Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizovu C.Verdinin “Traviata” operasının tamaşasında Jermon rolunda çıxış etmək üçün dəvət edib.
Axşam.az xəbər verir ki, noyabrın 30-da baş tutacaq tamaşada Elçin Əzizozvla yanaşı Azərbaycan Opera və Balet Teatrının gənc və istedadlı solistləri İlahə Əfəndiyeva (Violetta) və Fərid Əliyev (Alfred), habelə xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artist Səbinə Əsədova (Flora), Anton Ferştandt (Doktor) çıxış edəcəklər.
Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, Elçin Əzizov Böyük teatrda çalışan ilk azərbaycanlı solistdir. O, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Dünyanın bir sıra ölkələrində - Rusiya, Avstriya, İtaliya. Fransa, Mərakeş, ABŞ və s. uğurlu qastrol səfərlərində olub.
Rusiya musiqişünasları və teatr tənqidçiləri Elçin Əzizovun Böyük Teatrın səhnəsindəki çıxışlarına hər zaman yüksək qiymət verir, parlaq istedada, yüksək vokal imkanlarını, artistizm və xarizmini qeyd edir, onun Böyük teatrda keçirilən tamaşa və konsertlərin bəzəyi olduğunu qeyd edirlər.
