|
Rusiya Antiinhisar Xidmətindən mobil operatorlara sərt tələb

Rusiya Federal Antiinhisar Xidməti mobil rabitə şirkətlərindən MDB ölkələri və Türkiyədəki rouminq tərəfdaşları ilə operatorlararası ödənişlərin azaldılması üçün razılıq əldə etmələrini istəyib.

Bununla xidmət bu ilin əvvəlində hazırlanan və rouminq qiymətlərinin istifadəçilər üçün “komfort” səviyyəyə qədər endirilməsinə yönələn “Ədalətli rouminq prinsipləri” adlı sənədə əməl etmiş olacaq.  

“Ədalətli rouminq prinsipləri”ni vahid iqtisadi məkana daxil ola ölkələr (Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Ermənistan), eləcə də digər MDB ölkələri və Türkiyə nümayəndələrindən ibarət işi qrup reallaşdırmağa çalışır. Bu prinsiplər həyata keçirilərsə, Rusiyadakı operatorlar rouminq vasitəsilə səsli danışığın qiymətini 3-5 dəfə, SMS-lərin qiymətini isə 10 dəfə aşağı salmalıdır.

Mobil operatorlara öz tərəfdaşları ilə razılığa gəlmək üçün sentyabr ayının sonlarına qədər vaxt verilib. Bu müddət bitdikdən sonra Antiinhisar Xidməti tədbir görmək hüququnu özündə saxlayır.

 

Maraqlıdır ki, Rusiya Antiinhisar Xidməti indiyə qədər mobil operatorların tarif siyasətinə qarışmayıb və xəbərdarlıqlar, cərimələrlə kifayətlənib.

Cia.az