|
FİFA seçkilərində dünya ölkələri üz-üzə gəldi

Azərbaycan Rusiyanın namizədinə səs verdi; Fuad Musayev: “ABŞ min yola əl atdı ki...”

Son bir həftədə dünyanın əsas gündəmini zəbt edən məsələlərdən biri Beynəlxalq Futbol Assosiasiyasının (FİFA) daxilində baş verən hadisələr oldu. Əvvəlcə mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək rütbəli şəxsləri həbs edildi. Onlar 10 milyard dollardan çox vəsaiti mənimsəməkdə şübhəli bilindilər. 

Maraqlıdır ki, korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı da var. Bu həbslərin həyata keçirilməsində əsas fəallıq göstərən ölkə ABŞ oldu. ABŞ məhkəməsi FİFA-nın 9 məmuruna və təşkilatın fəaliyyəti ilə bağlı 5 kompaniya rəhbərinə qarşı korrupsiya və pulların yuyulması maddələri üzrə ittiham irəli sürdü.

Heç şübhəsiz ki, FİFA-nın gündəmə gəlməsinə əsas səbəb bu həbslər olmadı. Qurum daxilində keçirilən korrupsiya əməliyyatından iki gün sonra, yəni mayın 29-da FİFA prezidentliyinə keçiriləcək seçkilər əsas gündəmi zəbt edən hadisə oldu. Həbsləri Rusiya prezidenti Vladimir Putin Yozef Blatterə qarşı təxribat kimi qələmə verdi. UEFA prezidenti Mişel Platini seçkilərdən bir gün öncə açıq şəkildə FİFA rəhbərinin əleyhinə çıxaraq, onun qalib gələcəyi təqdirdə İcraiyyə Komitəsindəki yerlərindən imtina edəcəklərini söylədi. 
 
FİFA və UEFA rəhbərlərinin fonunda ABŞ və Rusiya qarşıdurması yaşandı. Belə ki, ABŞ prezidentlik uğrunda mübarizə aparan iki namizəddən İordaniya şahzadəsi Əli bin əl-Hüseyni, Rusiya isə hazırkı FİFA rəhbəri Yozef Blatteri dəstəklədi. Sonda qalib tərəf şimal qonşumuz oldu. ABŞ-ın təbliğatı nəticəsində Avropa ölkələrinin əksəriyyəti Y.Blatterə səs verməsə də, sonda gülən tərəf yenə o oldu və 5-ci dəfə FİFA prezidenti seçildi. Amerika və ingilislər DÇ-2018-in Rusiyaya verilməsini də həzm edə bilmədilər. Göründüyü kimi, futbolun siyasət olmadığını düşünənlər yanıldılar...
 
FİFA-da yaşananlar ölkəmizdən də yan keçmədi. ABŞ və Rusiya arasındakı mübarizədə Azərbaycanın hansı ölkənin tərəfində olduğu əsas müzakirə mövzusu və maraq doğuran hadisə oldu. Məsələ ilə bağlı hələ seçkidən əvvəl AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu hər kəsin çəkinmədən dəstək verəcəyi namizədin adını açıqladığı bir vaxtda, AFFA prezidenti Rövnəq Abdullayevin kimə səs verəcəyini bilmədiyini demişdi. 


Komanda.az-ın AFFA-dakı mənbədən əldə etdiyi məlumata görə, Rövnəq Abdullayev Sürixə getməmişdən əvvəl kimə səs verəcəyini müəyyənləşdirib. Mənbə əminliklə bildirib ki, AFFA prezidenti seçkidə Zepp Blatterə səs verib. Mənbə onu da qeyd etdi ki, Abdullayevin belə seçimində Rusiyanın təsiri olub. Belə ki, məsələylə bağlı AFFA prezidentiylə Rusiyanın idman naziri Vitali Mutko və Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Nikolay Tolstıx arasında telefon danışığı olub. Abdullayev seçkidə Blatterə səs verəcəyiylə bağlı Rusiya tərəfini əmin edib. Avropa ölkələrindən Rusiya, Belarus, Azərbaycan və Ermənistanın Blatterə səs verdiyi bildirilir.


AFFA-nın keçmiş prezidenti Fuad Musayev də ali futbol qurumunda yaşananlarla münasibət bildirib. O, Blatterin seçilməsini alqışlayıb: “Yozef Blatterin yenidən prezident seçilməsini çox yaxşı qarşıladım. FİFA-ya üzv assosiasiyaların seçimini alqışlayıram. ABŞ min yola əl atdı ki, FİFA-nı parçalasın. Dünən gah bomba xəbərini yaydılar, gah qızlar gəlib orda səs-küy saldılar. ABŞ prokurorluğundan gəlib FİFA-da yoxlanış edirlər. Belə şey olarmı ki, başqa ölkədən gəlib kimlərisə tutub aparsınlar? Platini əclafdır. Blatterin prezindent olmasını istəmirdi, amma seçildikdən sonra gəlib onun əlini sıxır. Platini əsl sifətini göstərdi. Halbuki Blatter prezident gəldikdən sonra Platinini UEFA-ya gətirdi. Onun köməyi ilə gəldi vəzifəyə”.
 
 
Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona isə Blatteri sərt tənqid eləmişdi: “Bu qoca adamlar futbola və onun şəffaflığına nifrət edirlər. Əvvəllər bu barədə danışanda məni ağılsız adlandırırdılar. Onlar futbolda nəsə əldə edənlərə heç bir hörmət göstərmirlər. İndiki təşkilatda heç bir futbol, heç bir şəffaflıq yoxdur. Bu yalanı dayandırmaq və Blatteri kənarlaşdırmaq lazımdır”.
 
Göründüyü kimi, dünya futbolçuları və futbol mütəxəssislərinin FİFA seçkilərində coğrafi baxımından yaxın olduqları ölkəni, yəni ABŞ və ya Rusiyanı dəstəkləməsi bu idman növünün çərçivədən çıxdığını və artıq siyasətə çevrildiyini sübut etdi. Azərbaycanın bu seçkilərdə hansı ölkənin tərəfində olduğu, o ölkənin namizədinə səs verdiyi hər kəsə məlumdur...
Cia.az