|
“Yozef Blatter istefa verdi, Novruz Məmmədov niyə susur?”:-
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yozef Blatterin FİFA prezidenti seçilməsini “ABŞ-ın geopolitik miqyasda məğlubiyyəti” kimi dəyərləndirən hakimiyyət təmsilçilərinin Y.Blatter qaçaraq istefasını sükutla qarşılamalarının səbəbini soruşub.
VİP mətbuat xidməti Ə.Əliyevin bu məsələyə dair özünün “Facebook” səhifəsində yerləşdirdiyi yazını təqdim edir:
“Yozef  Blatter istefa verdi, hamıya bəllidir ki, özbaşına deyil.
Hörmətli Novruz Məmmədovun “Twitter” hesabı susur. Bir neçə gün əvvəl Prezident Administrasiyasını təmsil edən bu dövlət məmuru, onun FİFA prezidenti seçilməsi faktını geopolitik çapda ABŞ-ın məğlubiyyəti kimi xarakterizə etmişdi. Həmin ömrü qısa olan qeydi bütün mətbuat tirajlamışdı.
Belə görünür ki, YAP məmuru saxtakar və korrupsionerin seçilməsinə şadlanırdı. Blatterə qarşı hələlik ittihamın olmaması, onun haqlı olduğundan xəbər vermir. Çünki onun rəhbərlik etdiyi qurumun demək olar ki, əsas fiqurları həbs edilib. Elə isə, FİFA prezidentinin məsuliyyəti ortadadır.
Aydındır ki, cənab Məmmədov adı çəkilən qeydi ilə, tələskənliyə yol verməklə yanaşı, kimlərəsə xoş gəlmək məqsədi güdüb. Nədənsə, hakimiyyət nümayəndələri son aylarda, yeri düşdü-düşmədi Qərbə qarşı demarş nümayiş etdirirlər. Hər xırda bəhanəni belə Qərb dövlətlərinə qarşı çevirirlər. Təəssüf doğuran hal odur ki, bütün bu ritorika Rusiyaya qarşı mehribanlıq fonunda təzahür edir.
Çəkdiyim nümunə məhz bu davranışa izah tapmaq üçündür. Əvvəldən onu bildirim ki, dünyanın idarəçilik üslubu güclünün zəifi "əzməsi" şəklində yürüdülür. Dövlətimizin müqayisəli şəkildə imkanlarını bildiyimdən, heç cürə özümüzü birinci qrup dövlətlərə aid edə bilmərəm. Deməli, apreore Qərb dövlətlərinə, Rusiyaya və birinci qrup dövlətlərə münasibətim eynidir. Onların hamısı bizim potensial sümürücülərimizdir. Bu baxımdan yazdıqlarım onlardan hansınısa müdafiə etmək deyil, milli maraqlarımız acısından situasiyaya aydınlıq gətirməkdir.
İnanmıram ki, Azərbaycan hakimiyyəti özünə "rəis" axtarışına çıxsın. Bütün məsələlərdə hamıdan eyni məsafə saxlamaq sərbəstliyin rəhnidir. Lakin dünyada gedən proseslər Rusiyanı güc mərkəzi kimi zəif salır. Əvvəldə çəkdiyim misal da bu təhdid zəncirinin bir vəsiləsidir. FİFA mənzil qərargahında baş verən korrupsiya zəlzələsi Putinə qarşı yönəlmiş əməliyyatdır. Artıq UEFA rəhbəri Platini 2018 və 22-ci illər dünya çempionatlarının konkurs şərtlərinin araşdırılması zəruriliyini rəsmi şəkildə səsləndirib. Bu həftə keçiriləcək G7 -nin Almaniya randevusu da Rusiya üçün yaxşı heç nə vəd etmir. Dünən Böyük Britaniyanın nüfuzlu təsisatı sayılan Chatham house Qərblə Rusiya arasında yeni toqquşma dalğasının qaçılmaz olduğu barədə hesabat yayıb. Ukraynada yenidən alovlanan hərbi əməliyyatların Kremlin qərarı ilə bərpa edildiyi şübhə doğurmur. Birjalar dərhal bu gərginliyə reaksiya verdi. Son 2 gün ərzində rubl 10%-ə yaxın ucuzlaşıb.Belə gərgin beynəlxalq şəraitdə Rusiyanın siyasi-iqtisadi qütb olmaq şansları saatbasaat əriyir.
Düşünmürəm ki, belə qarışıq vəziyyətdə hakimiyyət strateqləri bu toqquşan 2 nəhəng gücün arasında olmağa can atsınlar. Sadəcə olaraq, Azərbaycanla bağlı reallıqları yaxşı bildiklərindən manevr edirlər. Azərbaycan Cənubi Qafqazın kilid dövlətidir. Rusiya enerji ehtiyatlarından asılılığın azaldılması kimi strateji məqsədə çatmaq yolunda Qərbin istinad məkanıdır. Qərbin bütün sahələrdə strateji maraqlarına xidmət edən məsələlərdə Azərbaycan hakimiyyəti etibarlı tərəfdaşdır. Hakimiyyət təmsilçilərinin Qərb dövlətlərində olan yatırımları barədə sızan məlumatlar da konfrontasiyanın dərin olmadığı qənaitini yaradır.
Bütün bunları nəzərə alaraq, anti-Qərb və rusofil opponentlərimizə səslənərək bildirirəm ki, bu kürəsəl qovğada ehtiyatlı olmaq lazımdır. Nə Qərb bizim üçün ədalətli dövlət quracaq, nə də Moskva işğal etdiklərini əvəzsiz bizə qaytaracaq. Lakin hər 2 tərəfin bizi sıradan çıxarmaq imkanları kifayət qədər böyükdür. Ona görə də bu geopolitik biçim əməliyyatından kənarda durmaq lazımdır, xüsusən də dövləti təmsil edənlərə”.
Cia.az