Fəzail Ağamalı: “Bakı ATƏT-lə münasibətlərə yenidən baxmalıdır”
Birinci Avropa Yay Oyunları ərəfəsində gözlənilməz və həm də Azərbaycan adına heç də xoş olmayan hadisələr baş verməkdədir. Hər halda diplomatik korpusda bir-birinin ardınca baş verən qalmaqalların ardınca rəsmi Bakının ATƏT-in Bakı Ofisi ilə bağlı nota verməsi, Yunanıstanın və bir sıra digər ölkələrin Azərbaycanda keçiriləcək yarışlarda iştirakdan imtina qərarı verməsi, Avropa Parlamentinin boykot çağırışı, paralel olaraq şimal qonşumuzdan Avrasiya Birliyi ilə bağlı mesajların gəlməsi proseslərin Azərbaycanın maraqlarına zidd cərəyan etdiyi görüntüsünü yaradır. Situasiyanı AVP sədri, deputat Fəzail Ağamalı ilə şərh etdik.
- Fəzail bəy, rəsmi Bakının ATƏT-in Bakı Ofisi ilə bağlı verdiyi nota şəxsən sizinçün gözlənilməz olmadı ki?
- Yox. Mən bunu çoxdan gözləyirdim. Azərbaycan ATƏT-lə münasibətlərinə yenidən baxmalıdır. Hər şeydən əvvəl ona görə ki, 1992-ci ildən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsı missiyasını üzərinə götürən ATƏT faktiki olaraq öz missiyasını yerinə yetirmir. Daha dəqiq desək, yerinə yetirmək istəmir, Ermənistanın yanındadır. İşğalçı dövlətin təcavüzə son qoyması üçün ATƏT tərəfindən heç tədbirlər görülmür. Nəinki konkret addımlar atılmır, hətta sərt bəyanatlar belə verilmir. Minsk qrupunun fəaliyyəti heç zaman ATƏT səviyyəsində müzakirə predmetinə çevrilməyib. Bu baxımdan ATƏT faktiki status-kvonun saxlanmasında Ermənistanın yanında olmaqda davam edir.
- Amma rəsmi Bakını qəzəbləndirən son hadisə Minsk Qrupunun fəaliyyətsizliyi deyil...
- Birinci budur və bu, vacib məsələdir. Biz buna görə, ümumiyyətlə, ATƏT-in Azərbaycandakı fəaliyyətinə son qoymalıyıq. Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu var. Hər prezident və parlament seçkilərində Varşavada bəyanatı hazırlayıb qoyurlar portfellərinə, gəlirlər Azərbaycana, fırlanıb geri qayıdandan sonra həmin bəyanatı verirlər, seçkilərin üstündən bir xətt çəkirlər, heç bir uğurlu tərəfi göstərmədən ən müxtəlif şəkildə qarayaxmalar yayırlar.
|
“Onda Qərb niyə bizi müdafiə etmirdi, Jirinovskini susdurmurdu?” |
Digər qurumlardan fərqli olaraq həmin təşkilat Azərbaycana qarşı qərəzli fəaliyyət göstərir və ATƏT buna qarşı da heç bir təsirli tədbir görmür. Nəhayət, bir neçə gün bundan öncə Şahtaxtinski heç bir ciddi səbəb olmadan vaxtından əvvəl ATƏT-in Azərbaycan təmsilçiliyindən geri çağırıldı. Müxtəlif şəkildə deyildi, diplomatik jestlər olundu ki, guya onun geri çağırılması sadəcə olaraq prosedur qaydalarla bağlıdır. Amma görünən bu idi ki, Şahtaxtinski Azərbaycana qarşı tamam fərqli bir mövqedəydi, Azərbaycan həqiqətlərinin yanındaydı. Ona görə də bu, ATƏT-i idarə edən cənablara sərf etmədi və onun vaxtından əvvəl geri çağırılmasına qərar verdilər. Belə olan halda sual doğur, ATƏT-in Bakı Ofisi (koordinatorluğu - red.) Azərbaycana hansı töhfəni verib? Hansı mənəvi haqla bu gün Azərbaycanda qalmaq haqda düşünür? Ona görə də mən əvvəldən ATƏT-in fəaliyyətinə çox fərqli münasibətdə olmuşam. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya XİN-in başçısı ilə biz parlamentdə görüşəndə də mən birbaşa təklif etdim ki, ATƏT Minsk Qrupunu ləğv etməlidir, o iflasa uğrayıb, belə bir quruma ehtiyac yoxdur. Yəni mənim münasibətim belədir. ATƏT-in Azərbaycandakı fəaliyyəti nədə başlayıb, nədə qurtarır, Azərbaycana hansı töhfələri verəcək, bu haqda ümumi sözlərdən başqa bir şey yoxdur. Ona görə də XİN-in notasına tam haqq qazandırıram.
- Bu ərəfədə Avropa Parlamenti də Avropa Oyunlarını boykota çağırıb. Növbəti beynəlxalq təşkilatla münasibətlərdəki konfrantasiya Azərbaycanın beynəlxalq aləmdən təcrid olunması riskini yaratmır ki?
- Mən heç zaman istəməzdim ki, Azərbaycan beynəlxalq aləmdən təcrid olunsun. Azərbaycanda bunu heç kim, o cümlədən ölkə iqtidarı da birmənalı şəkildə istəmir. Ancaq əgər onlar bizi zorən təcrid edirlərsə, bizim inkişafımıza qısqanclıqla yanaşırlarsa, bizə “bunu et, bunu etmə” resepti ilə münasibət bəsləyirlərsə, təbii ki, biz müstəqil dövlət olaraq, özümüzə hörmət edərək onlara “yox” deməliyik və yerlərini göstərməliyik. İndi bu, beynəlxalq aləmdə təcrid, yoxsa qeyri-təcriddir, deyə bilmərəm. Bizim Avropa Şurası, NATO PA, Qara Dəniz Ölkələri Parlament Assambleyası, İslam Konfransı Təşkilatının bütün strukturları ilə ilə yüksək səviyyəli əməkdaşlığımız var.
Əgər Avropa Parlamenti və ATƏT Azərbaycana qarşı qərəzli münasibət bəsləyirsə, ikili standartlardan əl çəkmirsə, Azərbaycana qarşı hər zaman təzyiq metodlarından istifadə edərək işğalçı Ermənistanın yanında olursa, biz, nəhayət, bir dövlət olaraq bunlarla münasibətlərimizə baxmalıyıq. Ya siz bu münasibətlərə lütfən son qoyun, Azərbaycanın sizə bəslədiyi və beynəlxalq hüquq normalarına söykənən münasibəti siz də Azərbaycana münasibətdə ortalığa qoyun, əlbəttə, o halda biz bu əməkdaşlıqdan çox böyük məmnunluq duyarıq və davam edərik. Yox, əksinə, “mən sevməsəm də, sən məni sevməlisən” prinsipi ilə yanaşsaq, bu, Azərbaycanın inkişaf səviyyəsi və dövlətçiliyi ilə heç bir halda üst-üstə düşmür.
- Avropa Birliyinin iki üzv ölkəsi, Yunanıstan və Almaniyanın Avropa Oyunlarında iştirakdan imtinasına səbəb nə oldu?
- Bu, təzyiqin ciddi bir formasıdır. Yunanınstanın mövqeyi başdan-ayağa konyunkturadır. Yunanınstan Azərbaycanın Avropaya qazla bağlı, TAP, TANAP-la bağlı layihələrində özünə xüsusi imtiyazlar tələb edir. Əlbəttə, bu, mümkün deyil. Xatırlayırsınızsa, ölkə başçısı da bu yaxınlarda çox diplomatik şəkildə söylədi ki, bu layihələrin iştirakçıları heç biri əlahiddə və xüsusi bir üstünlük tələb etməli deyillər. Bu, Azərbaycanın haqlı mövqeyir. Yunanıstan indi cəhənnəm odunda yanır, istəyir ki, hər kəs onu bu cəhənnəm odundan xilas etsin. Hansı ki, xilas olmaq üçün birinci özü cəhd etməlidir. Düşünməlidir ki, Avropa Birliyində, onun vahid valyuta sistemində olanda götürmüş olduğu kreditlərin haqq-hesabını aparmalıydı, hara, necə xərclədiyini araşdırmalıydı. Yunanıstan kimi dünya demokratiyasının beşiyi olan bir ölkədə baş nazir 100 milyon rüşvət alıb köhnə gəmiləri Yunanıstana gətiribsə, alınan kreditlər ciblərə axıbsa, indi də Yunanıstan hamıya meydan oxuyursa, bu, qəbulolunan deyil. Ona görə ki, Yunanıstan Azərbaycana etirazını bu şəkildə ifadə etdi. Təəssüf edirəm. Olimpiya Oyunlarının beşiyi olan Yunanıstanın qərəzli, heç bir zaman siyasətlə üst-üstə düşməyən idman yarışlarına bu cür münasibətini Yunanıstanın özünə, onun ənənələrinə, olimpiya məşəlinin yaradıcısı olan dövlətə çox böyük zərbə vurduğu qənaətindəyəm.
- Bəs, Almaniyanın imtina səbəbi nədir?
- Bilmirəm. Almaniya hansı səbəbdən bu cür mövqedən çıxış etdi, səbəbi mənə bəlli deyil. Çünki Almaniya ilə Azərbaycan arasında yüksək münasibətlər mövcuddur. Bir müddət öncə ölkə prezidenti Almaniyada Merkellə yüksək səviyyəli görüş keçirmişdi. Bunun səbəbi mənə bəlli deyil və çox böyük təəssüf hissi keçirirəm ki, niyə belə oldu. Hər halda bu da anti-Azərbaycan qüvvələrinin təsiri altında baş verən yanaşmadır.
- Hətta Jirinovskinin Azərbaycana isti mesajları belə təsəvvür yaradır ki, Avropanın burdakı zəifləyən mövqelərini şimal qonşumuz ələ keçirir. Bu, belədirmi?
- Birmənalı şəkildə, tam məsuliyyətlə deyirəm ki, Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev Azərbaycanyönümlü siyasət həyata keçirir. Ancaq məsələn, Avropa, Qərb istəyir ki, onun vaxtilə İrana qarşı tətbiq etdiyi sanksiyalarda Azərbaycan da yer alısın, Bakı düzgün olaraq buna getmədi. İndi Qərb-Rusiya münasibətləri kəskinləşəndən sonra Qərb çalışır ki, Azərbaycan Rusiyaya qarşı onun yanında olsun. Azərbaycan isə buna getmədi. Əksinə, Qərbin Rusiyaya qarşı sanksiyaları tətbiq olunanda Moskva üzünü Azərbaycana tutdu. Azərbaycan da buna normal yanaşdı, çünki özünün də burda maraqları var idi. Çünki kənd təsərrüfatı üçün ən güclü bazar Rusiyadır. Baxmayaraq ki, hələ də bazar normal şəkildə fəaliyyət göstərmir. Biz Rusiya ilə münasibətlərmizdə gərginlik yaratmalı deyilik.
Mən demirəm ki, Azərbaycan yaranmış vəziyyətdən son dərəcə əndişələnir və özü üçün böyük təhlükə hiss edir. Yox! Sadcə olaraq Azərbaycan Rusiya amili üzərində baş vermiş hadisələrdən ehtiyatlanaraq öz siyasətini özünün dövlət maraqlarına uyğun şəkildə qurur. Biz heç bir halda Rusiya ilə üz-üzə gəlməyə çalışmalı deyilik. Biz çalışmalıyıq ki, Rusiya ilə münasibətlərimiz normal olsun, ikitərəfli, qarçılıqlı, faydalı münasibətərə söykənsin, bir-birinin daxili işlərinə qarışmamaq, bir-birinin suverenliyinə təhlükə törətməmək prinsipi ilə mehriban qonşuluq şəraitində yaşasın. Bu gün də Azərbaycan onu etdiyi üçün Qərbdən böyük təzyiqlər, təhdidlər var.
Qaldı Jirinovski və ya digər Rusiya siyasətçilərinə, məgər Qərb Jirinovskinin necə bir siyasətçi olduğunun fərqində deyil? Jirinovski, ya digərləri Azərbaycanla bağlı öz fikrini söyləyə, isti və ya soyuq münasibətini ifadə edə bilər. Vaxtilə Jirinovskinin pis münasibəti olanda niyə Qərb Azərbaycanın yanında deyildi? Vaxtilə Jirinovski Azərbaycana qarşı ən müxtəlif təhdidlərlə çıxış edirdi, onda Qərb niyə bizi müdafiə etmirdi, Jirinovskini susdurmurdu? Buyursunlar, bu suallara cavab versinlər!
|
“Ola bilsin, həmin şəxs ayrı-ayrı xarici ölkələrin, Azərbaycana xoş münasibət bəsləməyən ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib, ruslar demişkən, “verbovat” olunub” |
- Fəzail bəy, diplomatik korpusda nə baş verir, ortada üsyanmı, itaətsizlikmi, yoxsa xarici projemi var? Səfir Arif Məmmədov ətrafında baş verənləri nəzərdə tuturam...
- Mən neçə illərdir sizinlə əməkdaşlıq edirəm və daim bütün məsələlərə peşəkar səviyyədə yanaşmanın tərəfdarı olmuşam. Diplomat öz fəaliyyətini diplomatik qaydalar haqqında Beynəlxalq Konvensiya, Milli Məclisin qəbul etdiyi qanunlar çərçivəsində qurmalıdır. Əgər diplomat siyasətlə məşğul olursa, buyursun, diplomatik fəaliyyətdən istefa versin, ya bir siyasi partiya yaratsın, ya da fəaliyyətdə olan siyasi partiyalardan birinə üzv olsun, siyasətdə sözünü desin. Axı diplomata yaraşmaz ki, öz profilində o cür fikirlər yazsın. O, diplomatik qaydaların bütün mahiyyətinə, diplomatiyanın etik qaydalarına tamamilə ziddir. Ona görə də mən onların bu cür yanaşmalarını əllaməlik hesab edirəm və düşünürəm ki, onların diplomat kimi geri çağırılması hökmən həyata keçirilməlidir. Deyək ki, mən siyasətçiyəm, amma diplomatik pasportum var, indi diplomatik pasportdan istifadə edim, gedim diplomatik görüşlərdə səfirin, konsulun əvəzində danışıqlar aparım, buna necə baxarlar, bu, anormallıq olmazmı? Diplomatın siyasətlə məşğul olması da eyni məsələdir.
Mən bilmirəm Məmmədov kimin yanındadır, niyə bunu etdi. Hər halda bütün qazanı qarışdıran, çömçə rolunu oynayan o oldu. Qazanın dibini qarışdırdı, orda-burda gizlənənlər də üzə çıxdı, onunla birgə öz fikirlərini ifadə etdilər. Mən düşünmürəm ki, bu, xüsusi bir projenin tərkib hissəsidir. Ola bilsin ki, həmin şəxs ayrı-ayrı xarici ölkələrin, Azərbaycana xoş münasibət bəsləməyən ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib, ruslar demişkən, “verbovat” olunub. Bunlar hamısı araşdırılmalıdır. Ancaq hər halda hadisə xoşagələn deyil və bu hadisəyə görə həmin diplomatlara heç cür haqq qazandırmaq mümkün deyil.
Cia.az
