Tehran öz mavi yanacağının təcavüzkar ölkədən yan keçməklə Avropaya çatdırılması variantına meyllənir; İran TANAP və TAP-a qoşula bilər; Ramazani: “Ən yaxşı marşrut Türkiyədir...”
“İran Türk axını”na öz qazını Avropaya çatdıracaq marşrutlardan biri kimi baxır. Ancaq bu, yalnız nüvə proqramı ilə bağlı sanksiyalar aradan qalxdıqdan sonra mümkündür". Bu sözləri İran Milli Qaz Şirkətinin (İMQŞ) beynəlxalq əlaqələr üzrə direktoru Əzizulla Ramazini Parisdə dünya qaz konqresi çərçivəsində çıxışı zamanı deyib.
“Bu mümkündür. Hələ ki heç bir danışıq aparılmayıb. Danışıqlara başlamaq yaxşı ideya olardı, çünki o məntəqə ki, ora Rusiya qaz kəmərinin, Türkiyə qaz kəmərinin çatması Avropaya sərf edir, İran qaz kəməri üçün də eyni rolu oynaya bilər” - bildirib Ramazini. Onun sözlərinə görə, bu zaman İran qaz kəmərinin Türkiyə hissəsindən və hətta Qara dənizdəki hissədən istifadə oluna bilər: “Məsələn, İran kəməri türk qaz kəmərinə qoşulmaq üçün Türkiyədən keçir. Başqa marşrutlar da nəzərdən keçirilə bilər. Ancaq ən yaxşı marşrut yəqin ki, Türkiyədir”.
“Dəyərləndirmələr artıq başlayıb, çünki təhqiqat sanksiyalardan asılı olmayaraq istənilən vaxt aparıla bilər. Ancaq bu, müştəridən asılıdır. Müştəri isə - Avropadır. Avropa sanksiyaların götürülməsini gözləyir. Sonra onlar danışıqlara başlayacaqlar. Yalnız bundan sonra onlar Tehranla saziş imzalaya bilərlər” - əlavə edib İran İMQŞ rəsmisi.
* * * * *
Bu açıqlamadan belə qənaət hasil olur ki, İran Avropanın Rusiya qazından asılılığına son qoyulmasında mühüm rol oynayacaq yeni və yan marşrutlara qoşulmaq niyyətində ciddidir və bu marşrut da əsasən Türkiyə olacaq. Yəni işğalçı Ermənistanın bu dəfə də böyük bir regional energetik layihədən kənarda qalacağı ehtimalı ciddi görünür.
Məntiqlidir. Ona görə ki, Tehran Avropaya doğru uzanacaq qaz kəmərinin Ermənistan variantının istər-istəməz siyasi məna daşıyacağının və həm Türkiyə, həm də Azərbaycanla İran arasında avtomatik yeni və izafi problemlər yaradacağının, həmçinin lüzumsuz əngəllər ortaya çıxaracağının fərqindədir. Sanksiyalardan təzəcə qurtulan bir ölkəyə isə belə maneələr gərək deyil.
Əksinə, rəsmi Tehran çox marağındadır ki, qısa zamanda regional və qlobal qaz təsərrüfatı sisteminə qayıdıb orada öz layiqli yerini tutsun, kasad büdcəsini zənginləşdirsin, ölkə daxilində on ildən çoxdur dondurulmuş böyük sosial layihələrə davam eləsin. Kəsəsi, Türkiyə marşrutuna üstünlüyü İranın dövlət maraqları diktə edir.
Bu xüsusda İran qaz kəmərinin ən təhlükəsiz, ən etibarlı, ən əlverişli (rentabelli) marşrutu kimi Türkiyəni seçəcəyi ehtimalı həqiqətən böyükdür. Tehranın məsələdə daha çox Avropanın, Qərbin maraqlarını ciddiyə alacağı da şəksizdir. Çünki Ramazaninin də vurğuladığı kimi, qazın alıcısı, müştəri - Avropadır.
* * * * *
Avropa isə TANAP və TAP marşrutlarını müdafiə edir. Bakıda davam edən növbəti Beynəlxalq Neft-Qaz Sərgisindəki (“Caspian Oil and Gas 2015") çıxışlar bunu bir daha təsdiqləyir. Məsələn, Azərbaycanın energetika naziri Natiq Əliyev dünən sərgi çərçivəsində təşkil olunan konfransda çıxışı zamanı bildirib ki, ”proseslər bu cür davam etsə, İran TANAP-a qoşula bilər" (APA).
Nazir deyib: “Gələcəkdə İran Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) qoşula bilər. İran öz qazını TANAP-la yanaşı, başqa yollarla da Avropaya ixrac edə bilər. Biz dəfələrlə şahidi olmuşuq ki, ABŞ Azərbaycanın enerji layihələrini dəstəklədiyini elan edib. Avropa Birliyi də Azərbaycanın və digər Xəzəryanı ölkələrin neft-qaz layihələrini dəstəkləyir. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç tez-tez bizim tədbirlərdə iştirak edir, daim bizə öz dəstəyini göstərir. Bununla yanaşı, o, Türkmənistan qazının Avropaya nəqli üçün də öz dəstəyini əsirgəmir”.

Azərbaycanın neft naziri onu da qeyd edib ki, böyük enerji resurslarına malik İraq da ölkəmizlə əməkdaşlıqda maraqlıdır və o, Avropanın enerji təhlükəsizliyinin artırılmasında böyük rol oynaya bilər: “Həmçinin, İsrail və Kipr öz qazını Azərbaycanın infrastrukturundan istifadə etməklə Avropaya ixrac edə bilər. Biz İsrail və Kiprlə danışıqlar aparmışıq. Onlar da gələcəkdə Türkiyə ərazisindən keçən Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyirlər”.
Ancaq Tehran-İrəvan əlaqələrinin bəlli səviyyəsi nəzərə alınarsa, bizim üçün də, qardaş Türkiyə üçün ən önəmlisi təbii ki, məhz İranın TANAP və TAP-a qoşulmasıdır. O halda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə yaşayan bir ölkənin - işğalçı Ermənistanın tranzit qaz gəlirləri hesabına bir az da dirçələrək daha aqressiv mövqe tutması xeyli dərəcədə əngəllənərdi.
Yeri gəlmişkən, Ermənistan İran qaz kəməri üçün tranzit ölkə olmağa çox ümidlidir və niyyətini gizlətmir də. Bu mənada qaz layihələrində iki açar ölkə kimi Türkiyə və Azərbaycanın məsələdə ortaq və prinsipial mövqe tutması olduqca vacibdir. Ermənistan yalnız bir şərtlə belə iri qaz layihəsinə cəlb edilə bilər - Azərbaycana qarşı işğala son qoysun və qardaş ölkəyə iddialarından, o sırada saxta genosid tələblərindən əl çəksin.
Zatən, bu ədalətli şərti Bakı və Ankara illərdir İrəvana çatdırır. Bəlkə bu dəfə eşidildi və heç olmasa, sonuncu böyük regional layihədən kənarda qalmamaq üçün ermənilər özlərində iradə, təpər tapdılar. Hələ vaxta var...

* * * * *
Xatırladaq ki, TANAP çərçivəsində Türkiyəyə qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. İlkin olaraq ildə 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP 10-11 milyard dəyərində qiymətləndirilir. Layihədə Azərbaycan (“Cənub Qaz Dəhlizi” şirkəti) 58, BOTAŞ 30, bp isə 12 faiz paya malikdir.
Cia.az
