü üçün ömürlük həbs cəzası almışdı. Məhkumların qaçış hekayəti “Oscar” mükafatı almış “Əsarətin bədəli” adlı filmə bənzədilib. 
Cia.az