İqbal Ağazadə: “Hakimiyyətə bir az minnətdar olaq ki, bu oyunları keçirir, bizim xaricə çatdıra bilmədiyimizi gələn jurnalistlər çatdıracaq”
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bəzi Avropa Oyunlarında iştirak etməməklə bağlı çağırışlara münasibət bildirib. İqbal Ağazadə “Qafqazinfo”ya geniş müsahibəsində deyib ki, Avropa Oyunları Azərbaycanın tanınmasına xidmət edir, buradan iqtidar əslində heç nə qazanmır: “İdman həmişə mənim üçün maraqlı olub. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə isə çox sevinirəm.
Bu oyunlardan iqtidar heç nə qazanmır. Avropa strukturları, beynəlxalq təşkilatlar oyunları müzakirə edir, bununla da iqtidarın üzərinə gedir. Amma millət olaraq qazanclarımız odur ki, bu oyunlar iqtidarı Avropanın parçası olmağa məcbur edir. Bu da Avropa coğrafiyasına bizi bir addım daha yaxınlaşdırır. İkincisi, biz həmişə Avropa dərdimizi, mədəniyyətimizi və s. tanımır deyə fəryad etmişik. Bu, onları tanıtmağın bir nümunəsidir. Müxalifət olaraq bizim bu qədər xarici jurnalisti dəvət etmək imkanımız olmayıb, etsək də gəlməyəcəklər. Amma Avropa Oyunlarına gələn jurnalist hökmən insan haqları, demokratiya ilə də bağlı soruşacaq. Bizim xaricə çatdıra bilmədiyinizi onlar çatdıracaq. Nədən buna narazı olmalıyıq?
Oyunlara xərclənən maliyyədən danışırlar. Düşünmürəm ki, bu oyunların keçirilməsinə aşırı maliyyə sərf olunub. Büdcəylə tanış olan biri kimi hesab etmirəm ki, pulu kimsə çömçə ilə götürüb ora tökür. Pul ya büdcədən, ya da ki Neft Fondundan götürülür, başqa pul götürülmə yeri yoxdur. Büdcədən Avropa Oyunları üçün infrastruktur layihələrinə 970 milyon vəsait ayrılıb ki, bunun da 540 milyonu stadionun, idman qurğularının tikintisinə sərf olunub. Bu da normal bir rəqəmdir. 8-10 milyard pul xərclənib deyənlər o rəqəmləri haradan götürüblər, bunu bilmirəm".
Avropa Oyunlarının bir şans olduğunu söyləyən İ.Ağazadənin sözlərinə görə, bəlkə bundan sonra heç belə oyunlar Azərbaycanda keçirilməyəcək: “Mən bu gün ölkədə siyasi məhbusların olduğunu bilirəm. İdmanla siyasəti qarşı-qarşıya qoymaq, yəni ”kimisə həbsdən azad et, etməsən oyunları boykot edəcəyik" demək düzgün deyil. Bu gün hamımız Avropa strukturları ilə danışıqlar aparırıq, jurnalistlərə müsahibə veririk, beynəlxalq təşkilatlarla müzakirələr keçiririk. Hakimiyyətə bir az minnətdar olaq ki, bu oyunları keçirir, o təmasların hesabına biz insan haqlarının pozulmasını çatdıra bilirik, yoxsa heç səsimizi də eşidən yox idi. Siyasi dustaqları olimpiadaya görə tutmayıblar, heç olimpiadaya görə də buraxmırlar. Ondan qabaq tutulublar, azad da edə bilməmişik. Bu bizə şans yaradır ki, onlar haqqında danışaq. Ona görə də Olimpiya oyunları gələn il də olsa, yaxşı olar. Bununla da daha çox insanlara kömək edə bilərik".
Cia.az
