Aktyor, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə uğur düsturunu açıqlayıb.
Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan aktyor uğur qazanmaq üçün 4 əsas amilə əməl edilməsinin vacibliyini vurğulayıb:
“Hər bir insanın uğur düsturu var. Eləcə də mənim. Əgər bir insan uğur qazanmaq istəyirsə, bunu ilk növbədə, Allah-Təala istəməlidir. O istəməsə, heç vaxt olmayacaq. Amma Allah hər bir bəndəsini sevir, ona şans verir. Çalışacaq ki, bəndə uğur qazansın. İkincisi, insanın təhsili, elmi və savadı olmalıdır. Əks halda, heç nə alınmayacaq. Üçüncüsü, nizam-intizam mütləqdir. Dördüncüsü isə, çalışqan olmaq, əmək sərf etmək lazımdır. İnsan öz üzərində işləməlidir. Əgər daim üzərində çalışmasan, heç bir uğura imza atmazsan”.
B.Bağırzadə futboldan da söz açıb:
“İstedadlılarımız çoxdur. Sadəcə, onlar dərk etmirlər ki, Allah tərəfindən seçiliblər və 11 nəfərdən biri olublar. Uğur qazanmamağın səbəbi isə, nizam-intizamın, vətənpərvərlik hissinin olmamasından irəli gəlir. Allah hər bir adama istedad verir. İnsanlar onu daxilindən çıxarıb, cilalaya bilmirlər. Bunu bacarsaydılar, İtaliyanı da, Fransanı da, Bolqarıstanı da udardıq”.
