Avropa Birliyinin Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin ölkəmiz əleyhinə işbirliyinin ortaya çıxdığı deyilir; Avropa Oyunlarına sayılı günlər qalmış Brüssel niyə hədəfə gətirilir?
Bakı I Avropa Oyunlarına sayılı günlər qaldı. Maraqlıdır ki, bu kifayət qədər böyük idman tədbiri hər şeydən öncə Azərbaycan hakimiyyəti ilə Qərbin, daha doğrusu, ABŞ və Avropa Birliyinin indiki və gələcək münasibətləri üçün bir testə, lakmus kağızına çevrilib. Məsələ ondadır ki, Azərbaycan, onun iqtidarı qarşıdakı beynəlxalq idman yarışından dolayı, ilk növbədə insan haqları məsələsində demokratik dünyanın və Qərb mediasının diqqət mərkəzinə gəlməkdədir. Özü də tənqid ritorikası Bakıya münasibətdə bir qayda olaraq loyal davranış sərgiləyən bəzi Avropa ölkələrində də müşahidə edilməkdədir.
Dünən İngiltərə mətbuatında Azərbaycanda insan haqlarının durumu ilə bağlı dərc edilmiş sərt tənqidi məqalə buna sübutdur. İyunun 10-da - Yay Oyunlarının açılışına cəmi iki gün qalmış isə Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr gözlənilir - hansına ki, Bakı bəri başdan kəskin münasibətini bildirib.
Bir sözlə, Bakı-Qərb münasibətləri, belə yazmaq mümkünsə, heç vaxt olmadığı qədər qeyri-rəvan və mürəkkəb mərhələdən keçir. Dönəmin mürəkkəbliyi hələ ötən ay - ABŞ dövlət katibi Con Kerrinin ofisindən Avropa Oyunları ilə bağlı Azərbaycan əleyhinə antitəbliğat kampaniyasının aparıldığı barədə APA-nın irəli sürdüyü sensasion iddiadan bəlli olmuşdu.
***
Görünür, bu iddialar heç də əsassız deyilmiş. Məsələ ondadır ki, dünən APA bu xüsusda daha bir şok effektli xəbər yayıb. Xəbərdən belə qənaət hasil olur ki, Avropa Birliyinin Bakı ofisi ilə Yunanıstanın ölkəmizdəki səfirinin Azərbaycana qarşı işbirliyi ortaya çıxıb.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb: “Səbəb isə Yunanıstanın ölkəmizdəki səfiri Dimitris Sunqasın ölkəsinin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub. Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək”.

Xəbərə görə, səfir öz iddiasını həm də Avropa Birliyinin Bakı ofisindən səfirliyə daxil olan və guya I Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumatla əsaslandırıb: “Diplomat məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcək. Bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib”.
Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal olaraq qərarını prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə əsaslandırıb. O da bəlli olub ki, son günlər Avropa Birliyi və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.
***

Diqqətçəkicidir ki, APA-nın xəbərindən saat yarım öncə (!) Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard“Trend”ə bildirib ki, Avropa ilə Azərbaycan arasında gərginlik yoxdur və tərəflər arasında dialoq həmişə davam edir. “Bütün dünya Bakıda keçiriləcək I Avropa Oyunlarını izləyəcək. Oyunların başlamasını səbirsizliklə gözləyirik” - əlavə edib diplomat.
Ancaq o da faktdır ki, Avropa Parlamenti məhz Avropa Birliyinin əsas orqanıdır və iyunun 10-na planlaşdırılan Azərbaycanla bağlı tədbir elə tərəflər arasında gərginliyin mövcudluğunun təzahürü sayıla bilər. Brüsselə qarşı yeni təxribat ittihamına bu prizmadan da baxıla bilər.
Bu və digər məqamlar söyləməyə əsas verir ki, Bakı ilə Qərb, ələlxüsus da AB arasında həqiqətən bir soyuqluq, hətta əsəb savaşı yaşanmaqdadır və qarşıdakı günlərdə bu savaş şiddətlənə bilər.
Cia.az
