Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Məmmədyarov A.Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycan la ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu qeyd edib.

A.Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycanla ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

E.Məmmədyarov A.Şahtaxtinskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayanması barədə məlumat aldığını yazmışdı. Onun sözlərinə görə, diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər: “ABŞ-ın ATƏT-dəki səfiri D. Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən? Belə çıxır ki, A. Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.

ATƏT-in mətbuat xidməti məsələ ilə bağlı  açıqlama vermişdi ki, səfir Aleksis Şahtaxtinski mayın 31-də müqaviləsi bitdiyi üçün vəzifədən gedib.