Arif Məmmədovun və XİN-in daha üç əməkdaşının işdən azad edildiyi xəbəri yayıldı
Ərəstun Oruclu: “İstisna etmirəm ki, bu adamları irəli verənlər hakimiyyət daxilində Elmar Məmmədyarovun sıradan çıxarılmasında maraqlı olan qüvvələrdir”
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədov vəzifəsindən azad edilib. Bu barədə virtualaz.org saytı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Konfransı Təşkilatına səfirin artıq geri çağırılması barədə məktub göndərib. Saytın yazdığına görə, səfirin antihakimiyyət statuslarını dəstəkləyən XİN-in üç əməkdaşı da işindən azad edilib. Xatırladaq ki, Arif Məmmədov facebook statusunda 19 mayda Binəqədidə baş vermiş yanğın hadisəsinə görə məmurları pisləyən statusunda belə yazıb:
“Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbir versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbirli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
Qeyd edək ki, eyni vaxtda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli də prezident fərmanı ilə geri çağırılıb. Bir neçə diplomat haqqında da ölçü götürüləcəyi deyilir. Hətta iddialar var ki, oliqarxlarla bağlı baş verən proseslərin ardınca “diplomatqeyt” prosesi gözlənilir və baş verənlər ilkin işartılardır. Diplomatik korpusda “qiyamçılar”ın baş qaldırması iddiaları da səslənir.

Politoloq Ərəstun Oruclu “Yeni Müsavat”a şərhində heç bir iddianı istisna etməyərək bunları bildirdi:“Ortada artıq bir fakt var ki, bu, kiminsə profilinin ələ keçirilməsi deyil, real faktlardır”. Ə.Oruclu baş verənlərin səbəbləri barədə müəyyən mülahizələrə malikdir: “Ya hakimiyyətin daxilində çox ciddi fikir ayrılığı, çat yaranıb ki, bu kimi məsələlər gündəmə gəlir. Ya da ki, bu məsələdə hansısa xarici faktorun rolu var. Məsələnin Avropa Oyunları ərəfəsində gündəmə gəlməsini də təsadüf saymıram. Mən bir variantı da istisna etmirəm ki, bu adamları irəli verənlər ola bilsin hakimiyyət daxilində Elmar Məmmədyarovun sıradan çıxarılmasında maraqlı olan qüvvələrdir.
Məmmədyarov və bir neçə nazirlər var ki, bunlar nisbətən Qərbə, Avropaya loyal sayılan şəxslərdir. Mən istisna etmirəm ki, hakimiyyətin rusiyameylli hissəsi artıq bu vasitə ilə həmin nazirləri hədəfə alır. Hələlik Elmar Məmmədyarovu, XİN başçısını...
Çünki indi çox ciddi, son dərəcə önəmli mərhələdir, Azərbaycan seçim qarşısındadır. Görünür, Elmar Məmmədyarovu sıradan çıxartmağın ən optimal yolunu tapıblar. Belə rəy yaratmaq istəyirlər ki, onun təyin etdiyi diplomatlar, göndərdiyi səfirlər etibarsızdırlar. Bu faktları ölkə başçısına təqdim etməklə faktiki olaraq Məmmədyarovun müqəddəratını həll etmək istəyirlər. Hakimiyyətdə hansısa xarici qüvvənin təsirinin - yüksək ehtimalla Rusiyanın - olması mümkündür”.
İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin (Azərbaycan tərəfdən) hazırkı rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil etmiş Arif Məmmədov “diplomatik xəyanət”lə bağlı ünvanına səslənən ittihamlara cavab verib. Səfirin cavabı onun facebook səhifəsində yayılıb. Arif Məmmədov yazır: “Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm”.
Ardınca bildirib: “Mən Azərbaycanın səfiri kimi, Avropa Şurasının nümayəndə heyəti ilə birlikdə istintaq təcridxanasında Eynulla Fətullayevlə görüşmüşdüm. Onun gözləri çox kədərli idi və sırf insani baxımdan onun halına acıdım. Mən ondan incimirəm. Qoy onun əməlinə Allah özü qiymət versin. O, sadəcə, çirkin sifarişin icraçısıdır. Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm. Ümid edirəm ki, nə vaxtsa öz səhvlərini başa düşəcəklər və onları da bağışlaya biləcəm. Mənəvi dəstəyə görə hamıya çox təşəkkür edirəm. Bütün yazılanlardan sonra özünüz nəticə çıxarın ki, kim xəyanətkardır, kim vətənpərvərdir".
“Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədov sosial şəbəkədə Azərbaycan dövlətini və xalqını aşağılayan fikirlərinə görə cəzalandırılmalı, hətta həbs olunmalıdır”.

Bu fikirləri azvison.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib. Partiya sədri hesab edir ki, diplomat özünün peşə fəaliyyəti ilə məşğul olmalıdır: “Çünki hər bir diplomatın üzərinə götürdüyü öhdəliklər var və bu çərçivədə öz işini qurmalıdır. Təəssüf edirəm ki, həmin adam diplomatik qaydalarla bağlı normaları pozub və diplomata nüfuz gətirməyən addımlar atıb. Onun fəaliyyəti ciddi şəkildə araşdırılmalı və hərəkətinə görə cəzasız qalmamalıdır”.

Diplomatların yanan bina ilə bağlı sosial şəbəkələrdə yazdıqları ilə bağlı mövqeyini açıqlayan deputat Fazil Mustafa deyib ki, diplomatların Azərbaycanda baş verən hər hansı hadisəyə qarışmasını düzgün hesab etmir: “Elə məsələlər var ki, onlara ancaq ictimai təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, sadə vətəndaşlar və siyasilər mövqe bildirə bilər. Baş verən hadisəni ya təqdir, ya da tənqid edə bilərlər. Diplomatlar siyasətçi olmadıqlarından onların bu cür məsələlərə mövqe sərgiləməsi bir qədər peşəkar etikadan kənardır və ona uyğun olmayan addımdır. İstəməzdim belə olsun.” F.Mustafa deyib ki, əgər diplomat proseslərə qarışırsa, o zaman diplomatik fəaliyyətini dayandırıb normal siyasi fəaliyyətlə məşğul olmalıdır: “Azərbaycan demokratik ölkədir və hər hansı diplomatın bir diplomat kimi fəaliyyətinə son verib siyasətçi kimi fəaliyyətə başlamasına normal yanaşmaq lazımdır”.
Cia.az
