Ana müxalifət yenə CHP oldu; MHP səslərini 3,5 faiz artırdı; PKK-nın siyasi qanadı HDP isə 10 faizlik barajı aşa bildi; Türkiyədəki 7 iyun seçkiləri ölkənin prezident üsul-idarəsinə keçidini əngəllədi...
İyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. İlkin açıqlamalara görə, səsvermə hüququ olan 53 milyon 765 min 231 seçicidən 70 faizə yaxını səsvermə hüququndan istifadə edib. Türkiyə Böyük Millət Məclisinin yeni heyətinə 20 siyasi partiya və 165 müstəqil namizəd iddialı olub.
Mərkəzi Seçki Qurumunun ilkin açıqlamalarında görə hakim AKP son 13 ildəki bütün seçkilərdə olduğu kimi, bu dəfə də üstünlüyünü saxlayıb və 4-cü dəfə parlament seçkilərini qazanıb. Hakim AKP-nin 41 faizlə liderlik etdiyi seçkidə ana müxalifət səslərin - CHP 25,2, MHP 16,5, DHP 12,9 fazini toplayıb. Qalan 16 partiya və 165 müstəqil namizəd isə səslərin 4,8 faizini qazana bilib.
Beləliklə də AKP bu seçkidə Türkiyəni təkbaşına idarə etmək şansını itirmiş olub. Bunun üçün parlamentdə AKP-nin 267 nəfərlə təmsil olunmalı idi, ancaq AKP TBMM-ə 258 deputat keçirə bilib. Mandatların 132-si CHP-nin 82-si MHP-nindir. 10 faizlik barajı aşaraq 12,9 faiz səs toplayan HDP parlamentdə 78 deputatla təmsil olunacaq.
Yaxın 1 ayda Türkiyədə yeni hökumət formalaşmalıdır. Hələlik müxalifət partiyalarından heç biri koalisyon hökumət açıqlaması verməyib. MHP İzmir millət vəkili Oqtay Vural yerli mediaya açıqlamasında “hələlik belə bir qərarın zamanı deyil” ifadəsini işlədib. Yada salaq ki, buna qədər HDP də AKP ilə koalosiyaya getməyəcəyini açıqlayıb. Bu durum onu deməyə əsas verir ki, yaxın 3 ayda Türkiyədə yenidən seçki keçirilə bilər.
Seçki ekspertlərinin fikrincə, hətta ölkədə koalisyon hökumət qurulsa belə, onun ömrü 1 ildən çox olmayacaq və yenidən parlament seçkisi keçirmək məcburiyyəti yaranacaq. Türkiyə siyasətinin təcrübəsi belə deməyə əsas verir. 90-cı illərdə Türkiyədə qurulan koalisiyaların heç biri uzunömürlü olmayıb.”
AKP-lilərin açıqlamalarından seçkinin nəticələrindən razı qalınmadığı açıq görünür. Bu seçkini baş nazir kimi keçirdən Əhməd Davudoğlu ənənəvi balkon çıxışını edib, AKP-nin qələbəsini bəyanlayıb. “Bu, bir demokrasi şölənidir, bura isə , bu balkon isə demokrasi balkonudur”. Baş nazir deyib ki, AK Parti hərəkatı 13 ildir bir dava aparır: milli iradənin hegemonluğu! Daha sonra türk xalqına təşəkkür və sayğılarını çatdırıb: “Millətimizin qərarı hər şeyin üstündədir. O, nə qərar veribsə, bütün partilər tərəfindən, hər kəs tərəfindən qəbul olunacaq. Biz millətdən gəldik, millətlə yürüyürük, millətdən güc alanlar əyilməz. AK Parti bir əxlaq hərəkatıdır... Biz 11-ci seçimimizi də birinci olaraq bitirdik. Allaha həmd olsun. Böyük tarixi yürüşlər üçün 12-13 il bir başlanğıc zamanıdır. Bir an belə durmadan davam edəcəyik”.
Davudoğlu uzun çıxışında seçki dönəmini və yekunları dəyərləndirib. Daha çox pafos olan çıxışda həm də sabahkı – 8 iyundakı Türkiyənin də anonsların verib: “Qutlu yürüşümüz davam edəcək”, deyən baş nazir seçkinin nəticələrini xalqın iradəsi adlandırıb. Bu nəticələri Türkiyə iqtidarının demokratik imtahandan üzüağ çıxması kimi dəyərləndirdi. Dedi ki, AKP-ni seçkini saxtalaşdırmaq, özünə uyğun şəkilləndirmək planları ilə suçlayanlar utanmalıdırlar... AKP bu seçkinin qalibi və 1-cisidir, deyib, baş nazir.
Lakin fakt faktlısında qalır. AKP-nin, qalib gəlməsinə rəğmən, az deputat yerinə sahib olması, kürd bölgəsindən 55 yerin HDP-yə qapdırması partiyanın Məclisdə müzakiyərə çıxardığı konstitusiya dəyişikliklərini də ciddi sual altına alıb. Prezidentə geniş səlahiyyətlər verilməsini nəzərdə tutan bu dəyişiklikləri artıq parlamentdən keçirmək real görünmür. AKP-nin seçkilərdən narazı qaldığı əsas məqam da məhz budur. Bu durum prezident kürsüsünə yiyələnən Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərini genişləndirmək, eləcə də Türkiyəni parlamentli respublikadan prezident respublikasına çevirmək planlarının alt-üst olması anlamına gəlir.
Seçki ekspertlərinin fikrincə, AKP-nin bu seçkidə səs itirməsinin əsas səbəbi ölkədə iqtisadi durumun pisləşməsi və kürd açılımıdır.
MHP ötən parlament seçkisi ilə müqayisədə səslərini 3,5 fazi artırıb. MHP bu durumdan məmnun olsa da, PKK-nın kürd qanadının parlamentə asanlıqla daxil olması ümumi gərgin ab-hava yaradır.
|
“Türkiyədə keçirilən seçkidən sonra koalisiya, ya da erkən seçki qaçılmaz oldu |
Seçkidən ən başarılı çıxan HDP-dir. Kürdlər Türkiyə tarixində ilk dəfə parlamentdə partiya olaraq təmsil olunacaq. Yaxın gələcəkdə kürdlərin öz fəaliyyətlərini sivil siyasi mübarizə müstəvisinə keçirəcəyi, yoxsa terror qruplaşması olmaqda davam edəcəyi bilinəcək.
Seçkidə diqqət çəkən daha bir məqam HDP-nin İstanbulda MHP-dən daha çox səs almasıdır. MHP İstanbulu 10, HDP 11 millət vəkili ilə təmsil edəcək.
*****
Səhər saat 8.00-dan başlayan seçki 17.00-da başa çatıb. Seçici fəallığı bu dəfə də yüksək olub. Müşahidəçilərin sözlərinə görə, seçki başlamamışdan məntəqələrin qarşısında seçicilərin növbəsi yaranıb.
Prezident qismində ilk dəfə seçkiyə qatılan Rəcəb Tayyib Ərdoğan səsvermə hüququndan İstanbulda istifadə edib. Prezident seçki görəvlilərinə şəxsiyyət vəsiqəsini yox, qara rəngli diplomatik pasportunu təqdim edib. Prezident seçki açıqlamasında bütün namizədlərə uğurlar diləyib: “Allahdan bu seçkinin ölkəmiz, millətimiz üçün xeyirli olmasını təmənna edirəm. Bütün siyasi partiyalar çox uzun və gərgin bir yol seçdilər. Türkiyə alışmadığı bir sürəcdən keçir. Bu seçkinin də ölkəmizə sabitlik və təhlükəsizlik gətirəcəyinə inanıram. Aldığım bilgiyə görə, seçici fəallığı çox yüksəkdir. Bu da güclü bir demokratiya üçün önəmli bir işarədir. Bu güclü demokratiyanı millətimizin iradəsi ilə quracaq, gələcək təhlükəsizliyimizi təmin edəcəyik. Mən millətimizə təşəkkür edirəm. Heç bir sıxıntı olmadan seçki keçirə bildi. Bu gün seçki məntəqələrində çalışan hər kəsə da ayrı-ayrılıqda təşəkkürümü çatdırıram. Millətin aydın gələcəyini birlikdə görəcəyimizə inanıram”.
Əhməd Davudoğlu: “Demirtaş zəngimə cavab vermədi...”
“Hər şey ölkəmiz üçün, xalqımız üçün, çevrədəki könül coğrafiyamız üçün. Xeyirli olmasını diləyirəm”. Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Türkiyədə keçirilən seçkidə səs verdikdən sonrakı ilk açıqlamasında deyib. Baş nazir Konyada səs verib.
Ə.Davudoğlu seçki kampaniyasında yüksək vətəndaşlıq mövqeyi göstərən şəxslərə təşəkkür edib: “Seçki kampaniyası zamanı böyük fəallıq edən hər kəsi təbrik edirəm. Bu gün seçkiyə gedib səs vermək hər kəsin vətəndaşlıq vəzifəsidir. İndiyə qədər səsvermənin gedişində heç bir problem yaşanmayıb. Hər kəsin gülümsəyərək, salamlaşaraq, fərqli fikrə sayğı duyaraq hərəkət edəcəyinə inanıram. Xoşgörü çağırışları ilə Türkiyənin gözəl bir seçim günü yaşayacağına əminəm”.
Baş nazir eyni zamanda hakim AKP sədri Əhməd Davudoğluna bir neçə gün öncə PKK-nın siyasi qanadı hesab edilən HDP-nin Diyarbəkir mitinqində baş verən partlayış haqqında da sual verilib. Davudoğlu hökumətin bu terroru qınadığını deyib: “Xəbəri alan kimi HDP həmsədri Selaheddin Demirtaşa zəng etdim. Hər halda çox məşğul olduğu üçün zəngimə cavab vermədi və sonra da mənə zəng etmədi. Biz vəzifəmizi yerinə yetirdik. Baş nazir olaraq da vəzifəmiz Türkiyədə seçim sürəcində baş verə biləcək problemlərin qarşısını almaqdır. Seçki kampaniyasında bir partiyaya edilən basqını demokratiyaya təcavüz kimi qiymətləndirirəm. Vətəndaşlarımız tərəddüd etmədən səsveməyə getsin, heç bir qorxuları olmasın. Dünən Diyarbəki olayları ilə bağlı bir nəfər saxlanıb. Həmin şəxsin bütün keçmişi araşdırılır. Gərəkli tədbirlər görülür, terroru törədənlər tapılıb cəzalandırılacaq”.
*****
Səsvermə günü seçki məntəqəsinə ilk gələn müxalifət lideri MHP sədri Devlet Bahçeli olub. MHP lideri səhər saatlarında Ankarada səs verib. “Radikal” qəzeti yazır ki, səhər saatlarında MHP-nin Balqatdakı baş qərargahına gələn Dövlət Bahçeli az sonra tərəfdarları ilə binanı tərk edərək səs verəcəyi məntəqəyə gəlib. Səsvermə hüququndan istifadə etdiksən sonra D.Bahçeli jurnalistlərə qısa açıqlama verib: “Allahdan seçkinin prosesə qatılan 20 siyasi partiyaya, onların dəyərli namizədlərinə, 165 müstəqil namizədə xeyirli-uğurlu olmasını niyaz edirəm. Seçkinin millətimizə xeyirli sonuclar verəcəyinə inanıram”.
Dövlet Bahçeli jurnalistlərin suallarını cavabsız qoyaraq yenidən partiya qərargahına dönüb. MHP-dən bildirilib ki, partiya sədri axşam saatlarında qəzetçilərə brifinq verəcək.
*****
Ana müxalifət lideri Kemal Kılıçdaroğlunun seçki məntəqəsindəki çıxışı da qısa olub. Səsvermə hüququndan Ankarada istifadə edən və seçkiyə ailə üzvləri ilə gələn Kılıçdaroğlu vətəndaşlara bütün seçki prosesində aktiv iştirak etdikləri üçün təşəkkür edib. Kiliçdaroğlu vətəndaşların öz səslərinə sahib çıxacağına əmin olduğunu deyib.
Türkiyə mediası 7 iyun parlament seçkisinin ilk saatlarında bir sıra qanun pozuntularının aşkarlandığını xəbər verir. Belə ki, səhər saatlarında Şanlıurfadakı seçki məntəqəsində çəkilən bir foto sosial mediada geniş müzakirə edilməkdədir. Şəkildə bir nəfərin PKK-nın siyasi qanadı olan HDP-nin lehinə möhürlənən onlarla bülleteni seçki qutusuna atdığı aydın görünür.
Şəkil sosial mediada paylaşıldıqdan sonra Mərkəzi Seçki Qurumu həmin seçki məntəqəsi ilə bağlı hüquqi işlərə başlayıb. Yerli media yazır ki, bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi və “karusel” ölkənin bir çox bölgəsində yaşanmaqdadır. Güney-doğu bölgəsindəki məntəqələrdə HDP-li olmayan müşahidəçilərə basqı və təhdid faktları qeydə alınıb. Onlardan bəziləri döyülərək məntəqələrdən uzaqlaşdırılıb.
Gözlənməyən bir durum İstanbuldakı seçki məntəqələrindən birində yaşanıb. Seçicilərdən biri seçki möhürünü yanlışlıqla cibinə qoyaraq məntəqədən ayrılıb və bundan 2 saat sonra xəbər tutub. Bu müddətdə seçki məntəqəsində çalışanlar möhürün nəticəsiz axtarışlarını davam etdiriblər. Bu arada məntəqəyə gələnlər səs verə bilməyiblər. Türkiyədə seçicilərə səsvermə bülletenləri ilə bərabər “Evet” yazılan möhür verilir. Seçici möhürü səs verəcəyi partiyanın, namizədin adının qarşısındakı dairəyə vurur. “Evet” möhürü səsvermə kabinəsindən çıxandan sonra seçki məntəqəsi görəvlilərinə təqdim edilməlidir. Seçki ekspertləri bildirir ki, olay məntəqə çalışanlarının diqqətsizliyi üzündən baş verib. Seçici unutsa belə, onlar möhürü tələb etməli idilər.
İstanbulda bələdiyyə sədrinin ailə üzvlərinin adı “karusel”də hallanıb. Seçki müşahidəçiləri müəyyən ediblər ki, Gemlik bələdiyyəsi sədri Süleyman Karturun oğlu səsverməyə ikinci dəfə qatılmaq istəyib. Gemlik bələdiyyəsinin sədri AKP-lidir.
İstanbuldakı daha bir seçki saxtakarlığı Mahmur Efendi məktəbindəki məntəqədə yaşanıb. Seçicilədən biri səsvermə qutusuna 10 bülleten atmaq istəyərkən müşahidəçilərin maneəsi ilə üzləşib.
MHP və CHP millət vəkilləri sosial mediadakı səhifələrində İstanbuldakı seçki məntəqələrinin yaxınlığında çox sayda dövlət nömrə nişanı olmayan avtomobillər olduğunu yazıb. Millət vəkilləri nömrəsiz maşınlardan karusel əməliyyatında istifadə ediləcəyi şikayəti ilə yerli daxili işlər orqanlarına, İstanbul valisinə rəsmi müraciət göndəriblər.
Türkiyə güney-doğuya seçki bülletenlərini havadan “endirir”
Türkiyənin PKK-nın təsiri altında olan güney-doğu bölgəsində səsvermə günü təhlükəsizlik tədbirləri gücləndirilib. Radfikal. com yazır ki, bəzi kəndlərə səsvermə bülletenləri təhlükəsizlik məqsədi ilə quru yolu ilə deyil, helokopterlərlə aparılıb.
Səhər saatlarında Diyarbekir Jandarmasının həyata keçirdiyi əməliyyatda Lice, Hani, Dicle kəndlərinə, Topçular, Yoluşlu qəsəbələrinə bülletenlər və müşahidəçilər hava yolu ilə gətirilib.
Bölgədən verilən xəbərlərə görə, səsvermə bitdikdən və səslərin sayılması başa çatdıqdan sonra seçki görəvlilər və protokollar mərkəzə yenidən helikopterlərlə aparılıcaq.
Güney-doğudan gün boyu həyəcanlı xəbərlər gəlməkdə davam edib. Müşahidəçilərin yerli mediaya verdiyi xəbərlərə görə, bir sıra məntəqələrdə süni qarşıdurma yaradılıb, gərginlik seçki məntəqəsi rəhbərliyinin çağırdığı polis və jandarm qüvvələrinin müdaxiləsi ilə yatırılıb.
Ərzurumda bəy-gəlindən vətəndaş mövqeyi
Ərzurumda Figen və Numan Şenollar bu gün keçirilən toy mərasimlərinə birlikdə seçki məntəqəsinə gəlib səs verməklə başlayıblar. Toy karteji toy salonundan öncə Palandökən qəsəbəsindəki seçki məntəqəsinə gəlib. Məntəqədə yeni evliləri alqışlarla qarşılayıblar. Figen Şenol deyib ki, valideynlərinin toyu da seçki günü olub: “Anamla atam da evləndikləri gün vətəndaşlıq borclarını yerinə yetiriblər. Biz də bu gələnəyi davam etdirməyi qərara aldıq. Türkiyədə istiqrarın qazanmasını, seçkiləri ölkəmizə xeyirli olmasını diləyirik”.
Şenollardan sonra gün boyu seçki günü ailə quran onlarla cütlük səsverməyə qatılıb. “Seçkili toy” şəkilləri media və sosial şəbəkələr üzərindən yayılıb.
Yerli media orqanları “seçki görüntüləri”, “seçki mənzərələri” başlığı altında 7 iyun seçkisi ilə bağlı ilginc fotolar yayıb. Yaşlı, xəstə, hərəkət imkanları məhdud, südəmər körpələri olan insanlar belə seçkidə yüksək fəallıq göstərib.
Türkiyə Yüksək Seçki Qurumu seçkinin nəticələrini rəsmən 2 gün sonra elan edəcək.
P.S. Yazıdakı rəqəmlər (faizlər) qəzet çapa gedərkən bəlli olmuş ilkin göstəricilərdir.
(musavat)
