|
Ssenari müsabiqəsi elan edildi

“Mozalan” kino jurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edir.

“Qafqazinfo” xəbər verir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, müsabiqə kinojurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxartmaq və onlarla əməkdaşlıq məqsədi daşıyır.

Müsabiqədə peşəkar dramaturqlarla yanaşı, bizi əhatə edən həyatda gülməli əhvalatları görüb, onları gülməli ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilərlər. Müsabiqə noyabrın 15-dən dekabrın 31-dək keçiriləcək və ən yaxşı ssenarilər ekranlaşdırılacaq. Qaliblər mükafatlandırılacaqlar.

Ssenarilərin həcmi 2 çap səhifəsindən artıq olmamalıdır. İştirak etmək üçün yaş və dil məhdudiyyəti qoyulmur. Müsabiqəyə təqdim olunan ssenarilərdə müəllifin adı, soyadı və əlaqə telefonları qeyd edilməlidir. İştirakçılar müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.

Müsabiqəyə təqdim olunan işlər [email protected] elektron ünvanına və ya “Mozalan” studiyasının ünvanına göndərilməlidir. Qaliblərin adları 2015-ci il yanvarın 15-dək www.azerbaijanfilm.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.